Orta əsrlərdə Azərbaycan
alimlərinin elmi-tədris fəaliyyəti
Orta əsrlərdə müsəlman Şərqində elm və mədəniyyət xəzinəsinin zənginləşdirilməsində Azərbaycan xalqı müstəsna xidmət göstərmişdir. Həmin qiymətli irsin mənbələr əsasında tədqiqi bütün dövrlərdə böyük əhəmiyyət kəsb edir. Bu mənada tarix elmləri doktoru Nərgiz Əliyevanın yenicə çapdan çıxmış “Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti” monoqrafiyası orijinallığı və elmi yeniliyi ilə diqqəti cəlb edir.
Kitabda Azərbaycan alimlərinin Yaxın Şərq və Mərkəzi Asiyanın müxtəlif mədəniyyət mərkəzlərində elmi fəaliyyəti və qarşılıqlı elmi əlaqələri, təhsil müəssisələri ilə bağlı məsələlər işıqlandırılır. Monoqrafiyada xilafət ölkələri xalqlarını ideoloji cəhətdən birləşdirən islam dininin yayıldıqca bir çox şəhərlərdə mədəniyyət və təhsil mərkəzlərinin yaranması, azərbaycanlı ziyalıların xilafətin müxtəlif şəhərlərinə səfərlərə, mədəniyyət mərkəzlərində başqa xalqların nümayəndələri ilə apardıqları müzakirələrə toxunulur. Müəllif İbn əl-Əsir, İbn əs-Sabuni, İbn ən-Nədim, İbn Əbi Üseybiə, Yaqut Həməvi, İbn əl-Fuvati, İbn Xəllikan, Zəhəbi və başqa orta əsr alimlərinin əsərlərinə istinad edərək Azərbaycan alimlərinin Yaxın Şərq və Mərkəzi Asiyanın mədəniyyət mərkəzlərində - Şam, Bağdad, Misir, Nişapur, Buxara, Mərv, Şaş və Mavəraənnəhrdə elmi fəaliyyətindən bəhs edir.
Monoqrafiya “Azərbaycan alimlərinin Yaxın Şərq və Mərkəzi Asiyanın mədəniyyət mərkəzlərində elmi fəaliyyəti və qarşılıqlı elmi əlaqələri”, “Təhsil müəssisələri və tədris üsulları”, “Azərbaycanlı alimlərə dərs demiş azərbaycanlı müdərrislər və digər görkəmli təhsil xadimləri” adlı üç fəsildən ibarətdir. Birinci fəsildə ərəb alimlərinin Azərbaycana səfər etmələri ilə bağlı məsələlər də öz əksini tapmışdır. Nərgiz Əliyeva orta əsr mənbələrinə istinadən islamı yaymaq üçün Azərbaycana gəlmiş xəlifə Ömərin və xəlifə Osmanın hakimiyyəti illərində sərkərdə olmuş, 642-ci ildə Azərbaycana hücum edib onlarla sülh müqaviləsi bağlayan ilk sərkərdə Hüzeyfə ibn əl-Yəman, Bükeyr ibn Abdulla, Suraka ibn Əmr, Əbdürrəhman ibn Rabiə Bəhili və bir sıra sərkərdələr haqqında faktları araşdırmışdır. Kitabda ərəb alimlərinin Şirvan, Gəncə və Azərbaycanın başqa şəhərlərində olması barədə də məlumat vermişdir.
Müəllif monoqrafiyanın ikinci fəslində azərbaycanlıların islam dinini qəbul etməsinin ərəb dilini öyrənmək məcburiyyəti yaratdığını, buna görə də tədris müəssisələrinin fəaliyyətə başladığını mənbələr əsasında faktlarla göstərmişdir. Burada xilafətin hər tərəfində, o cümlədən Azərbaycanda islam mədəniyyətinin yayılmasında xəlifə Əbdülməlik ibn Mərvanın xidməti xüsusi qeyd edilmişdir.
