Azərbaycan ISESCO-nun fəal üzvlərindən biridir

 

Son illər dünya miqyaslı beynəlxalq konfranslara, simpoziumlara, elmi, iqtisadi və humanitar tədbirlərə evsahibliyi edən Bakıda noyabrın 26-da İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı olmuşdur.

Bu təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər üç ildən bir toplanır. Konfrans zamanı təşkilatın fəaliyyət sahələrinə aid olan məsələlərlə bağlı əlaqələndirmə və qiymətləndirmə həyata keçirilir, qurumun növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir.

Dünya miqyasında çox önəmli beynəlxalq təşkilata çevrilən ISESCO-nun əsas vəzifəsi islam aləmində elmin, təhsilin inkişafına, mədəni irsinin qorunmasına qayğı göstərməkdir. Sessiyanın gedişindən məlum olduğu kimi, son illər ISESCO bu sahədə çox böyük uğurlara nail olub. Odur ki, bu gün dünya miqyasında beynəlxalq təşkilatlar arasında ISESCO-nun öz yeri, öz nüfuzu var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, həmçinin beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar sessiyanın işində iştirak etmişlər.

ISESCO-nun Baş Konfransının XII sessiyasında Prezident İlham Əliyev çıxış etmişdir. Sessiyanın Bakıda keçirilməsini ölkəmiz üçün əlamətdar hadisə kimi dəyərləndirən cənab İlham Əliyev bildirmişdir ki, “Biz Azərbaycanda daim çalışırıq ki, ISESCO-nun nüfuzu daha da artsın. Azərbaycan ISESCO-nun fəal üzvlərindən biridir. Bizim Bakıda keçirilmiş bir çox tədbirlərdə ISESCO təmsil olunur, cənab əl-Tuveycri Azərbaycana tez-tez səfərlər edir. Bakı şəhəri 2009-cu ildə ISESCO-nun dəstəyi ilə “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdir. 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz Naxçıvan layiq görülüb. Bu, ISESCO tərəfindən Azərbaycana, Azərbaycan mədəniyyətinə və bu gün Azərbaycanın islam aləmində oynadığı rola verilən yüksək qiymətdir.

Onu da qeyd etmək istəyirəm ki, yaxın zamanlarda Bakıda ISESCO-nun regional mərkəzi yaradılacaq. Azərbaycan dövləti bu mərkəzin yaradılması üçün bütün lazımi tədbirləri görür. Əminəm ki, bu mərkəz öz fəaliyyəti ilə həm regionda, həm ümumiyyətlə, islam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsi, islam həmrəyliyinin gücləndirilməsi üçün fəal rol oynayacaqdır. ISESCO Azərbaycanı daim dəstəkləyir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində ISESCO daim Azərbaycanın mövqeyini, yəni, haqq-ədaləti açıq şəkildə dəstəkləyir. Cənab əl-Tuveycrinin çoxsaylı çıxışlarında bu məsələ ilə bağlı birmənalı mövqe nümayiş etdirilir. Buna görə biz ISESCO-ya minnətdarıq, bütün müsəlman aləminə minnətdarıq”.

Ölkə başçısı onu da sessiya iştirakçılarının nəzərinə çatdırmışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, öz həllini tapmır. Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınmış ərazimizin 20 faizi erməni işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər Xocalı soyqırımı törətmişlər. Bu gün 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyır. Ermənistan bütün beynəlxalq hüquq normalarını kobudcasına pozur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır ki, orada erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. İyirmi ildən çoxdur ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası da oxşar qərar və qətnamələr qəbul etmişlər. Yəni, beynəlxalq hüquq tam şəkildə Azərbaycan mövqeyini dəstəkləyir. Eyni zamanda, tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Ona görə həm tarix, həm beynəlxalq hüquq ölkəmizin mövqeyini dəstəkləyir və bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini tapa bilər.

