Türkiyə Baş nazirinin xanımı Heydər Əliyev Mərkəzində olub

 

Dekabrın 4-də Türkiyənin Baş naziri Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu Heydər Əliyev Mərkəzi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, qonağa Mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, Azərbaycan tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir.

Sare Davudoğlu Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olub. O, 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıb. Məlumat verilib ki, Heydər Əliyev Muzeyi təşkil olunarkən burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey həm də Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyət kəsb edir.

Sonra qonaq Muzeyin multimedia zalında ümummilli lider Heydər Əliyev haqqında filmə baxıb.

“Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanış olan Türkiyə Baş nazirinin xanımına məlumat verilib ki, bu sərgidə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən, ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir.

Sare Davudoğlu Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

 

Azərbaycan. - 2015.- 5 dekabr.- S.2.