Əsərdə bir çox azərbaycanlı ziyalıların həm elm öyrənmək, həm də elm öyrətmək məqsədilə xilafətin mədəniyyət mərkəzlərinə üz tutduqları vurğulanır. Nüfuzlu təhsil ocaqlarında, xüsusilə Nizamiyyə mədrəsəsində azərbaycanlı alimlərin fəaliyyəti geniş işıqlandırılır. Tədqiqatçı qeyd edir ki, xilafətin hakimiyyət mərkəzləri eyni zamanda elm və mədəniyyət mərkəzləri idi. Bu mərkəzlərdə dini, mədəniyyəti və dilləri müxtəlif olan alimlər elmin bütün sahələrinə yiyələnməyə çalışırdılar. Müxtəlif bölgələrdə yaşayıb yaratmış, elm öyrənmək niyyəti ilə mədəniyyət mərkəzlərinə səyahət etmiş bir çox xalqların nümayəndələri məhz bu bölgələrdə fəaliyyət göstərərək təcrübə mübadiləsi aparır, yeni məlumatlar əldə edərək biliklərini artırırdılar. Bu mədəniyyət mərkəzlərindən biri də Gəncə şəhəri idi. Gəncədəki elmi məclisdə ərəb ədəbiyyatı tarixində böyük alim, tarixçi, ədib, tənqidçi kimi məşhur olan “əmir” ləqəbli bağdadlı hafiz Əbu Nəsr Əli ibn Hibətullah ibn Əli ibn Cəfər ibn Əli ibn Məhəmməd ibn Makula (1030-1082) kimi hörmətli elm adamı iştirak etmişdir. Elm mərkəzi kimi Gəncə həm də sufi şeyxlərin toplaşaraq hədis məclislərində fəaliyyət göstərdikləri şəhərlərdən idi. Nərgiz Əliyeva orta əsrlərdə mövcud olmuş “Gəncə” mədrəsəsi, “Şamaxı” mədrəsəsi, “Beyləqan” mədrəsəsi, “Marağa Atabəylər” mədrəsəsi və başqa mədrəsələrin fəaliyyəti, təhsil üsulu barədə məsələləri də hərtərəfli şəkildə araşdırmışdır.
Kitabın üçüncü fəslində ərəbdilli müəlliflərin Azərbaycanın bir sıra elm və təhsil ocaqlarını ziyarət edərkən həm görkəmli müdərrislər, həm də mədrəsələr haqqında fikirləri yer alır. Onlar azərbaycanlı alim-müdərrislərin həyatında rolu olmuş bir sıra görkəmli təhsil xadimləri haqqında da məlumat vermişlər. İbn əl-Fuvati İmam Mütəsim Billahın Təbrizdə Şəmsəddin Məhəmməd ibn Məhəmməd Cüveyninin əsasını qoyduğu məktəbi ziyarət etməsi barədə yazmışdır. Gəncə və onun Nizamiyyə mədrəsəsini ziyarət etmiş xilafət alimləri arasında Siləfini (1085-1180) də qeyd etmək lazımdır. O, Gəncə mədrəsəsində fəaliyyət göstərmiş qazi Əbu Abdulla Məhəmməd ibn Əli ibn Məhəmməd Təbəri kimi müdərrislə görüşmüşdü. Orta əsr müəllifləri digər bölgələrdən gəlib Nizamiyyə mədrəsəsində təhsil almış alimlərin yetişməsində əslən azərbaycanlı olan müdərrislərdən də söz açırlar.
Kitabda Azərbaycan alimlərinin müsəlman Şərqi ölkələrinin alimləri ilə birgə fəaliyyət göstərdikləri, elmi müzakirələr apardıqları xüsusi vurğulanır. Burada müsəlman elmi mühitində ümumi ərəb-islam mədəniyyətinin inkişafında özünəməxsus yeri olmuş həmyerlilərimizin həyat və yaradıcılığı ilə bəzi hallarda Yaxın və Orta Şərq elmi mərkəzlərində aparıcı mövqe tutması ilə əlaqədar məsələlərə toxunulur.
Bütövlükdə tarix elmləri doktoru Nərgiz Əliyevanın “Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti” monoqrafiyası tədqiqatın aktuallığı və elmi dəyəri ilə maraq doğurur.
Vasim MƏMMƏDƏLİYEV,
Akademik
Azərbaycan.- 2015.- 2 dekabr.- S. 10.