“Bakutel 2015” öz
işinə başlayıb
“Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi dekabrın 2-də Bakıda öz işinə başlayıb.
AZӘRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Ramin Quluzadə bildirib ki, artıq ənənəvi olaraq təşkil edilən “Bakutel” sərgi və konfransı telekommunikasiya və informasiya texnologiyaları sahəsində mühüm beynəlxalq tədbirə çevrilib.
“Ötən 21 il ərzində “Bakutel” sərgisi informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübə mübadiləsi, yeni imkanların nümayişi, geniş əməkdaşlıq layihəsi kimi özünü təsdiq edib.
1994-cü ildən ənənəvi təşkil olunan beynəlxalq “Bakutel” sərgisinin müxtəlif ölkələrdən olan iştirakçıları ötən illər ərzində eyni zamanda müstəqil Azərbaycanın güclənən iqtisadi imkanları, elmi-texnoloji nailiyyətlərinin ilbəil canlı şahidi olublar.
İqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasında olan Azərbaycanda informasiya və yüksək texnologiyaları sektorunun qarşısında böyük vəzifələr qoyulub. Bu sahə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prioritet inkişaf sahələrindən elan edilib.
Son illərdə əldə olunan nailiyyətlər, İKT-nin inkişafı baxımından Azərbaycan artıq regionun lider dövləti kimi tanınır. Müstəqil, gənc dövlət olan Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatın ayrı-ayrı sahələrindəki gücünü insan kapitalına da çevirməyə nail olub.
Bu gün beynəlxalq kosmik məkana inteqrasiya yolunu tutan Azərbaycan regionda kosmik sahədə də lider ölkəyə çevrilib.
Əminəm ki, builki "Bakutel" sərgi-konfransı yüksək səviyyədə keçiriləcək, regionda İKT-nin inkişafına yeni təkan verəcək”, - deyə Ramin Quluzadə bildirib.
İTE Qrup şirkətinin icraçı direktoru Edvard Stroon sərgiyə göstərdiyi yüksək dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını bildirib. O, builki sərgidə 21 ölkədən 203 şirkətin iştirak etdiyini deyib. E.Stroonun sözlərinə görə, iştirak edən şirkətlərin 15 faizi ilk dəfə olaraq “Bakutel” sərgisinə qatılıb.
Açılış mərasimindən sonra qonaqlar sərgi ilə tanış oldular.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgi BMT və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi nüfuzlu təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Sərginin iştirakçıları arasında Belçika, Almaniya, Çin, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa və Yaponiyanın aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri və sistem inteqratorları, eləcə də tanınmış brendlərin distribüterləri var. İlk dəfə olaraq, “Bakutel 2015” sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - “Bakcell” şirkəti çıxış edir.
Yeni şirkətlərin
diqqətini cəlb edən sərgidə bu
il debütantların sayı
iştirakçıların ümumi
sayının 15 faizini təşkil edir. Belə ki,
“Bakutel-2015”də ilk dəfə olaraq “Avaya”, “Google”, “Kasperski
Laboratoriyası” və digər aparıcı dünya
şirkətləri iştirak edirlər.
AZƏRTAC
Azərbaycan.- 2015.- 3 dekabr.- S. 5.