Elmar Məmmədyarov: Azərbaycan Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına mühüm töhfə vermək əzmindədir

 

Bu gün Əfqanıstanda problemlər qalmaqdadır və biz əfqan dostlarımızla daha çox işlər görməliyik. Azərbaycan bu məqsədlə öz səylərini davam etdirmək və qoşun, multimodal tranzit, təlim və maliyyə yardımı təminatı ilə Qətiyyətli Dəstək Missiyasına (QDM) əhəmiyyətli dərəcədə töhfə vermək əzmindədir.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə nazirlər toplantısındakı çıxışında söyləyib.

Nazir Azərbaycanın QDM-ə eyni sayda heyətdən ibarət qoşunla verdiyi töhfənin 2016-cı il ərzində də davam etdiriləcəyini deyib. O əlavə edib ki, Azərbaycan Əfqanıstan Milli Ordusu Etimad Fonduna artıq 1 milyon avro ianə şəklində yardım edib və 2017-ci ilin sonuna qədər Əfqanıstan Milli Ordusu Etimad Fonduna 2 milyon avro töhfə verəcək. İlk tranş artıq NATO/Əfqanıstan Milli Ordusu Etimad Fonduna köçürülüb. Nazir ölkəmizin QDM-in tamamlanmasından sonra NATO-nun gücləndirilmiş Davamlı Tərəfdaşlıq Missiyasına qoşulmaq üzrə prinsipial razılığını diqqətə çatdırıb.

Xarici siyasət idarəsinin rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanın Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarında iştirakdan genişdir. O deyib: “Biz təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə əməli töhfələrimizi artırmaqla Əfqanıstanı özü-özünü təmin etmək məqsədilə tutduğu islahatlar yolunda dəstəkləyirik. Azərbaycan Əfqanıstanı Avropa ilə birləşdirəcək və bununla Əfqanıstanın davamlı gələcəyi üçün imkanlar açacaq Yeni İpək Yolunun mühüm hissəsidir”.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 2 dekabr.- S. 4.