Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan
Hökuməti ilə əməkdaşlığa böyük önəm verir
Azərbaycan
Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar
Yardım üzrə Respublika Komissiyasının sədri
Əli Həsənov dekabrın 2-də Beynəlxalq Miqrasiya Təşkilatının
(BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Serhan Aktoprak ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə BMqT-nin Azərbaycandakı nümayəndəliyinin həyata keçirdiyi layihələr çərçivəsində əldə olunan nailiyyətlər barədə və miqrasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair hərtərəfli fikir mübadiləsi aparılıb. Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar içərisində Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa hökumət daha çox önəm verir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bizim üçün yeni olan miqrasiya probleminin həlli ilə bağlı milli qanunvericilik bazasının yaradılmasında və digər hüquqi sənədlərin hazırlanmasında bu təşkilatın təcrübəsindən istifadə olunub. Bundan sonra da bu təşkilatla əməkdaşlığı davam və inkişaf etdirmək Azərbaycan Hökumətinin marağındadır.
Təşkilatın ölkəmizdə fəaliyyətə başlamasından sonra həyata keçirdiyi layihələri prioritet layihələr kimi dəyərləndirən Baş nazirin müavini Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr, yeni iş yerlərinin yaradılması, vətəndaşlarımızın, ölkədəki qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə görülən işlərin oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilməsi miqrantları da özünə cəlb edir. Bütün bunlar isə onların sayının artmasına gətirib çıxardığından bu təşkilatla hələ əməkdaşlığımızın, prioritet istiqamətlər üzrə layihələrin davam etdirilməsinə ehtiyac duyulur.
Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, bu problemlərin həlli yolları ilə bağlı görülən işlər barədə də qonağa ətraflı məlumat verən Əli Həsənov onu da bildirib ki, nüfuzlu beynəlxalq qurumların münaqişənin həllinə dair qəbul etdikləri qətnamələrin hələ də yerinə yetirilməməsi, beynəlxalq güclərin münaqişənin həllinə ikili standartlarla yanaşmaları bir daha sübut edir ki, bütün bunlar antidemokratik yanaşmadır.
Görüşdə Baş nazirin müavini, həmçinin son günlər Rusiya və Türkiyə arasında yaranmış problemə toxunaraq deyib: “Bu gün sanksiyalardan əziyyət çəkən Rusiyanın Türkiyəyə münasibətdə sanksiya tətbiq etməsi onun mövqeyi ilə ziddiyyət təşkil edir. İqtisadi münasibətlər hər iki ölkə üçün vacibdir. Belə bir vəziyyətdə Azərbaycan Prezidentinin atdığı addım onun beynəlxalq arenada müstəqil və balanslaşdırılmış siyasət yeritdiyini göstərdi. Bizim üçün hər iki ölkə qonşudur və vacibdir. Biz bu konfliktin tezliklə həll olunmasını istəyirik”.
Ətraflı məlumata, təmsil
etdiyi qurumun fəaliyyətinə
verdiyi qiymətə görə minnətdarlığını
bildirən Serhan Aktoprak
bu gün Azərbaycan
ərazisinin 20 faizinin işğal
altında olmasına, bir milyondan
çox vətəndaşının
qaçqın və məcburi köçkün
şəraitində yaşamasına baxmayaraq,
ölkəmizin böyük uğurlara imza
atdığını vurğulayıb, bütün
bunlardan məmnunluğunu ifadə edib, təmsil etdiyi qurum tərəfindən ölkəmizdə həyata
keçiriləcək layihələr barədə ətraflı
fikir mübadiləsi aparıb, Azərbaycan
Hökuməti ilə əməkdaşlığa böyük önəm
verdiklərini bildirib.
Azərbaycan. - 2015.- 3 dekabr.- S. 3.