Qanunda mənəviyyat
da uca tutulur
Biznesdə
müasir dünya təcrübəsi: Yaponiya
Kiçik və orta sahibkarlara dəstək son günlər
ölkə KİV-nin geniş müzakirəsinə
çıxarılan əsas mövzulardan biridir. Dövlət
başçısının atdığı addımlar,
obyektiv tənqid, operativ qəbul edilən qərarlar, ölkədə
biznesin inkişafına mane olan bürokratik əngəllərin
qanunvericilik səviyyəsində aradan qaldırılması
belə qənaətə gəlməyə əsas verir ki,
kiçik və orta biznes öz inkişafının yeni mərhələsinə
keçir. Azərbaycan Prezidenti sahibkarlara
maddi və mənəvi dəstək verməkdə
israrlıdır. Bütünlükdə
biznes mühitinin sağlamlaşması üçün tətbiq
edilən yeniliklər də isbat edir ki, ölkədə
sahibkarların maraqları dövlət səviyyəsində
müdafiə olunur, maneələrin aradan
qaldırılması üçün sərt və güzəştsiz
addımlar atılır.
Bir sıra inkişaf etməkdə olan ölkələrdə
kiçik və orta sahibkarların müəyyən çətinliklərlə
üzləşməsi sirr deyil. Çətinlikləri
sürətlə dəf etmək üçün isə
inkişaf etmiş ölkələrin zəngin təcrübəsindən
faydalanmaq mümkündür. Bu baxımdan
İkinci Dünya müharibəsində məğlub olan,
iqtisadiyyatı dağılan, şəhərləri viran qalan
Yaponiyanın qısa zaman kəsiyində ayağa durması
Şərqin heyrətamiz möcüzəsi kimi diqqət
çəkir. Nəhəng şirkətlərlə
birlikdə kiçik və orta sahibkarlığın
inkişafı qısa müddətdə Yaponiyanı
dünyanın ən qüdrətli ölkələrindən
birinə çevirdi və heç bir təbii sərvətə,
resursa malik olmayan yaponlar ildırım sürəti ilə
müharibənin xarabalıqlarından “Böyük yeddiliy”in
ön cərgələrinə çıxdılar.
Belə qəbul olunub ki, dünyanın səhəri əfsanələr
və nağıllarla zəngin Yaponiyadan açılmaqla
başlayır. Ona görə bura “Gündoğan ölkə”
də deyirlər. Əhalisi 127 milyondur.
Ərazisinin 13 faizi düzənliklərdən,
87 faizi dağlardan ibarətdir. Yaponların
əksəriyyəti - üçdə ikisi düzənlikdə
yaşayır, yalnız 4 faizi kənd təsərrüfatı
ilə məşğul olur.
Qeyd etdiyimiz kimi, təbii sərvətlər
baxımından yaponların bəxti gətirməyib. Bu ölkənin
ərazisi təbii ehtiyatlar və faydalı qazıntılarla
zəngin deyil. Az-çox nə vardısa,
istismar edilərək tükənib. Bu
baxımdan təbii ehtiyatlar, faydalı qazıntılarla zəngin
Rusiya ilə müqayisədə Yaponiya çox kasıb və
heç nəyi olmayan bir ölkədir. Elə
isə necə olur ki, o, dünyanın ən güclü, ən
varlı ölkəsindən birinə çevrilib?! Axı, Yaponiya təkcə ərzaq məhsullarının
60 faizini xaricdən alır.
Yaponların dünyadakı əksər xalqlardan fərqi
onların əllərinin qabarı və gecə-gündüz
yorulmadan, ruhdan düşmədən
çalışmalarıdır. Yapon iki əli və
çalışmağa canı varsa özünü bu
dünyada tək və köməksiz saymır. O,
qollarına və ovcunun qabarlarına qardaş kimi güvənməyi
bacarır, ruhdan düşmədən, dinclik bilmədən
işləyir, necə deyərlər, sərvəti təbiətdə
yox, özündə axtarır. Yaponlar çətinlikləri
və məhrumiyyətləri aşmağı sevirlər.
