Brüsseldə
keçirilən beynəlxalq simpoziumda Azərbaycanın
tolerantlıq modelindən bəhs edilib
Noyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində “Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi” mövzusunda beynəlxalq simpozium keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd Avropa məkanında uzun əsrlik dini və milli qarşılıqlı hörmətə əsaslanan Azərbaycan tolerantlıq modelini təbliğ etməkdir.
Simpoziumda Azərbaycandan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Milli Məclisin deputatı Sahibə Qafarova, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodiy Əfəndiyev iştirak ediblər.
Tədbirdə Avropa Şurasının Brüssel ofisinin rəhbəri səfir Torbyorn Froynes konfransın aktuallığından danışarkən qeyd edib ki, qəbul edilən beynəlxalq konvensiya və hüquqi normaların işləmə mexanizmlərində ciddi problemlər mövcuddur. Məhz buna görə də hazırda Avropa məkanı ciddi sınaqlarla üz-üzədir. Belə müzakirələr Avropanın bu sınaqlardan uğurla çıxması və yeni modellərin axtarışı üçün xüsusi rol oynayır.
Simpoziumda çıxış edən komitə sədrinin müavini Səyyad Salahlı Azərbaycanda formalaşmış və mövcud olmuş tolerantlıq ənənələrindən, müxtəlif dinlərin və millətlərin ölkəmizdə dinc yanaşı yaşamasından, Azərbaycanda dini, milli ayrı-seçkiliyə, antisemitizm, ksenofobiya hallarına heç vaxt rast gəlinmədiyindən, həmçinin dövlət-din münasibətlərindən, Azərbaycan dövlətinin mövcud tolerantlıq ənənələrinin qorunub saxlanılması və daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi siyasətdən danışıb.
Milli Məclisin deputatı Sahibə Qafarova isə Azərbaycanda tolerantlığın möhkəmlənməsi və radikal meyillərin qarşısının alınması istiqamətində görülən tədbirlərdən və bu istiqamətdəki fəaliyyətdən söz açıb.
Simpoziumun sonunda Azərbaycanda tolerantlığı əks etdirən kitablar səfir Torbyorn Froynesə və digər iştirakçılara təqdim olunub.
Tədbir işini panellərlə davam etdirib. Birinci paneldə
Avropanın müxtəlif
ölkələrindən gəlmiş
ekspertlər, qeyri-hökumət
təşkilatlarının nümayəndələri və
gənc fəallar müasir Avropanın üzləşdiyi islamofobiya,
milli, dini, irqi ayrı-seçkilik məsələlərini və
bu problemlərdən çıxış yollarını
müzakirə ediblər.
İkinci panel isə Avropanın bəzi ölkələri
ilə Azərbaycanın
tolerantlıq modelinin əyani müqayisəsi üzərində qurulub. Bolqarıstanın baş müftisi Mustafa Hacı və Yunanıstanın Ksanti bölgəsinin müftisi
Ahmet Mete Avropada müsəlman azlığının
üzləşdiyi ciddi
problemlərdən danışıblar.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri
Milix Yevdayev Avropadan fərqli olaraq yəhudilərin Azərbaycanda heç vaxt antisemitizmlə üzləşmədiklərini, müsəlmanlar və digər dinlərin nümayəndələrinin əsrlər
boyu qardaşlıq və qarşılıqlı
hörmət şəraitində
yaşadıqlarını bildirib. Rus Pravoslav
Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodiy Əfəndiyev isə Azərbaycanda xristianlığın qədim
tarixindən danışaraq
bu gün mövcud olan pravoslav kilsələrinin məhz azərbaycanlı müsəlmanlar tərəfindən
tikilib bərpa edildiyini və bunun dünyada nadir hallardan biri olduğunu qeyd edib.
Simpoziumun yekununda Azərbaycanın
nadir tolerantlıq modelinin
digər ölkələrdə
də tətbiqinin mümkünlüyü və
zəruriliyi qeyd olunub.
AZƏRTAC
Azərbaycan. - 2015.- 2 dekabr.- S.8.