Turizm Azərbaycanda ən perspektivli sahələrdəndir
Bu gün dünya iqtisadiyyatında gəlirli sahələrdən biri də turizmdir. Hər bir ölkə bu sahədə mövqeyini gücləndirməyə çalışır, daha çox sayda əcnəbi turist cəlb etmək üçün müxtəlif layihələr reallaşdırır.
Turizmin inkişafına görə ölkələr bir neçə qrupa ayrılır. İqtisadi cəhətdən yüksək inkişaf etmiş, beynəlxalq turizmin yetkin və rəngarəng sosial-iqtisadi modelini qurub dünya turizminin mərkəzini təşkil edən ölkələr (ABŞ, Kanada, Almaniya və s.) öndə gedirlər. Dövlətin intensiv yardımı ilə beynəlxalq turizm məkanına qoşulmağa can atan ölkələr (Hindistan, Çin, Tailand, Malayziya, Türkiyə və s.) ikinci qrupda yer alırlar. Orta inkişaf səviyyəsinə çatan ölkələr (Macarıstan, Polşa, Çexiya, Rusiya və s.) üçüncü qrupda, ən sonda isə zəif beynəlxalq turizm bazarı ilə fərqlənən Şərqi və Cənubi Afrika ölkələri qərarlaşır.
Son illər ölkəmizdə də turizmin inkişafı üçün ciddi addımlar atılır - yeni mehmanxanalar, istirahət mərkəzləri tikilir. Bir sözlə, turizmin təbliği üçün böyük layihələr həyata keçirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Birinci Avropa Oyunları ölkənin bir təqdimatı idi. Biz Azərbaycanı bütün Avropaya, dünyaya müasir, gözəl, inkişaf edən ölkə kimi tanıtdıq. Bakını isə dünyanın ən gözəl şəhərlərindən biri kimi tanıtdıq. Əlbəttə ki, bizə maraq daha da artır. Gələn il “Formula-1” yarışması da, - bu da miqyasına görə bəlkə də dünyada birinci, ya ikinci yarışmadır, - əlavə diqqət cəlb edəcək. Bu, gözəl imkanlardır ki, biz xarici turistləri Azərbaycana cəlb edək. Bu proses gedir, ancaq daha da sürətlə gedə bilər”.
Turizmin inkişafına regionların sosial-iqtisadi inkişafına dair qəbul olunan dövlət proqramlarında da geniş yer ayrılmışdır. Həmin proqramların icrası çərçivəsində bölgələrdə turizm sektorunun inkişafını dəstəkləyən layihələr həyata keçirilmişdir. Nəticədə ölkənin şimal, şimal-qərb, cənub regionlarında müasir standartlara cavab verən istirahət-əyləncə və müalicə mərkəzləri istifadəyə verilmişdir. Qəbələ, Qusar, Quba, Zaqatala, Lənkəran və digər bölgələrdəki belə obyektlər indi xarici turistlərin ən çox üz tutduqları ünvanlardır. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bu barədə demişdir: “Bizdə turizm potensialı şimal, şimal-qərb, cənub və qərb bölgələrində, əlbəttə ki, Bakı şəhərində inkişaf edir. Biz vaxtilə fəaliyyət göstərən, sonra köhnəlmiş turizm yerlərimizi bərpa edirik. Misal üçün, indi Naftalan öz şöhrətini özünə qaytarır. Naftalan Sovet İttifaqı zamanında bir mərkəz idi. İndi beynəlxalq mərkəzdir”.
Azərbaycanda turizm xidmətinin keyfiyyətinin yeni səviyyəyə qaldırılması üçün Mədəniyyət və Turizm Nazirliyi turizm obyektlərində çalışanlar üçün beynəlxalq mütəxəssislərin iştirakı ilə yemək-içmək servisi, mehmanxana idarəçiliyi və s. mövzularda tədris kursları təşkil edir, yeni turizm marşrutları açır. 10 ildən çoxdur ki, “Azerbaijan Review” jurnalı iki dildə nəşr edilir, hər il Bakıda “AİTF” Beynəlxalq turizm sərgisi keçirilir.
Meqoiqtisadiyyatda turizm biznesi yalnız sahibkarlara yox, ölkələrin özünə də böyük gəlir gətirməyə imkan verir. Onu da qeyd edək ki, müasir dünya iqtisadiyyatında bir sıra ölkələrin ümumi daxili məhsulunun 50 faizindən çoxunu turizmdən gələn gəlirlər təşkil edir. Məsələn, bu rəqəm Makao kimi ada dövlətində 89,5, Maldivdə 61,3, Bəhəm adalarında 53,6 faizə bərabərdir. Dünyanın ümumi iqtisadiyyatında isə turizm sektorunun payı 35 faizə bərabərdir. Bu gün dünya üzrə turizm sektorunda təxminən 140 milyon nəfər çalışır. Hazırda ABŞ turizmdən ildə 110 milyard dollar qazanc götürür. Bu ölkəyə hər il 35 milyon turist Taym skveri, 31 milyon turist Las Veqası, 24 milyon turist Corc Vaşinqtonun abidəsini ziyarət etməyə gəlir. İspaniyada ÜDM-in 12 faizini turizmdən gələn gəlirlər təşkil edir. Hər il təxminən 79 milyon turistin gəldiyi Fransa bu sektordan ildə 56 milyard avro gəlir götürür. 30 il əvvəl cəmi 250 min turistin gəldiyi Çin isə indi ildə 50 milyon əcnəbi qonaq qəbul edərək 40 milyard dollardan çox qazanır.
İndi bu turizm meydanında Azərbaycan da özünü pis hiss etmir. Ölkəmizin iqtisadi uğurları, dəyişən siması, yeni memarlıq abidələri Azərbaycana gəlmək, onun gözəllikləri ilə tanış olmaq istəyən xarici turistlərin sayını ildən-ilə artırır. Adi internet resurslarında minlərlə əcnəbi Azərbaycanla bağlı təəssüratlarını bölüşür, görüntüləri öz aralarında paylaşırlar. Ölkəmiz artıq yeni turist məkanı kimi hamının diqqətini çəkir, minlərlə insanı özünə cəlb edir. Hamı etiraf edir ki, hər dəfə bura gələndə ağlasığmaz yeniliklərin şahidi olmaq mümkündür. Bakı gecələri, Bakı bulvarı hamını valeh edir. Bilirlər ki, bu şəhərdə səhərə kimi gəzib dolaşsan yalnız gözəlliklərdən zövq alacaqsan, hər yerdə mehriban və qonaqpərvər insanlarla rastlaşacaqsan. Elə ölkələr var ki, orda gecə gəzintiləri məsləhət görülmür. Azərbaycan, o cümlədən paytaxt Bakı isə bütün dünyada seçilən, fərqli və yüksək mədəniyyətə malik olan kübar şəhərdir.
Bahadur İMANQULİYEV,
Azərbaycan. - 2015.- 2 dekabr.- S.10.