Gündə 200 dəfə zəlzələlərdən silkələnən
Yaponiyada samuraylar deyirlər ki, sabah olmaya
da bilər, ona görə də bu günün işlərini
bu gün görüb qurtarmaq lazımdır.
Bu gün isə Yaponiyada hər 20 nəfərdən biri
kiçik və ya orta sahibkardır. Özəl müəssisələrin
99 faizi kiçik və orta sahibkarlara məxsusdur.
Onların sayı 5,74 milyona çatır.
Nəhəng şirkətlər ölkədə
həddən artıq azdır və belə şirkəti olanlar
sahibkarların yalnız 1 faizini təşkil edir. ÜDM-in isə 47 faizi biznes nəhənglərinin
payına düşür. Yeri gəlmişkən qeyd edək
ki, 2013-cü ildə Yaponiyada ÜDM-in həcmi 4,7 trilyon dollara bərabər olub. Bu rəqəm ərazisi Yaponiyadan 45 dəfə
çox və təbii sərvətlərlə zəngin olan
Rusiyadan 2 dəfəyə yaxın artıqdır.
Yaponiyada dövlətə yalnız zərbxana məxsusdur,
bütün iqtisadiyyat fərdi sahibkarlıq üstündə
qurulub. Kiçik sahibkarlıq pərakəndə ticarət,
ictimai iaşə, xidmət, tikinti və
maşınqayırma sahələrini əhatə edir. Mülkiyyət formasına gəldikdə isə
kiçik müəssisələrin yarısı fərdi, demək
olar ki, ailə biznesidir. Lakin əhalinin
sayı azaldıqca belə müəssisələrin də
sayı azalır. Qalanlarını isə
kollektiv tərəfdaşlıq və səhmdar cəmiyyətləri
təşkil edir.
Kiçik və orta biznesin inkişafına təkan verən
başqa bir amil qanunvericilik bazası ilə əlaqədardır. 1946-cı ildən
üzü bəri özəl sahibkarları dəstəkləyən
40-dan çox qanun qəbul edilib. Yapon
iqtisadiyyatında yüksək texnoloji innovasiyalar üzərində
çalışan kiçik və orta sahibkarlara ciddi dəstək
verilir. Qanunvericilik səviyyəsində
kiçik müəssisələrin statusu və onlar
üçün güzəştlər təyin edilir. Kiçik biznesin stimullaşdırılmasında
dövlətdən tutmuş sahibkarların ictimai təşkilatlarınacan
hamı iştirak edir. Mərkəzi
hakimiyyət və yerli idarəetmə orqanları şirkətlərə
bütün mərhələlərdə subsidiyalar, dövlət
istiqrazlar ayırır, kadrların hazırlanmasında
yardım göstərir, zaminlik əsasında kreditlərin və
tövsiyə xarakterli məlumatların verilməsini təmin
edirlər.
Yaponların qəyyumluğa götürülməkdən
xoşları gəlmir. Onlar bilirlər ki, insan savad almaq, işini
qurmaq üçün pul ödəyirsə, deməli, o, daha
məsuliyyətlə çalışacaq. Bu ölkədə
bir qayda olaraq müstəqilliyə can atan müəssisələrə
yardım edilir. Biznes üçün güzəştli
şərtlərlə subsidiyalar, istiqraz vərəqələri
və kreditlər modernləşməyə, yenidən təchizata,
institut və universitetlərlə yeni innovasiya layihələrinin
hazırlanmasına verilir. Kommersiya
banklarından savayı, sahibkarlara maliyyə idarələri və
dövlət korporasiyaları kredit verməyə həmişə
hazırdırlar. Əsas dəstək
iqtisadiyyatın sosial tutumlu - yəni, daha çox insanların
çalışdığı sahələrə verilir.
Sosial sabitlik vacib sayılır.
