Torpaq üçün kateqoriyalara görə müvəqqəti istifadə müddəti müəyyən ediləcək

 

Azərbaycanda torpaqdan müvəqqəti istifadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddət dəyişdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin aqrar siyasət komitəsinin iclasında müzakirə olunub. Bundan başqa, komitə iclasında daha 7 qanuna dəyişikliklərlə bağlı təkliflər irəli sürülüb.

Torpaq Məcəlləsinin müzakirəsi zamanı bildirilib ki, hazırda qüvvədə olan qanuna görə torpaqdan müvəqqəti istifadə qısamüddətli 15 ilədək, uzunmüddətli 15 ildən 99 ilədək müəyyən olunub. Dəyişikliyə əsasən isə torpaqlar kateqoriyalara bölünüb və hər bir kateqoriya üçün müddətlər müəyyənləşdirilir. Qanun layihəsinə edilən təklifə görə, torpaqdan qısamüddətli müvəqqəti istifadə 15 ilədək, uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün 15 ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə 15 ildən 49 ilədək müəyyən edilə bilər.

Layihənin önəmindən danışan aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Azərbaycanda bu sahə sürətlə inkişaf edir. Ölkəmizdə məhsul artımı və onun xarici bazarlara çıxarılması üçün yaxşı imkanlar var.

İclasda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Tütüntütün məmulatı haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Pambıqçılıq haqqında” qanun layihələrinə dəyişikliklər də müzakirə olunub. Bundan başqa, “Kənd təsərrüfatı kooperasiyası” haqında qanun layihəsinə dəyişikliklə bağlı müxtəlif təkliflər irəli sürülüb.

Qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.

 

Azərbaycan. - 2015.- 5 dekabr.- S.2.