Sizdən öyrənirik qəhrəmanlığı

 

Erməni ailələri 1859-cu ildə Qarabağdan və Şəmsəddil rayonundan Başkəndə köçürülmüşdür. Sonralar isə o dövrün respublika rəhbərlərinin laqeydliyindən ermənilər Qaravəllilər, Hacılar və Göyəlli kəndlərinə məxsus 730 hektar ərazinin ələ keçirilməsinə, hətta Tağılar kəndi əhalisinin öz doğma yurdlarından köçürülməsinə nail olublar.

Ötən əsrin 90-cı illərində, keçid dövrünün burulğanında aləm bir-birinə qarışanda ermənilər Başkəndi (adını dəyişib Artsyaşen etmişdilər) birbaşa Ermənistana tabe etməyə, bu yerlərə tam hökmran olmağa çalışırdılar. Azərbaycanla Ermənistanın 223 kilometrlik sərhədində erməni quldurları ölümsaçan silahlarla meydan oxuyurdu. Şınıx bölgəsi od tutub yanır, mərd oğullar namərd düşmənə layiqli cavab verməyə can atırdılar. Bütün Gədəbəy ayağa qalxmışdı. Nə ötən əsrin əvvəllərində, nə də sonunda erməni nankorları Gədəbəydən bir qarış torpaq belə qopara bilmədilər. Əksinə, başıbəlalı Başkəndin taleyi biryolluq həll edildi. 1992-ci ildə başdan-ayağa silahlanmış erməni qoşunları ilə əliyalın kənd əhalisi üz-üzə durdu. 1992-ci il avqust ayının 6-da Şınıxın taleyinə qanlı səhifə yazıldı. Səfalı Mutudərə və Qasımağalı kəndləri tankların od püskürən mərmilərindən yanıb külə döndü. İrili-xırdalı binalar yerlə yeksan edildi. Cənnətməkan guşələr xarabalığa çevrildi.

Gədəbəyin igid oğulları dözmədilər. Bütün bölgə ayağa qalxdı. 1992-ci il avqust ayının 8-də Başkənd ermənilərin əlindən alındı. Şınıx bölgəsi tədricən silahlı quldurlardan təmizlənməyə başlandı. Bu qanlı döyüşlərdə topçu İsgəndər Aznaurovleytenant Məzahir Rüstəmovun adları elimizin qəhrəmanlıq tarixinə yazıldı.

Döyüşlər davam edirdi. 223 kilometrlik sərhəd gecə-gündüz qorunmalı idi. Qorunurdu da! Gədəbəyin mərd oğulları təkcə Şınıx bölgəsində yox, Qarabağın hər yerində döyüşlərdə vuruşurdular. Rayon üzrə iki yüzdən çox şəhid verildi. Elə qəsəbə, elə kənd yoxdu ki, övladları namərdlərlə mərd-mərdanə vuruşmamış, qanlı olaylarda müəyyən zərbə almamış olsun. Çox da böyük olmayan Arıqıran kəndində şəhidlərin sayı 16 nəfərə çatdı. Onlardan biri, Başkənd əməliyyatının fəal iştirakçısı Tofiq Həsənov qeyri-bərabər döyüşdə beş nəfər düşməni təkbaşına məhv etmiş, son anda özü güllə yarasından həlak olmuşdu. Yaşar İsgəndərov isə Xalyarlı yaylağında qoyun otaran iki yeniyetməni öldürərək camaatın 250 baş mal-qarasını aparan namərdlərə layiqli divan tutmuş, özü ölümcül yaralansa da, uşaqların meyitlərini geri gətirə bilmişdi. Kəşfiyyatçı Seyfəddin Yunusov ən çətin anda mühüm tapşırığı yerinə yetirmiş, özü isə doqquz nəfər döyüş yoldaşı ilə birlikdə qəhrəmancasına həlak olmuşdu. Novoivanovka, Göyəlli, Qoşabulaq, İsalı, Xarxar, Ərtəpə, Böyük Qaramurad, Zamanlı kəndlərinin və digər yaşayış yerlərinin igid oğulları ölümlə üz-üzə dayansalar da, öz vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirdilər.

