Heydər Əliyev Fondu
tərəfindən Parisdə
“Azərbaycan şəhərciyi”
təşkil olunub
Avqustun 29-da Heydər Əliyev Fondu tərəfindən Parisin məşhur Luvr Muzeyinin qarşısındakı Pale Royal meydanında “Azərbaycan şəhərciyi” təşkil olunub. “Azərbaycan Parisin ürəyində” adlanan şəhərciyin təşkilindən məqsəd xalqımızın tarixini, adət-ənənələrini və mədəniyyətini təşviq etməkdir. Şəhərcik sentyabrın 9-dək fəaliyyət göstərəcək.
Bakının qala divarlarının maketi ilə əhatə olunmuş şəhərcikdəki bölmələrin hər biri parislilərə və xarici turistlərə ölkəmizi daha yaxından tanımağa imkan yaradır. Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərimizin yer aldığı sərgi təşkil edilib. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isə “Emalatxana” bölməsində yaxından izləyirlər. Ölkəmizi təmsil edən ustalar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini izləyicilərə təqdim edirlər.
Heydər Əliyev Fondunun ölkəmizin mədəni həyatının və tarixinin müxtəlif sahələri, turizm imkanları barədə hazırladığı nəşrlər turistlərə Azərbaycanı daha yaxından tanımağa kömək edir.
Milli mətbəximizi nümayiş etdirən köşklərdə qonaqlar Azərbaycan şərablarını, içkiləri, meyvə şirələrini, eləcə də müxtəlif növ şirniyyatları, meyvə qurularını, ləziz xörəkləri dadır və şəhərciklə bağlı xoş təəssüratlarını bölüşürlər.
“Azərbaycan şəhərciyi” ilə maraqla tanış olan xanım ziyarətçilərdən Foşe Sil və Suzan Melili təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək xalqımızın zəngin mədəniyyətinə və adət-ənənələrinə heyran qaldıqlarını bildirdilər. Onlar ölkəmizi daha yaxından tanımaq üçün Azərbaycana səfər etmək, paytaxt Bakının gözəllikləri haqqında eşitdiklərini öz gözləri ilə görmək arzusunda olduqlarını söylədilər.
Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və Azərbaycanda yaşayan fransızların əsərlərindən ibarət fotosərgi təşkil olunub. “Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi” adlı bu sərgi xalqlarımızın və ölkələrimizin həyatını tərənnüm edir.
Pale Royal meydanında konsert proqramları təşkil etmək üçün səhnə də quraşdırılıb. Konsertlərdə Azərbaycan musiqisi və rəqsləri təqdim olunur.
“Azərbaycan şəhərciyi” ilə bərabər, Parisin 1–ci rayonunun Meriyasının inzibati binasında məşhur fotoqraf Reza Deqatinin “Azərbaycan - tolerantlıq diyarı” adlı fotosərgisi də açılıb. Sentyabrın 3-də hər iki tədbirin rəsmi açılış mərasimi olacaq.
Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” Parisdə ilk dəfə 2014-cü il sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilmişdi. Bu layihə izləyicilərdə böyük maraq doğurmuşdu. Bu marağı nəzərə alan Heydər Əliyev Fondu Parisin daha bir məşhur məkanında - Pale Royal meydanında ölkəmizin tarixini, milli mənəvi dəyərlərini, turizm imkanlarını tərənnüm edən növbəti belə bir şəhərciyi təşkil edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2015.- 30 avqust.- S. 5.