Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı” ilə tanışlıq

 

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı” ilə tanış olub.

Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına terminalın texniki göstəriciləri barədə məlumat verdilər. Bildirildi ki, yenidənqurma işləri aparılarkən burada uzunluğu 20 metr olan 2 keçid körpüsü, minik və enişlərin təmin olunması üçün 2 teleskopik trap quraşdırılıb. Ümumiyyətlə sərnişinlərin rahatlığı üçün terminalda bütün zəruri tədbirlər görülüb. Hərəkət məhdudiyyəti olan sərnişinlər üçün 2 lift avadanlığı quraşdırılıb. Uzunluğu 41 metr olan baqaj konveyerieskalatorlar istifadəyə verilib. Bütün bu yeniliklər hava limanının sərnişin dövriyyəsini 2 dəfədən çox artıraraq saatda 150-200 nəfərdən 400-450 nəfərə çatdırılmasına imkan verəcək.

Qeyd edək ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Bakı ilə yanaşı, İstanbulMoskva şəhərlərinə də uçuşlar həyata keçirilir. İlin sonunadək Gəncə şəhərinə də uçuşların bərpa edilməsi nəzərdə tutulur.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada şəraitində yaşayan muxtar respublika üçün həyati vacibliyi nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən Naxçıvan Beynəlxalq Hava Limanının modernləşdirilməsi üçün görülən tədbirlər çoxşaxəliliyi ilə seçilir. Ötən bir neçə il ərzində hava limanında yeni inzibati binanın istifadəyə verilməsi, təhlükəsizliyi gücləndirmək məqsədilə müxtəlif təyinatlı yeni maşın-mexanizmlərin alınması, sərnişin daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək - bütövlükdə uçuşların təhlükəsizliyini təmin etmək və aeroportun fəaliyyətini dünya standartlarına uyğunlaşdırmaq istiqamətində çox mühüm addımlar atılıb.

Dövlətimizin başçısı hava limanının imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 2 dekabr.- S. 1.