Milli Məclisin komitələrinin
üzvləri təsdiqləndi
Dekabrın 1-də beşinci çağırış Milli Məclisin növbəti iclası keçirildi.
Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə keçirildiyini, bütün beynəlxalq təşkilatların seçkiləri azad və ədalətli seçkilər kimi qiymətləndirdiyini dedi. Onun sözlərinə görə, demokratik şəraitdə baş tutan açıq, şəffaf seçkilər nəticəsində ölkəmizin V çağırış Milli Məclisi formalaşıb. Avropa Şurası Parlament Assambleyası daimi komitəsinin bu yaxınlarda Sofiyada keçirilmiş toplantısında da Azərbaycanda baş tutan parlament seçkiləri azad və müstəqil seçkilər kimi qiymətləndirilib.
Oqtay Əsədov Milli Məclis rəhbərliyi, eyni zamanda, deputatlar adından Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərliyinə və onun işçilərinə yüksək səviyyədə keçirilən seçkilərə görə dərin minnətdarlığını bildirdi.
Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova söz verildi. O, Milli Məclisə seçkilərdə qələbə qazanmaları münasibətilə deputatları təbrik etdi. Bildirdi ki, Milli Məclisin MSK-ya verdiyi yüksək qiymət onlar üçün çox əhəmiyyətlidir. MSK sədri vurğuladı ki, seçki komissiyaları bundan sonra da ölkədə keçiriləcək seçkilərin Seçki Məcəlləsinin və digər seçki aktlarının tələblərinə uyğun olaraq keçirilməsi üçün əllərindən gələni edəcəklər: “Ümumiyyətlə, seçkilərə dünyada olan tələbat ondan ibarətdir ki, demokratik seçkilər cəmiyyətin ümumi durumunun göstəricisidir. Birinci növbədə, seçkilər şəffaf olmalıdır. Heç kim Azərbaycanda seçkilərin qeyri-şəffaf keçirildiyini deyə bilməz. Bu seçkilərdə yerli müşahidəçilərin sayı 70 mindən artıq idi. KİV isə seçkiləri müşahidə etmək üçün müstəsna hüquqa malikdir. İndi Azərbaycanda seçki məntəqələrində veb-kameraların quraşdırılması praktikası var. Bu kameralar ölkə coğrafiyasını əhatə edir. Artıq Azərbaycanda keçirilən seçkiləri dünyanın hər yerində canlı olaraq izləmək mümkündür. Bu, ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən bir tədbirdir”.
M.Pənahov qeyd etdi ki, seçkilərin ədalətli keçirilməsi üçün bir sıra tələblər mövcuddur. İlk növbədə, ölkədə ictimai-siyasi sabitlik olmalıdır. Bu baxımdan on illərdir ki, Azərbaycanda heç bir problem yoxdur. Qanunvericilik aktları, Seçki Məcəlləsi və digər hüquqi sənədlər avropalı ekspertlər tərəfindən baxılıb, bir çoxları isə elə onların iştirakı ilə hazırlanıb. Bu məsələdə də hansısa ciddi problem yoxdur.
MSK sədri çıxışını bitirdikdən sonra beşinci çağırış Milli Məclisin deputatlarına xidməti vəsiqələrini təqdim etdi.
Sonra iclasın gündəliyində olan “Milli Məclisin İntizam komissiyasının təşkil edilməsi haqqında” və “Milli Məclisin Hesablayıcı komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarları səsə qoyularaq təsdiq olundu.
Ardınca Milli Məclisin komitələrinin sədr müavinləri və üzvləri seçildi.
Gündəlikdə olan sonuncu məsələ - “Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” qərar da səsə qoyularaq qəbul edildi.
Sonda Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bununla da parlamentin təşkilati məsələləri sona çatdı. Qarşıda isə çox gərgin qanunvericilik işləri dayanır.
Elgün MƏNSİMOV,
Azərbaycan. - 2015.- 2 dekabr.- S. 5.