Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına növbəti səfəri də mühüm tədbirlərlə yadda qaldı

 

Azərbaycan xalqının ümummilli lideri, müasir və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” sözləri bu gün həqiqətə çevrilir. Ulu öndərin siyasətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti Azərbaycanın bütün bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında konkret göstəricilərlə, nəticələrlə bu arzusunu reallaşdırır.

Muxtar respublikada həyata keçirilən sistemli, hərtərəfli quruculuq tədbirlərinə xüsusi diqqət göstərən Prezidentin muxtar respublikaya hər gəlişi naxçıvanlılar tərəfindən sevinclə qarşılanır. Bu mənada ölkə başçısının Naxçıvan Muxtar Respublikasına növbəti səfəri də istisna olmadı.

Son 20 ildə daim inkişaf edən muxtar respublikada dağılmış infrastruktur yenilənmiş, iqtisadiyyat bərpa olunmuş, quruculuq işlərinin həcmi nəzərəçarpacaq dərəcədə artmış, ərzaq və enerji təhlükəsizliyi təmin edilmişdir. Təkcə son 5 ilin makroiqtisadi göstəricilərinə nəzər salaq: bu dövrdə muxtar respublikada ümumi daxili məhsul istehsalı 1,6, hər bir nəfərə düşən ÜDM istehsalı 1,5, sənaye məhsullarının ümumi həcmi 2,4, əsas kapitala yönəldilən investisiyalar 1,6, kənd təsərrüfatı məhsullarının istehsalı 1,3, informasiya və rabitə xidmətlərinin həcmi 1,1, xarici ticarət dövriyyəsi 1,4, əhalinin gəlirləri 1,4, hər bir nəfərə düşən gəlirlər 1,3, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 1,3 dəfə artmışdır. 5 ildə muxtar respublikada 110 təhsil və 74 səhiyyə ocağı, 144 mədəniyyət müəssisəsi, 145 inzibati bina tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilmiş, 384 istehsal və xidmət sahəsi yaradılmışdır. Yalnız 2015-ci ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikada əsas kapitala bütün maliyyə mənbələri hesabına 781 milyon 890 min manat investisiya sərf olunmuşdur ki, həmin vəsaitin də 88,2 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.

Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev muxtar respublikaya hər gəlişində, obyektlərin açılışlarındakı hər çıxışında, vətəndaşlarla hər görüşündə Naxçıvanda yüksək iqtisadi inkişaf tempinin olduğunu qeyd edir. Hələ 2008-ci ilin iyun ayında muxtar respublikaya səfəri zamanı ölkə başçısı burada böyük sürətlə həyata keçirilən irimiqyaslı quruculuq tədbirləri haqqında xoş sözlər söyləmişdir: “...mən hər il Naxçıvana gəlirəm, vəziyyətlə tanış oluram. Hər dəfə yeni obyektin açılışında iştirak edərkən mən çox sevinirəm, qürur hissi keçirirəm ki, Azərbaycanın qədim torpağı olan Naxçıvanda belə gözəl işlər görülür...”

Prezident bu dəfə də Naxçıvanda olarkən görülən hərtərəfli tədbirlərin yüksək səviyyədə həyata keçirildiyini vurğulamışdır: “Bütövlükdə Naxçıvanda işlər çox yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır. Mənim Naxçıvana səfərlərim mütəmadi xarakter daşıyır və hər dəfə bir çox açılışlarda iştirak edirəm. Bu da dinamik inkişafın təzahürüdür”.

Dövlət başçısı səfər zamanı yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı” ilə tanış oldu, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Babək rayonu Nehrəm kənd 2 saylı tam orta məktəbin, Naxçıvan şəhər 2 saylı uşaq musiqi məktəbinin, Naxçıvan Muxtar Respublikası xəstəxanasının, Naxçıvan Sənaye Kompleksinin, Naxçıvan Günəş Elektrik Stansiyasının açılışları və Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimlərində iştirak etdi.

Ölkə başçısının Naxçıvana hər səfəri bu cür hadisələrlə yadda qalır. Məhz belə layihələrin həyata keçirilməsi nəticəsində muxtar respublikanın siması yenilənir, müasirləşir. Çünki cənab Prezidentindediyi kimi, “...bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır”.

Güclü iqtisadiyyat yeni istehsalmüasir xidmət obyektləri deməkdir. Son illər muxtar respublika iqtisadiyyatında da müşahidə olunan sabit artım tempi yeni müəssisələrin istifadəyə verilməsi ilə yanaşı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni yerlərinin açılması və səmərəli məşğulluğun təşkili üçün əlverişli şərait yaradıb. Regionda sosial iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri də əhalinin artımı, demoqrafik göstəricilərin yaxşılaşmasıdır. Muxtar respublikanın əhalisi artıq 450 min nəfərə çatıbdır.

Naxçıvana səfəri çərçivəsində bu məqamı xüsusi qeyd edən dövlət başçısı ölkəmizin növbəti illərdə də nəzərdə tutulan bütün sosial proqramları uğurla həyata keçirəcəyini bildirdi: “Bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır. Bunu statistika göstərir və bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında qeyd edilir. Əminəm ki, biz gələn iliuğurla başa vuracağıq, necə ki, 2015-ci il gözəl nəticələrlə başa çatır, iqtisadi artım, inflyasiyanın aşağı səviyyədə qalması. 2016-cı ildə də nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq”. Bu inkişafın muxtar respublikada da getdiyini deyən Prezident Naxçıvan MR-in həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğuladı: “Naxçıvanda quruculuq, inkişaf davam etdiriləcəkdir. Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”.

Təbii ki, ötən illərdə olduğu kimi, 2015-ci il ərzində də muxtar respublikanın sosial-iqtisadi inkişafında qazanılan uğurlar ilk növbədə regionların sosial iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası ilə bağlıdır. Bu proqramın uğurla həyata keçirilməsi əhalinin gündəlik yaşayış səviyyəsində, maddi-rifah halının yaxşılaşmasında, şəhər və kəndlərin sosial mənzərəsinin dəyişilməsində özünü daha qabarıq göstərir. Bu həm də o deməkdir ki, ötən illərdə sosial, iqtisadi və mədəni həyatın bütün sahələrində qazanılan uğurlu nəticələrlə kifayətlənməyən muxtar respublikada gələcək uğurların təməli indidən qoyulur. Bu inamla atılan addımların arxasında isə dövlət başçısının Azərbaycanın hərtərəfli inkişafı üçün həyata keçirdiyi uğurlu siyasət dayanır.

 

Elxan MƏMMƏDOV,

 

Azərbaycan.- 2015.- 5 dekabr.- S. 1.