Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olunub

 

Dekabrın 2-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, regionda ümumi vəziyyətin təhlili və əməkdaşlığın müzakirəsi baxımından belə görüşlərin əhəmiyyətini vurğulayan Baş nazir Artur Rasizadə Azərbaycan iqtisadiyyatı barədə qonaqlara məlumat verib, həyata keçirilən enerji, nəqliyyat və digər irimiqyaslı regional layihələrin əhəmiyyəti barədə danışıb. Baş nazir qeyd edib ki, postsovet məkanında ən dinamik inkişaf edən respublikalardan biri olan Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlər üzrə, o cümlədən müdafiə nazirlikləri arasında da davam etdirilməsi günün tələbidir. Odur ki, hər iki ölkənin müdafiə və müdafiə sənayesi, hərbi təhsil və təcrübə mübadiləsi sahələrində faydalı əməkdaşlıq imkanlarından səmərəli istifadə vacibdir.

Azərbaycan hökumətinin qonşu gürcü xalqına və dövlətinə hər zaman dəstək verdiyini minnətdarlıqla xatırladan Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Gürcüstan ilə Azərbaycan arasında tarixi dostluqstrateji əməkdaşlığın mövcudluğunu nəzərə almaqla əlaqələrimizin yeni şəraitdə daha da genişləndirilməsinin zəruriliyi fikri ilə razılaşdığını bildirib.

Söhbət zamanı regionda mövcud problemlərə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər bölgədə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olması, sürətli iqtisadi tərəqqinin təmin edilməsi naminə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini nəzərə çatdırıblar.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 3 dekabr.- S. 2.