Əlil vətəndaşlar cəmiyyətimizin bərabərhüquqlu üzvləridir

 

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən  3 dekabr - Beynəlxalq Əlillər Günü ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq  müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri  Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.

Beynəlxalq Əlillər Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Dövlət Xəzər Dəniz Gəmiçiliyinin dəstəyi ilə  rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki  uşaq evində tərbiyə alan, həmçinin  219 saylı evdə - məktəbdə təhsil alan əlil uşaqlar - ümumilikdə 150-dən çox əlil uşaq üçün Dənizkənarı Milli Parkdakı “Yaxt-klubda musiqili-əyləncəli  tədbir keçirilmişdir. Tədbirdə qeyd olunmuşdur ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 2963 nəfər müxtəlif əlillik dərəcəsinə malik  vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var. Hazırda rayon sosial müdafiə şöbəsində 362 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova və Dövlət Xəzər Gəmiçiliyi rəisinin müavini Cəbrayıl Mahmudlu dövlətimizin və  ölkə başçısı İlham Əliyevin  əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışmış, bildirilmişdir ki, əlil vətəndaşlara, xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, yalnız bu il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli  tədbir təşkil olunmuş, 2 nəfərə əlil arabası verilmiş, 10-dan çox əlilin cərrahiyyə əməliyyatı olunmasına kömək göstərilmiş, uşaqlar üçün təşkil olunan tədbirlərdə əlil uşaqların da iştirakı təmin olunmuşdur. Bu il müxtəlif kateqoriyalardan olan 70 nəfər əlil Naftalan, Lənkəran, Qəbələ rayonları və Mərdəkan qəsəbəsindəki istirahət mərkəzlərinə göndərilmişlər.

Tədbirdə qeyd olunmuşdur ki,  əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda 1941-ci ildən fəaliyyət göstərən  219 saylı evdə - məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 745  uşaq  11 illik təhsil alır.  Onlara 262 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur. Təkcə 2014-2015-ci təhsil ilinin yekununda məktəbin məzunlarının 58 faizi respublikamızın və bir sıra xarici dövlətlərin ali məktəblərinə qəbul olmuşlar.

Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün proseslərdə fəal iştirakı təmin olunmalıdır.

RİH tərəfindən 150 nəfər əlil uşağa hədiyyələr təqdim olunmuş  maddi yardım göstərilmişdir. Tədbirdə iştirak edən incəsənət xadimləri, şən klounlar öz ifaları ilə görüşü uşaqların yaddaşında daha mənalı etmişlər.

 

E.CƏFƏROV,

 

Azərbaycan.- 2015.- 1 dekabr.- S. 6.