İştirakçılara o da aydın olmuşdur ki, ATƏT işğal edilmiş ərazilərə iki dəfə missiya göndərmişdir. Missiyaların məruzələri göstərir ki, işğal edilmiş torpaqlarda hər şey - bizim şəhərlərimiz, kəndlərimiz, tarixi, dini abidələrimiz dağıdılıb. Ermənilər işğal edilmiş Azərbaycan torpaqlarında 10 məscidi dağıdıblar. Bu kimi vandalizm hərəkətləri ilə islam mədəniyyətinə qarşı terror nümayiş etdirirlər. Problemə bəzi ikili standartlarla yanaşan super dövlətlərdən fərqli olaraq ISESCO bu məsələdə daim Azərbaycanın haqlı işini dəstəkləyir.

Bütün dünyaya məlumdur ki, erməni terror təşkilatları 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-dan çox terror aktı törətmişlər. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olmuşdur. Azərbaycan Prezidenti istər xarici ölkələrə səfərləri zamanı, istərsə də ölkəmizdə rəsmi səfərdə olan dövlət və hökumət nümayəndələrinə dəfələrlə bəyan etmişdir ki, terrorizmin nə milləti, nə də dini var. Əfsuslar olsun ki, son vaxtlar bəzi Qərb dairələri, media nümayəndələri islamı terrorla bağlamaq istəyirlər. Avropanı, bütün müsəlman dünyasını başına götürən ikili standartlar, çirkin əməllər insanları, ölkələri fəlakətə sürükləyir. Azərbaycan xalqı bu əməlləri qətiyyətlə pisləyir. İslam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir. Odur ki, Azərbaycan hökuməti islam dəyərlərini dünyaya təqdim etmək üçün fəal iş aparır. Azərbaycan o ölkələrdəndir ki, dünyanın ən məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal rol oynamış, öz maliyyə töhfəsini vermişdir.

Çıxışında bu məsələyə xüsusi önəm verən Prezident İlham Əliyev demişdir: “Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilmişdir. Biz islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparırıq. Ən yüksək səviyyədə - Prezident səviyyəsində bəyanatlar verilib. İslamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir. Gələcəkdə sivilizasiyalararası münaqişələrə gətirib çıxara bilər. Ona görə həm ölkə daxilində, həm xaricdə biz islam mədəniyyətini təbliğ edirik. Dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın təşkilatçılığı ilə mütəmadi qaydada sərgilər, təqdimatlar, mədəni proqramlar təşkil edilir. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bizim təşəbbüsümüz ilə Bakıda artıq bir neçə dəfə Beynəlxalq Humanitar Forum keçirilmişdir. Üç dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Dünya dinlərinin liderlərinin zirvə görüşü keçirilmişdir. Gələn il BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcəkdir. Qeyd etməliyəm ki, bütün bu tədbirlərdə ISESCO fəal iştirak edir. Budur bizim dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfəmiz”.

Azərbaycanda heç vaxt milli, dini zəmində qarşıdurma olmamışdır və güman ki, bundan sonra da olmayacaqdır. Tolerantlığı ilə dünya dövlətləri arasında ciddi şəkildə fərqlənən Azərbaycanda bu yaxınlarda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Ölkə başçısının sessiya iştirakçılarına xitabən dediyi kimi, dünyada artıq “Bakı prosesi” özünəməxsus rol oynayır. Yəni, biz çalışırıq ki, bütün bu məsələlər tənzimlənsin, dünyada daha da böyük anlaşma olsun, qarşıdurmaya yol verilməsin, insanlar rahat, sülh, əmin-amanlıq şəraitində yaşasınlar. Öz işini uğurla başa çatdıran ISESCO ilə əməkdaşlıq Azərbaycanın haqq işində daha böyük yardımçı olacaqdır. İnanırıq ki, ISESCO-nun Baş Konfransının XII sessiyasında müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni mərhələ olacaq, qəbul edilmiş qərarlar isə islam ölkələri arasında əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfələr verəcək.

 

Azərbaycan. - 2015.- 1 dekabr.- S.1.