Dövlətçiliyə
qarşı yönəlmiş daha bir cəhdin qarşısı qətiyyətlə
alındı
Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən respublikada insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, düşüncə arxetiplərimizi özündə ehtiva edən fəlsəfəmizdə başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası isə dini tolerantlığın ən başlıca təminatçısı kimi çıxış edir.
Azərbaycan xalqı dünyada islami dəyərlərə sadiq müsəlman ümməti kimi qəbul olunur. 70 il tərkibində yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun ateizm təbliğatı apararaq xalqımızı tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna əsla nail olmayıb. İslam dininin saflığını, humanist və insanpərvər mahiyyətini nümayiş etdirən dini bayramlar hər zaman qeyd olunub. Bu və digər dini dəyərlərə qəlbən inanan Azərbaycan insanı həm də kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb, islam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb.
Ölkə Prezidentinin andiçmə mərasimlərində Azərbaycan Respublikasının Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə və xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi, dini dəyərləri qoruyacağına and içməsi Azərbaycanda vicdan azadlığının ən ali səviyyədə təmin olunduğunu bir daha təsdiqləyir. Xalqımızın islami dəyərlərə bağlılığı dövlət rəmzlərində də özünü bariz təcəssüm etdirir. Respublikanın üçrəngli bayrağında yaşıl rəngin islamçılıq rəmzi kimi yer alması da xalqımzın yüzilliklər boyu etiqad göstərdiyi dini dəyərlərə həssas münasibətinin ifadəsidir.
Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımdan zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.
İslam dininə dözümlü münasibətin qloballaşan dünyada birgəyaşayışın əsas normalarından birinə çevrilməsinə mane olan bəzi qüvvələr isə din pərdəsi altında özlərinin məkrli məqsədlərini həyata keçirmək üçün bütün imkanlardan istifadə etməyə çalışırlar. Radikal ekstremist qruplaşmalar islama qarşı terrorun coğrafiyasını genişləndirərək bütün müsəlman ölkələrinə yaymaq istəyirlər. Ancaq onların niyyəti Azərbaycanda baş tutmayacaq. Ölkəmizdə funksional dövlət aparatı var və hüquq-mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. Digər bir tərfədən, Azərbaycanda islamı obyektiv əsaslarda dərk edən intellektual cəmiyyət və savadlı dindarlar var. Bu iki faktor ölkəmizi beynəlxalq terror şəbəkəsinin poliqonuna çevrilməsinə heç zaman imkan verməyəcək. 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən bir qrup silahlı cinayətkar dəstə zərərsizləşdirildi.
Radikal ekstemist dəstəyə rəhbərlik edən Taleh Bağırovun qeydiyyatdan keçməyən və hüquqi ünvanı olmayan “Müsəlman birliyi hərəkatı” üzvlərinin dövlət və konstitusiya quruluşumuza qarşı yönələn cinayətkar əməllərinin qarşısı qətiyyətlə alındı. Ekstremist dəstənin üzvlərinin Nardaran qəsəbəsində və respublikanın bəzi rayonlarında milli maraqlarımıza, dövlətçilik prinsiplərimizə zidd əməlləri ifşa olundu. Daxili İşlər Nazirliyi tərəfindən xüsusi əməliyyat keçirilən zaman polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücuma keçənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin beş üzvü öldürülüb, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, əməliyyat zamanı polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olublar. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Taleh Bağırov başda olmaqla onun əlaltıları da saxlanılaraq istintaqa təqdim edilib.
Nardaran hadisələri ilə bağlı rəsmi məlumatda bildirilir ki, “Müsəlman birliyi hərəkatı”nın əsas məqsədi qeyri-konstitusion yolla Azərbaycanda hakimiyyətə gəlmək, ölkəmizdə din pərdəsi altında şəriət qanunları ilə idarə edilən dövlət quruluşu yaratmaq olub. Nardaranda dövlət qurumları ilə qarşıdurmalar əvvəlki illərdə də olub və 2005-ci ildə iki polis əməkdaşı bu qəsəbədə qətlə yetirilib. Artıq 23-cü dəfədir ki, Nardaranda polislə qarşıdurma olur.
Daxili işlər naziri Ramil Usubovun da qeyd etdiyi kimi, bütün bu halların qarşısını almaq üçün noyabrın 26-da Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarının birgə iştirakı ilə xüsusi əməliyyat planı işlənib hazırlanıb və tədbirlər görülməyə başlanıb. Bu gün artıq 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həmin hadisədə polisə və hüquq-mühafizə orqanlarının işçilərinə silah tətbiq edən cinayətkarlardan beşi məhv edilib. Baş Prokurorluq tərəfindən intensiv istintaq işləri aparılıb, Nardaranda Daxili İşlər Nazirliyinin həm polis, həm də Daxili Qoşun qüvvələri vəziyyəti tamamilə nəzarət altına alıb. Azərbaycanın dövlət və konstitusion quruluşunu dəyişməyə yönələn bu cür cinayətkarlıq aktlarının qarşısının qətiyyətlə alınması ilə bağlı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hüquq-mühafizə orqanlarına ciddi tədbirlər görməyi tapşırıb.
Azərbaycan reallığına qaytarılan Nardaranda hazırda ictimai-siyasi vəziyyət normal məcradadır. Radikal ekstremist qrupun nardaranlıları arxaizmə, mövhumata və xurafata sürükləmək cəhdlərinin qarşısı alındı. Nardaranda hakimiyyət orqanları və dövlət strukturlarının funksiyalarının, səlahiyyətlərinin ən müxtəlif dini “qurum”lar, habelə “Ağsaqqallar Şurası” tərəfindən mənimsənilməsinə son qoyuldu. Nardaranda ölkə qanunvericiliyi tam bərqərar edilib və indiyədək baş vermiş olayların bir daha təkrarlanmaması üçün Azərbaycan dövləti zəruri tədbirləri bundan sonra da davam etdirəcək.
Səttar
MEHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri
Azərbaycan. - 2015.- 4 dekabr.- S. 6.