Yeni Azərbaycan Partiyası
Qadınlar Şurasının yaradılmasının 20 illiyi qeyd olunub
Noyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının yaradılmasının 20 illiyinə həsr olunan “Uğurdan-uğura 20 il” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirinin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Konfransda çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva rəhbərlik etdiyi qurumun ötən 20 il ərzində gördüyü işlər barədə məlumat verib. O deyib ki, 1995-ci ildə Azərbaycan qadınının cəmiyyətdəki nüfuzunu, hörmətini, qadınların yorulmaz fəaliyyətində sadiqlik və etibar ucalığını görən ulu öndər Heydər Əliyev Qadınlar Şurasının yaradılması haqqında qərar verdi. Bu şura cəmiyyətin zərif, eyni zamanda, qüdrətli zümrəsi olan Azərbaycan qadınının cəsarətinin, ləyaqətinin, hünərinin mərkəzinə çevrildi. YAP Qadınlar Şurası yaranan kimi qızğın fəaliyyətə başladı.
Ulu Öndər Azərbaycanda qadın hərəkatına, qadınların ictimai-siyasi həyatda fəal iştirakına böyük önəm verirdi. Bu siyasət həm də xalqımızın gələcəyinə qayğının, uzaqgörənliyin bir nümunəsidir və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, hazırda 700 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyasının sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. Təsadüfi deyil ki, bu gün cəmiyyəti idarə edən səlahiyyətli şəxslər arasında qadınların sayı ildən-ilə artır.
Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədlər naminə sistemli tədbirlərinin genişlənməsində, onların Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin xüsusi rolu var.
Bu gün ölkə təhsilində və iqtisadiyyatında çalışanların təxminən yarısı - dörd milyona qədəri qadınlardır. Elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışan 400-dək qadın son illər Prezident tərəfindən yüksək fəxri adlara, orden və medallara, fərdi təqaüdlərə layiq görülüb. Bütün bunlar Azərbaycanda qadınlara diqqət və qayğının bariz göstəricisidir.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova yeni Azərbaycan quruculuğuna qoşulan, ölkəmizin fəal qadınlarının qurumu olan YAP Qadınlar Şurasının 20 illiyi münasibətilə təbriklərini çatdırıb.
“YAP-ın sıralarına Azərbaycanın seçilmiş insanları cəlb olunub”, - deyən Bahar Muradova vurğulayıb ki, bütövlükdə Azərbaycan haqqında danışanda göz önündə yalnız uğurlar canlanır. Bu uğurların əldə olunması ulu öndər Heydər Əliyevin fəaliyyətinin, fədakarlığının, eyni zamanda, bu ideyaları həyat yolu kimi qəbul edən Yeni azərbaycançıların fəaliyyətinin nəticəsidir.
“Biz həqiqətən də düzgün yolda olduğumuzu zamanında müəyyənləşdirdik. Hazırda buna olan inamımız sabahkı uğurumuzu şərtləndirir”, - deyə o bildirib.
Bahar Muradova deyib: “YAP bizim üçün çox əziz, möhtəşəm və qüdrətli bir siyasi təşkilatdır. Təkcə Azərbaycanın ictimai-siyasi həyatında deyil, bütövlükdə regionda və dünyada aparıcı nüfuza malikdir. Azərbaycanda hər kəs bu partiyanın və onun sıralarında olan insanların ölkəmizə xidmətini nümunə götürür”.
Milli Məclis sədrinin müavini qeyd edib ki, YAP-ın fəaliyyəti illərində partiyanın Qadınlar Şurası mötəbər bir təşkilata çevrilib. Bu gün YAP sıralarında yüz minlərlə qadın cəmləşir. Onlar öz fəaliyyətləri ilə Azərbaycana xidmət edirlər. Ümumiyyətlə, Azərbaycan qadınları fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışır, dövlət quruculuğu prosesinə layiqli töhfələr verirlər. YAP sıralarına çox fəal qadınlar daxildir. YAP Qadınlar Şurasının gördüyü işlərin nəticəsidir ki, bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyaları geniş təbliğ edilir və sağlam düşüncəli qadınlar partiya sıralarına cəlb olunurlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova deyib ki, hər bir cəmiyyətin inkişafında, onun ictimai-siyasi həyatında önəmli rol oynayan təşkilatlar olub və olacaq. Bu gün fəxrlə deyə bilərik ki, 23 ildir Yeni Azərbaycan Partiyası belə bir vəzifəni öz üzərinə götürərək ləyaqətlə yerinə yetirir. Eyni zamanda, 20 illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası bu missiyanın reallaşmasında öz səylərini əsirgəmir. YAP Qadınlar Şurası gördüyü işlərlə cəmiyyətimizin inkişafına, xüsusilə də qadın iştirakçılığının artırılmasına mühüm töhfələr verib.
