Yeni Azərbaycan Partiyasının
şəhər və
rayon təşkilatları sədrlərinin
ümumrespublika müşavirəsi
keçirilib
Avqustun 29-da Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov müşavirədə çıxış edərək qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı fikirlərini bildirib. YAP Mərkəzi Seçki Qərargahının rayon və şəhər şöbələrinin iştirakı ilə zona müşavirələrinin artıq başa çatdığını deyən Əli Əhmədov deyib ki, bu tədbirlərdə partiyanın yerli strukturlarının nümayəndələrinə müvafiq tövsiyə və tapşırıqlar verilib. Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək seçkilərə tam hazırdır. Bunu görülən işlər də təsdiq edir.
“Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq Prezident İlham Əliyev parlament seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək. Bununla da, parlament seçkiləri kampaniyasına rəsmi start verilib. Seçki kampaniyası 60 gün ərzində davam edəcək”, - deyə YAP sədrinin müavini partiyanın namizədlərinin gələn həftə elan olunacağını diqqətə çatdırıb.
YAP sədrinin müavini qeyd edib ki, son parlament seçkilərindən ötən beş il ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanıb. Əli Əhmədov bu illər ərzində ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğunu, əhalinin rifah halının yüksəldiyini, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.
“Dövlətimizin başçısı, partiyamızın Sədri İlham Əliyevin şəxsi nüfuzu, Prezidentin siyasətinin xalq tərəfindən dəstəklənməsi, eyni zamanda, YAP-ın cəmiyyətdə böyük nüfuzu, partiyamızın üzvlərinin fədakarlığı, ötən seçkilərdə qazanılmış təcrübə qarşıdan gələn parlament seçkilərində də partiyamızın uğurlu seçki kampaniyası aparacağını deməyə əsas verir”, - deyən Əli Əhmədov onu da vurğulayıb ki, namizədlərimizin də əhali arasında nüfuzu hər zaman seçki kampaniyalarında böyük nailiyyətlərin qazanılmasını şərtləndirib. YAP sədrinin müavini - icra katibi bildirib ki, artıq seçki kampaniyasına rəsmi start verildiyi üçün seçki qanunvericiliyinə uyğun olaraq tədbirlər davam etdiriləcək. Namizədlərin elan olunması, onların qeydiyyatdan keçməsi üçün imza toplanılması, müvafiq sənədlərin dairə seçki komissiyalarına təqdim edilməsi və s. tədbirlər seçki kampaniyası dövründə həyata keçiriləcək. Əli Əhmədov vurğulayıb ki, namizədlərin sənədlərinin hazırlanması, onların dairə seçki komissiyalarına təqdim olunması və digər sənədləşmə işləri yerlərdə partiyanın səlahiyyətli nümayəndələri tərəfindən həyata keçiriləcək. O, əmin olduğunu bildirib ki, yerli strukturlar bu seçki kampaniyasında da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
Daha sonra müşavirədə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək seçki kampaniyası ərəfəsində qrafik üzrə görüləcək işləri partiyanın yerli strukturlarının rəhbərlərinin diqqətinə çatdırıb.
YAP icra katibinin müavini Mübariz Qurbanlının da qatıldığı müşavirə işini müzakirələrlə davam etdirib.
Azərbaycan.- 2015.- 30 avqust.- S. 2.