“Dini
ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi qəbul edildi
Dekabrın 4-də Milli Məclisin növbəti iclası keçirildi. İclasın gündəliyində olan əsas məsələ “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi idi.
İclası açan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov birbaşa gündəlikdə olan məsələlərin müzakirəsinə keçməyi təklif etdi. Sonra gündəlikdə olan “Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni qanun layihəsi barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verdi. Bildirdi ki, dünyada və Azərbaycan daxilində baş verən hadisələr dini ekstremizmlə bağlı məsələlərə xüsusi yanaşma tələb edir. Çünki ölkədə müxtəlif adlar altında yaradılan hərəkatların qarşısı vaxtında alınmalıdır. Hazırda dünyada fərqli adlar altında ölkələrə müxtəlif ideyalar ixrac olunur. Xüsusilə din adı altında öz ideyalarına başqa-başqa don geyindirən hərəkatlar mövcuddur. İxrac olunan bu ideyalar digərlərindən çox kəskin şəkildə fərqlənir. Burada mənəviyyat və insanların inancından sui-istifadə məsələsi var. Ona görə də həmin şəxslərə qarşı cəzalar qanunvericiliyin tələblərinə uyğun olaraq daha kəskin olmalıdır.
S.Novruzov qeyd etdi ki, Azərbaycanın dini modeli ən düzgün modeldir: “Azərbaycanda dövlət həmişə dinin yanında olub. Başqa ölkələr bu sahədə bizə qibtə edə bilərlər. Qanunun əsas məqsədi ölkəyə yeridilən xarici ideologiyanın qarşısının alınması, Azərbaycanda klassik İslam modelinin saxlanmasıdır. Əvvəllər insan hüquqları adı altında müxtəlif ölkələrdə məkrli niyyətlər həyata keçirməyə çalışıblar. İndi isə bəziləri din pərdəsi altında bunu həyata keçirirlər. Qanunla belə hərəkətlərin qarşısı alınmalıdır”. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda hər bir vətəndaşın hüquqları yüksək səviyyədə qorunur və təmin edilir. Hər kəs qanun qarşısında bərabərdir. Bu səbəbdən də hamının qanunun tələblərinə əməl etməsi mütləqdir. Konstitusiyada dövlət quruluşu müəyyənləşib. Ona görə də mənəvi dəyərləri mövcud olan ölkədə əks nə isə etmək, başqa dövlətin modelini burada qurmaq istəyənlər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdırlar. Xalqla iqtidar bir yerdədir. Mövcud qanunvericilik də imkan verir ki, ölkədəki demokratik vəziyyət əbədi olsun. Digər dini cərəyanlar buna əsla müdaxilə edə bilməz.
Komitə sədri dedi ki, belə bir qanun xeyli əvvəldən qəbul edilməliydi. Çünki xaricdə dini təhsil alanlardan bəziləri sonradan Azərbaycana qayıdıb ekstremizmlə məşğul olurlar. Jurnalistlər bu məsələdə məsuliyyətli olmalıdırlar. Son hadisələr göstərir ki, vətəndaşlar da ayıq-sayıq olmalıdırlar. Heç kimə imkan vermək olmaz ki, qanundan kənar hansısa dini idarəetmə yaratsın. Azərbaycan vətəndaşları səs verərək dövlət quruluşunu müəyyən ediblər. Ancaq haradasa dini təlim keçmiş insanlar ayrı-ayrı yerlərdə dövlət quruluşumuzun pozulması yönündə açıq-aşkar fəaliyyət göstərirlər. Belə halların qarşısını vaxtında almaq lazımdır.
Sözügedən qanun layihəsinə əsasən, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına, həmçinin bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur. Qanun layihəsində qeyd olunur ki, dini ekstremist fəaliyyətində iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələr ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilir və onların fəaliyyəti qadağan olunur. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır. Dini ekstremizmə qarşı mübarizənin əsas prinsipləri qanunçuluğun təmin edilməsi, dini ekstremizmə görə cəzanın labüdlüyü, eyni zamanda, hüquqi, siyasi, ideoloji, sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərdən kompleks istifadə etməkdir. Bundan başqa, dini ekstremizmə qarşı mübarizə zamanı açıq və gizli metodların əlaqələndirilməsi, həmçinin, dini ekstremizm nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü də əsas prinsiplərə daxildir.
Müzakirələr zamanı deputatlardan Zahid Oruc, Azər Badamov, Musa Qasımlı, Fazil Mustafa, Tahir Rzayev, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov və Fuad Muradov yeni qanun layihəsi ilə bağlı öz fikir və təkliflərini bildirdilər. Qeyd olundu ki, Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir. Bu layihə də Azərbaycanın dünyəviliyini qoruyub-saxlamağa xidmət edəcək.