Düşmənlə sərhədin müdafiəsində polkovnik Cahangir Rüstəmovun xidmətləri daha böyük olmuşdur. Gədəbəyin, Şınıxın sərhəd kəndlərinin mühafizəsi, Başkəndin işğalçılardan alınması, bir sıra mühüm obyektlərin qorunması alay komandiri C.Rüstəmovun adı ilə bağlıdır. Təcrübəli sərkərdə 1992-ci ilin aprel ayında Şəmkir rayonunda yerləşən rus hərbi hava qüvvələrinin qaçırılmasına, talan edilməsinə imkan vermədi. Ən çətin anlarda müxtəlif markalı təyyarə, vertolyot, habelə avtotexnika, külli miqdarda hərbi sursat ələ keçirərək Gədəbəyə göz dikən ermənilərə qarşı yönəltdi. Belə bir cəsur döyüşçü 1994-cü ilin mart ayında başında faciəli surətdə həlak oldu. Ölümündən sonra o, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

O qanlı günlərdə Gədəbəy torpağının qorunmasında bu cür ləyaqətli adamlar çox olub. Onlardan dörd nəfəri Milli Qəhrəman adına layiq görülüb.

Gədəbəy şəhərinə daxil olanda gələnləri öncə məğrur duruşlu bir döyüşçü “salamlayır”. Bu, Milli Qəhrəman Məzahir Rüstəmovun yaşıllıqlar qoynunda tuncdan hazırlanan abidəsidir. Məzahir əslən Gədəbəydəndir. 1960-cı il mart ayının 2-də Bakıda dünyaya göz açıb. 32 saylı məktəbdə oxuyub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Əvvəl Memarlıq və İnşaat Universitetinin Fəlsəfə kafedrasında, sonra isə Mətbuat Nazirliyində çalışıb, “İnsan psixologiyasının bütövlüyü” adlı elmi üzərində işləyirdi.

Şınıx bölgəsində vəziyyət gərginləşəndə M.Rüstəmov könüllü olaraq Milli Ordu sıralarına yazılır. Elə ilk gündən komandir müavini vəzifəsinə təyin olunur. Başkənd uğrundakı döyüşlərdə çox böyük fəallıq göstərir. Bu yerlərin erməni nankorlarından birdəfəlik xilas edilməsində xüsusi xidmətləri olub. M.Rüstəmov düşmənin bir neçə zirehli texnikasını ələ keçirib, ona dəfələrlə sarsıdıcı zərbələr endirib. Amma çox təəssüf ki, Başkəndin xilas edilməsindəki qələbə sevincini yaşamaq ona qismət olmadı. 1992-ci il avqust ayının 6-da 32 yaşında şəhidlik zirvəsinə ucaldı. İgid döyüşçü Bakıda, Şəhidlər xiyabanında dəfn olundu. 5 fevral 1992-ci ildə Məzahir İzzət oğlu Rüstəmova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi.

Məzahir Rüstəmovun döyüş dostu İsgəndər Aznaurov Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. Əslən Axıska türküdür. Daşkənd İrriqasiya Universitetini bitirib. 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətindəki qanlı olaylardan sonra İsgəndər Söhrab oğlu ailəsi ilə Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb. Ermənilərin nankorluğu İ.Aznaurovu ciddi narahat edirdi. Elə buna görə də Milli Ordu sıralarına yazılıb. “N” hərbi hissəsində o, artilleriya üzrə komandir müavini təyin edilib. Topçu İsgəndər Başkəndin erməni quldurlarından təmizlənməsində, Mutudərə, Ərdağı, Kaftar qayası, Ləzgi daşı əməliyyatlarında fəal iştirak edib. Bütün silah növlərindən sərbəst atəşlə düşmənin başına od yağdırıb. 1993-cü il aprelin 18-də Şınıx torpağında, ağır döyüşlərin birində qəhrəmancasına həlak olub. İ.Aznaurov Bakının Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra ona Milli Qəhrəman adı verilib. Şınıxda qəhrəmanın adını əbədiləşdirən “İsgəndər qalası” qədirbilən oğulların əsl ziyarət yerinə çevrilib.