1963-cü ildə qəbul olunan kiçik və orta
müəssisələr haqqında qanun hökumətin bu sahədə
kompleks siyasətinin əsas istiqamətlərini təyin edir. Həmin qanuna görə
dövlət aşağıdakı tədbirləri işləyib
həyata keçirmək məsuliyyətini
daşıyır: bütün sahələrdə avadanlığın
modernləşməsi; idarəetmənin
rasionallaşdırılması; texniki və texnoloji səviyyənin
artması; müəssisələrin
ölçüsünün optimallaşması; sərt rəqabətdən
müdafiə; ixracın artması; müəssisələrin
işçilərlə təmin edilməsi və onların
güzəranının yaxşılaşdırılması
və s.
Kiçik və iri yapon biznesi arasında qarşılıqlı əlaqə modeli dünyanın əksər inkişaf etmiş ölkələrində tətbiq olunur. Götürək Tokio modelini. Bu şəhərdə kiçik və böyük biznes həmahəng fəaliyyət göstərir. Məsələn, yaşayış massivlərini kiçik müəssisələr tikir, yolların, zavodların, çoxmərtəbəli və ofis binalarının tikintisi ilə iri şirkətlər məşğul olur. Maşınqayırmada iri şirkətlər özləri üçün iqtisadi baxımdan maraqlı olmayan sifarişləri kiçik müəssisələrə yönəldirlər. Sənayedə kiçik müəssisələrin 55 faizi istehsalat zəncirində böyük şirkətlərlə əməkdaşlıq edirlər.
Amma bu sahədə çətinliklər də mövcuddur. Belə ki, son zamanlar bütün nəhəng şirkətlər həm istehsalı, həm də satışı xaricdə qurur, kiçik müəssisələr isə ya bağlanır, ya da bazarı tərk edirlər.
Dövlət sahibkarlara birbaşa maliyyə yardımı etmir, lakin əvəzində hüquqi və məlumat dəstəyi verir. Kiçik müəssisələr əsasən dostların, qohumların, tanışların, müştərilərin və mal göndərənlərin hesabına maliyyələşir. İndi böyük banklar da kiçik sahibkarlara güzəştli kreditlər təklif edirlər. Girovsuz kredit sistemi hazırlanır, yalnız avadanlığın girov qoyulması şərti ilə qısa müddətli kreditlər verilir.
Bu ölkədə kiçik müəssisələrin marağını yerli səviyyədə assosiasiyalar və ticarət-sənaye palataları qoruyur. Yaponiyanın Mərkəzi Ticarət-Sənaye Palatası yalnız onları əlaqələndirir. Hökumət isə kiçik biznesi himayəsinə götürüb sosial element kimi dəstəkləyir, onları müflis olmaqdan qoruyur. Buna baxmayaraq, yapon biznesində uğursuzlar da az deyil. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların 40 faizi əvvəlki işlərini bağlayıb yenisinə keçirlər. Təbii ki, təkrar qurulan biznesin birincidən daha uğurlu olmasına əminlik varsa. Odur ki, işini bağlayan yapon sahibkarı heç vaxt ruhdan düşmür, uğursuzluğunu və səhvini şəxsi təcrübə kimi qəbul edir, daha böyük həvəslə yeni işə başlayır. Yeri gəlmişkən qeyd edək ki, Yaponiyada iri şirkətlərin orta ömrü 30, kiçiklərin 10 ildir. Əlbəttə, uzunömürlülər də az deyil, baxmayaraq ki, hökumət sahibkarlar nəslinin yenilənməsində maraqlıdır. Artıq son illər bu minvalla 32 mindən çox kiçik müəssisə yaradılmışdır.
