Azərbaycanın
birinci xanımının təşəbbüsü
ilə Pakistanın Lahor şəhərindəki
kimsəsizlər evində humanitar tədbir
keçirilib
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban
Əliyevanın təşəbbüsü və dəstəyi
ilə Pakistanın Pəncab əyalətinin Lahor şəhərindəki
“Edhi Homes” kimsəsizlər evində humanitar tədbir
keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ölkənin gömrük və vergi naziri Muctaba Şuca-ur-Rehman, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhməmməd Asif Nur, “Edhi Homes” kimsəsizlər evinin rəhbərliyi, burada məskunlaşan uşaqlar və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Daşqın Şikarov hazırda Azərbaycan ilə Pakistan arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, bu baxımdan Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb. Diplomat Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil sahələrində silsilə humanitar yardımlar proqramının icra olunduğunu qeyd edib. O, Azərbaycanın birinci xanımının xüsusilə kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini bildirib.
Pakistanın gömrük və vergi naziri Muctaba Şuca-ur-Rehman tədbir iştirakçılarına ölkələrimiz arasında əlaqələrin tarixindən, Azərbaycanın Pakistan xalqına xüsusi sevgisindən bəhs edib. O, uşaqlara Azərbaycan ilə bağlı öyrənməyi və ölkəmizi sevməyi tövsiyə edib. M.Ş.Rəhman bu cür tədbirlərin Pakistanın bütün əyalətlərində hər il keçirilməsinə və ən çətin günlərdə ölkəsinin yanında olmasına görə Azərbaycan xalqına, dövlətinə, Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya öz xalqı adından dərin minnətdarlığını bildirib. Nazir Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən belə humanitar və sosial tədbirlərin iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.
Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhməmməd Asif Nur çıxışında Heydər Əliyev Fondu tərəfindən Pakistanın bütün bölgələrində həyata keçirilmiş humanitar tədbirlər haqqında məlumat verib, bu qəbildən olan silsilə tədbirlərin ölkəsi üçün əhəmiyyətini xüsusilə qeyd edib. O, həmçinin Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələrinin təşkil edildiyini, Lakki Marvat bölgəsində, zəlzələdən zərər çəkmiş Bəlucistan əyalətində, Lahor, İslamabad, Ravalpindi və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu heyvanın qurban kəsilərək əhalinin kasıb təbəqələrinə paylandığını vurğulayıb, bütün bunlara görə Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirib.
Sonra səfir Daşqın Şikarov və nazir Muctaba Şuca-ur-Rehman kimsəsiz uşaqlara Heydər Əliyev Fondu adından təhsil ləvazimatları və müxtəlif hədiyyələr paylayıb.
Tədbirin sonunda səfir Daşqın Şikarov və nazir Muctaba Şuca-ur-Rehman media nümayəndələrinə müsahibələr veriblər.
Nazir müsahibəsində 2012-2015-ci illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil sahələrində bir sıra humanitar layihələrin icra edildiyini qeyd edib. O bildirib ki, “Edhi Home” kimsəsizlər evlərində, “Akbar Care” Serebral İflic İnstitutunda, Lakki Marvat Uşaq və Qadın, Peşavar “Kulsum İnternational” klinikalarında “Hepatit B” virusuna qarşı peyvəndlər və müayinələr, habelə açıq ürək əməliyyatları aparılıb, Saif Fonduna maddi yardımlar edilib. Eyni zamanda, Həmzə xeyriyyə fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və minlərlə qan köçürmə paketi hədiyyə edilib. Xayber göz klinikasının yeni blokunun və gözləmə otaqlarının inşasına, İslamabadda Talassemiya Mərkəzinin tikintisinə maliyyə və texniki yardimlar olunub. Nazir 2014-cü ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində “Heydər Əliyev su təchizatı”, 2015-ci ildə isə Qucarxanda “20 Yanvar şəhidləri su təchizatı” layihələrinin icra olunduğunu xatırladıb, bunun nəticəsində ərazidə yaşayan on minlərlə sakinin içməli su ilə təmin olunduğunu bildirib. O, Pakistanda həyata keçirilən humanitar layihələrə görə Azərbaycanın birinci xanımının 2012-ci ildə “Humanizm rəmzi - 2012-ci ilin qadını”, 2013-cü ildə “Şəhid Bənazir Bhutto” mükafatları, 2015-ci ildə isə “Hilale-Pakistan” ali ordeni ilə təltif olunduğunu qeyd edib.
KİV nümayəndələrinə
müsahibə verən səfir Daşqın Şikarov
Azərbaycan-Pakistan dostluğu, Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən uğurlu xarici
siyasət, birinci xanım Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun fəaliyyəti
haqqında ətraflı məlumat verib.
Diplomat Heydər Əliyev Fondunun
təşəbbüsü və dəstəyi ilə
keçirilən belə humanitar tədbirlərin
xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə
təkan verdiyini bildirib.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
prosesində Pakistanın daim Azərbaycanın
yanında olduğunu qeyd
edib. D.Şikarov Ermənistan tərəfindən tarixi
Azərbaycan torpaqlarının işğalı, həmçinin
xalqımıza qarşı törədilən
soyqırımı faktına görə Pakistanın Ermənistanı
dövlət kimi tanımamasını
yüksək qiymətləndirərək Pakistan
dövlətinə və xalqına dərin təşəkkürünü
bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lahor
Azərbaycan. - 2015.- 1 dekabr.- S.2.