Qeyd edilib
ki, bir çox
partiyalar üçün
YAP-ın fəaliyyəti, xüsusilə, gender
baxımından nümunə ola bilər.
Təşkilatın tarixinə nəzər salsaq görərik ki,
partiyanın yarandığı gündən
qadınlarımız da kişilərlə
bərabər iştirak edərək hətta
bir sıra siyasi qərarların
verilməsində fəallıq göstəriblər. Əlbəttə, bu da onlara olan
inamdan və etibardan irəli gəlir. Sevindirici haldır ki, YAP-ın Siyasi Şurasında qadınların
sayı və partiyanın digər ali orqanlarında
təmsilçiliyi artıb.
YAP-ın sədr müavini, ölkəmizin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva həyata keçirdiyi layihələrlə Azərbaycan
qadın hərəkatının
tarixində yeni mərhələ açıb.
Hicran Hüseynova diqqətə çatdırıb ki, Azərbaycan qadınının ictimai-siyasi və sosial həyatda rolu çox yüksəkdir. Qadınların ictimai fəallığının qısa müddət ərzində hərəkat kimi formalaşmasında partiyanın, eləcə də YAP Qadınlar Şurasının özünəməxsus rolu var. Onlar partiyaya, Qadınlar Şurasına üzv olmaqla həm də öz potensiallarını reallaşdırırlar. Lakin uğur və nailiyyətlərlə yanaşı, qadınlarımızın bir sıra çətinlikləri də mövcuddur. Bu çətinliklərin aradan qaldırılmasında YAP Qadınlar Şurasının, bütövlükdə partiyanın, o cümlədən onun qadın üzvlərinin rolu böyükdür.
Vurğulanıb ki, bu gün Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin prioritetlərindən birini təşkil edir. Qadınlar üçün uyğun şəraitin yaradılması, ictimai- sosial həyatın müxtəlif sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır. Ölkəmizdə hazırda öz həllini gözləyən problemlərlə bağlı bir sıra fərmanlar və sərəncamlar imzalanır. Xüsusilə, Azərbaycan ailəsinin möhkəmləndirilməsi, milli adət-ənənələrin müdafiəsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülviyyə Həmzəyeva, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən, qadınların gündən-günə artan fəallığından danışıblar. Bildirilib ki, bu gün Azərbaycan qadını həyatımızın bütün sahələrində uğurlar əldə edir, yüksək göstəricilər nümayiş etdirir. Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin inkişafının sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun artırılması üçün hərtərəfli şərait yaradılır, ardıcıl tədbirlər həyata keçirilir. Bu gün YAP-ın əldə etdiyi uğurlarda qadınlarımızın özünəməxsus payı var. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar.
Sonra YAP Qadınlar Şurasının bir qrup fəal üzvünə mükafatlar təqdim olunub.
Daha sonra yubiley tədbirində çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov YAP Qadınlar Şurasının yaranmasının partiya tarixində əlamətdar hadisə olduğunu söyləyib. Bildirib ki, YAP Qadınlar Şurasının yaradılması ilə qadınlarımız ictimai-siyasi həyatda fəal iştirak etmək imkanı qazandılar. Tarix YAP Qadınlar Şurasının yaradılmasının necə uğurlu addım olduğunu sübut edib. Azərbaycan qadınları elmi və ictimai həyatın bütün sahələrində çalışır və ölkəmizin inkişafına böyük töhfələr verirlər.
Diqqətə çatdırılıb ki, Azərbaycanın inkişafında, beynəlxalq aləmdə nüfuzunun artmasında qadınların müstəsna rolu olub. Bu gün cəmiyyətdə fəal mövqe tutan qadınlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini dəstəkləyir, bu siyasi xəttin reallaşmasında fəal iştirak edirlər. Hazırda ölkəmizin inkişafı istiqamətində qəbul olunan dövlət proqramlarının həyata keçirilməsində YAP Qadınlar Şurasının üzvləri də fəallıq nümayiş etdirirlər. Onlar, eyni zamanda, Azərbaycanın demokratik inkişafına mühüm töhfələr verirlər.
Əli Əhmədov vurğulayıb ki, ölkəmizin ictimai-siyasi həyatında YAP Qadınlar Şurasında təmsil olunan qadınların rolu gələcəkdə daha da artacaq.
Tədbir bədii hissə ilə davam edib.
AZƏRTAC
Azərbaycan. - 2015.- 1 dekabr.- S. 3.