Başqa maraqlı bir fakt isə iş adamlarının yaşı ilə bağlıdır. Statistikaya görə, Yaponiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olanların 70 faizinin orta hesabla 56,5 yaşı var. Cavanlar sahibkarlığa o qədər də can atmırlar. Orta və kiçik biznesdə müxtəlif yaşda insanlar çalışırlar. Sahibkarların 0,9 faizi 15-24, 13 faizi 25-39, 43,3 faizi 40-59, 34 faizi 60-75 yaş arasındadır. Yaponiyada yaşlı insanlar da bizneslə məşğul olurlar. Belə ki, sahibkarların 8 faizinin yaşı 75-dən yuxarıdır.
Yaponiyanın müasir vergi sistemi 1950-ci ildə ABŞ-ın işğalçı administrasiyası tərəfindən yaradılmışdır. Yaponlar qanuna hörmət qoyur və vergilərdən yayınmırlar. İşğalçı administrasiya bu faktı əsas götürərək iki rəngli (ağ və mavi) blankda vergi sistemini tətbiq edib. Ağ blankı dolduran ödəyicilərin heç bir öhdəliyi olmur, sadələşdirilmiş sistemlə vergilərini ödəyirlər. Amma belə sahibkarlara güzəştlər edilmir. Mavi blankla hesabat verən ödəyicilər isə mühasibat uçotunda bütün əməliyyatları göstərir, balans, gəlir və ziyanlar haqqında məlumat verirlər. Əvəzində vergi güzəştlərindən faydalanmağa haqq qazanırlar. Vergidən yayınan müəssisənin rəhbəri 5 il azadlığını itirə, ya da 5 milyon yen cərimələnə bilər. Hesabatda məlumatların saxtalaşdırılması ciddi qanun pozuntusu sayılır. Vergilərin yığılmasına yerli vergi idarələri nəzarət edir. Cəzalar ağır olduğundan iş adamı qanunu pozmur. Digər tərəfdən isə yapon mentalitetinə yalan danışmaq, aldatmaq yaddır.
Biz isə təəssüf ki, belə deyilik. Nədənsə qanunun aliliyi hələ ki şüurumuzda kök salmayıb. Yadıma tələbəlik illəri düşür. Biz - sovet tələbələri pulumuz olmayanda avtobusda biletsiz getməyimizlə fəxr edirdik, alman tələbələri isə sadəcə avtobusa minməyi ayıb sayırdılar. Bəlkə də bunun səbəblərindən biri sovet hakimiyyətinin ilk illərində bütün sahibkarların bir sinif kimi ləğv edilməsi, onların var-dövlətlərinin əllərindən alınması, hətta zəhmətkeş kəndlilərə belə qolçomaq kimi divan tutulması olmuşdur. Odur ki, hələ də bizim şüurumuzda sahibkara başqalarını işlə təmin edən və gəlir yaradan adam kimi rəğbət yoxdur. İşçilər asanlıqla və heç bir cəza almadan sahibkarın malını oğurlayıb onu müflis edə bilər. Ona görə sahibkar olmaq asan deyil. Əslinə qalsa, bizim sahibkarlar da pir deyillər. Onlar ağ çörəyi səməni unu ilə rəngləyib qara çörək yerinə satır, vergidən yayınmaq üçün min oyundan çıxır, istehsal etdiyi məhsulun ucuz başa gəlməsi üçün keyfiyyətdən kəsir və bu zaman heç vicdan əzabı da çəkmirlər. Heç onu da düşünməzlər ki, bu minvalla gec-tez bazardan sıxışdırılıb çıxarıla bilərlər.
Ölkəmizin inkişafı hər birimizin zamanın çağırışlarına düzgün cavab verməyimizdən, istehsalçı-istehlakçı münasibətlərinin şəffaflığından da asılıdır. Başa düşməliyik ki, hər birimizin saflığa və düzlüyə doğru dəyişməsi, dövlətin qəbul etdiyi qərarlara, qoyduğu qaydalara riayət etməsi bizə daha böyük uğurlar əldə etməyə sonsuz imkanlar verir.
Bahadur İMANQULİYEV,
Azərbaycan. - 2015.- 3 dekabr.- S.7.