Milli Məclisin Sədr müavini Bahar Muradova da məsələ barədə fikir bildirdi. O, qanun layihəsinin İslamla yox, dini ekstremizmlə bağlı olduğunu söylədi: “Deputat həmkarlarımızdan xahiş edirəm ki, bu qanun layihəsi barədə danışanda tək Nardaran məsələsini, islam fundamentalizmini qeyd etməsinlər. Avropada İslamı gözdən salmağa çalışırlar. Amma ən zərərli islamofobiya İslam ölkələrinin özlərinin daxilindədir. Digər tərəfdən, Azərbaycanda çoxlu sayda dinlər, dini mərkəzlər var. Biz şahid olmuşuq ki, Azərbaycanın regionlarında vətəndaşlarımızı qorxutma, şirnikləndirmə yolu ilə digər dinlərə, təriqətlərə cəlb etməyə çalışıblar. Cəmiyyət də anlamalıdır ki, biz bu qanunu nəyə görə qəbul edirik”. B.Muradova Azərbaycanın dini deyil, dünyəvi dövlət olduğunu vurğuladı. Dedi ki, həyatımızı dini, milli dəyərlərə və qanunlara uyğun qurmalıyıq. Hazırda təqdim olunan qanun layihəsi çaşqınlıq vəziyyətində olan insanlara dəstək vermək, onların ekstremizmə yuvarlanmasının qarşısını almaq üçündür”.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd etdi ki, kimlərsə haradan gəldi qara bayraqlar asırlar. Adını da İslam dininə və imamlara bağlayırlar: “Bu günah deyilmi? Hələ bir neçə əsr əvvəl rəhmətlik Mirzə Fətəli Axundov, Mirzə Cəlil və Sabir mövhumatçılığa, cəhalətə qarşı mübarizə aparıblar. İndi kimlərsə yenidən bizi o cəhalətə sürükləmək istəyirlər. Amma daha qurtardı. Azərbaycanın bir bayrağı var. Onun da üç rəngi var. Hər yerdə bu bayraq asılmalıdır. Bu dövləti bizə Heydər Əliyev əmanət edib. Əmanətə xəyanət edənlər cəzalandırılacaq”.
Müzakirələrdən sonra Z.Əsgərov vurğuladı ki, “Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni qanun layihəsi barədə hər kəsin fikri təqribən eynidir. Ona görə də layihəni birinci oxunuşdaca qəbul etməyi təklif etdi. Layihə səsə qoyularaq qəbul edildi.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasın gündəliyində olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Polis haqqında” qanunlara, həmçinin Cinayət və İnzibati Xətalar məcəllələrinə müvafiq dəyişikliklər edilməsi barədə qanun layihələri haqda məlumat verdi. Bildirdi ki, bu qanunlara təklif olunan dəyişikliklər əsasən “Dini ekstremizmlə mübarizə haqqında” qanunun müddəaları ilə əlaqədardır. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 18-ci maddəsinin birinci hissəsinə “Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi” və “Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, yaxud dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması” bəndləri əlavə edilir.
Qanun layihəsi ilə bağlı deputatlardan Fazil Mustafa, Bəxtiyar Əliyev, Şəmsəddin Hacıyev və Aydın Mirzəzadə fikirlərini səsləndirdilər. Sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.
“Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində isə qeyd olunur ki, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. İslam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması da yolverilməzdir.
İclasda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Milli Məclisdə qaldırılan məsələlərə münasibət bildirdi. Qeyd etdi ki, həqiqətən də İslamda dini bayraq anlayışı yoxdur. Əvvəllər belə yaşıl bayraqlar olub, lakin bunlar da müəyyən döyüşlər zamanı istifadə edilib: “Bilirsiniz ki, dinlə bağlı müxtəlif tədbirlər keçirilir və bəzi radikal qruplar bu tədbirlərdən sui-istifadə edərək, müxtəlif dini şüarları, rəmzləri nümayiş etdirirlər. Bunun qarşısı alınmalıdır. Çünki digər ölkələrdə də bu hallara qarşı müvafiq qadağalar var.
Xaricdə təhsil məsələsinə gəldikdə isə, M.Qurbanlı dedi ki, burada səsləndirilən fikirlər təbii ki, indiyədək xaricdə təhsil alan şəxslərə tətbiq edilməyəcək. Amma insanlar nəyə görə xaricdə təhsil almaqda maraqlıdırlar. Bunun qarşısını almaqdan ötrü Azərbaycanda ödənişsiz təhsil verən bir müəssisənin yaradılması ilə bağlı təklif var. Çünki xarici universitetlərdə dini təhsil pulsuzdur. Ona görə də orada oxumaq istəyənlərin qarşısında geniş şərait yaranır. Belə olan halda tələbə təhsil aldığı ölkənin ideologiyasını mənimsəyir və onu digər yerlərdə də tətbiq etməyə çalışır. Digər tərəfdən, biz bununla bağlı ortaya kəskin mövqe qoymaqla valideynlər də başa düşəcəklər ki, onun övladının xaricdə təhsil almasının heç bir əhəmiyyəti yoxdur.
Deputatlardan Musa Quliyev, Fazil Mustafa, Qənirə Paşayeva, Hüseynbala Mirələmov və Elmira Axundova layihəyə müəyyən təkliflər etməklə, ümumilikdə müsbət fikir bildirdilər.
Qanun layihəsi təsdiq edildi.
“Polis haqqında” qanuna təklif olunan düzəlişdə isə deyilir: terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqinə icazə verilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Cinayət Məcəlləsinə edilən əlavəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı tərəfindən aparılmasına görə min manatdan beş min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılarsa, həmin şəxslər 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.
Qanun layihəsi səsə qoyularaq təsdiq olundu.
İclasda "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində" dəyişikliklər edilməsi haqqında" qanun layihəsi də müzakirə edildi. Təklif olunan dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə yüz manat miqdarında cərimə edilir. Qanun layihəsi təsdiq olundu.
İclasın gündəliyində olan sonuncu məsələ “Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi idi.
Bu layihə də deputatlar tərəfindən təsdiqləndi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2015.- 5 dekabr.- S.1, 3.