Ölkəmizin ilk milli qəhrəmanlarından biriİlham Müzəffər oğlu Əliyevdir. 1961-ci il may ayının 5-də Gədəbəydə anadan olub. Həqiqi hərbi xidmətdən sonra Bryansk şəhərindəki xüsusi milis məktəbində oxuyub. Hələ tələbə ikən Çernobl qəzasının aradan qaldırılmasında iştirak edib. Buradakı xidmətlərinə görə həmyerlimiz “Milis əlaçısı” adına layiq görülüb. Gədəbəyə qayıdanda bir müddət daxili işlər şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb. Sonra Gəncə Polis İdarəsinin Cinayət-axtarış bölməsində işləyib. Yenicə sevib-seçdiyi Rəna xanımla ailə qurmuşdu ki, Qazax rayonunun Aşağı Əskipara kəndində qanlı olaylar törədən ermənilərlə döyüşə göndərilir. Polis dostları ilə birlikdə düşmənə ciddi zərbələr endirir. Ona bu xidmətlərinə görə “Qırmızı Ulduzordeni verilir və 1992-ci ilin iyul ayının 6-da İlham Müzəffər oğlu Milli Qəhrəman adına layiq görülür. Gədəbəy şəhərindəki 1 saylı məktəb onun adını daşıyır, məktəbin önündə qəhrəmanın büstü qoyulub.

Bu yerlərə şöhrət gətirən daha bir qəhrəman - Aytəkin İsrayıl oğlu Məmmədov Gədəbəy rayonunun Göyəlli kəndində dünyaya göz açıb. Əfqanıstanda hərbi xidməti başa vurandan sonra Xüsusi Təyinatlı Polis Dəstəsinə daxil olub, qərb bölgəsində erməni nankorlarına qarşı bir sıra əməliyyatlarda iştirak edib, xüsusən Xanlar (Göygöl) bölgəsində işğalçıların susdurulmasında, 1991-ci ildə Çaykənd əməliyyatında fəallıq göstərib və elə orada gedən qanlı döyüşlərdə şəhid olub.

Aytəkin İsrayıl oğlu Məmmədova 1992-ci il oktyabr ayının 8-də Azərbaycanın Milli Qəhrəmanı adı verilib. İgid döyüşçü doğma Göyəlli kəndində dəfn olunub. Kənd orta məktəbi onun adını daşıyır. Yaşıllıqlar qoynunda qəhrəmanın büstü qoyulub.

Gədəbəy rayonunda qəhrəmanların, şəhidlərin və bütün igid oğulların döyüş və həyat yolu ehtiramla, maraqla öyrənilir. Bu barədə “Gədəbəy şəhidləri” adlı kitab yazılıb, “Alınmaz qalanın qəhrəmanları” adlı sənədli-bədii film çəkilib. Mədəni-maarif müəssisələrində, gənclər təşkilatlarında “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı xatirə-anım gecələri keçirilir.

Təcrübəli təhsil işçisi Baxış Nağıyev deyir ki, son vaxtlar gənclər arasında hərbi vətənpərvərliyə “Cəsurlar” və “Şahin” hərbi-idman oyunlarına meyil, maraq getdikcə artır. Hərbi təmayüllü ali məktəblərə və liseylərə gedənlərin sayı çoxalır. Yerlərdə əhvali-ruhiyyə çox yüksəkdir. Gənclər yaşlı nəslin döyüş ənənələrini həvəslə öyrənir, doğma Qarabağımızı xilas edəcəkləri günü səbirsizliklə gözləyirlər. Xüsusən indi Milli Ordumuzda gedən geniş təlimlər, kütləvi fəallıq hamının ürəyindən xəbər verir. Bütün Azərbaycan xalqı kimi, gədəbəylilər də işğal olunmuş torpaqların azad edilməsi üçün həmişə hazırdırlar.

 

Əhməd İSAYEV,

 

Azərbaycan. - 2015.- 2 dekabr.- S.10.