Azərbaycan icbari tibbi sığortaya keçidin hazırlıq mərhələsindədir
Nazirlər Kabineti yanında
İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin direktoru Zaur ƏLİYEV: “Bütün modellərin ən
yaxşı cəhətlərini seçib icbari tibbi
sığortanın Azərbaycan modelini yaradacağıq”
Ölkəmizdə sosial-iqtisadi sahədə əldə edilən böyük uğurların fonunda icbari tibbi sığorta sisteminin tətbiqinin gecikməsi ictimaiyyətdə haqlı suallar yaradır. Həmçinin belə təsəvvür var ki, əhaliyə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ən effektiv addım məhz icbari tibbi sığortaya keçid ola bilər. Əslində, bu sahədə qanunvericilik baxımından müəyyən işlər də görülüb. “Tibbi sığorta haqqında” qanun qəbul edilib, həmçinin səhiyyədə həyata keçirilən islahatların bu prosesə köklənməsi üçün hüquqi baza formalaşdırılır. Digər mühüm məqam isə 8 il öncə yaradılan Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bir ay öncə rəhbərin təyin olunmasıdır.
İcbari tibbi sığortaya keçidin mövcud durumu və qarşıda duran vəzifələrlə bağlı suallarımızı da elə Dövlət Agentliyinin direktoru Zaur ƏLİYEV cavablandırdı.
- Zaur
müəllim, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin gecikməsinin
səbəbi nədir?
- Son 12 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də bir çox islahat aparılıb və müasir səhiyyə müəssisələrinin, infrastrukturun qurulması üçün böyük məbləğdə vəsait qoyulub. Bu dövrdə əksəriyyəti respublikanın bölgələrində olmaqla 500-dən artıq tibb müəssisəsi əsaslı təmir olunub və yeniləri tikilib. Tibb müəssisələrinin hər biri günün tələblərinə cavab verən müasir maddi-texniki baza ilə təchiz olunub. Hökumət hər il bu sahəyə böyük həcmdə investisiya yatırır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il müddətində 10 dəfədən çox artırılıb. Bu vəsait əsasən infrastrukturun qurulmasına və maddi-texniki bazanın gücləndirilməsinə sərf olunub.
Təbii ki, icbari tibbi sığortanın tətbiqi üçün infrastrukturun qurulması olduqca zəruri şərtdir. Çünki infrastruktur olmadan icbari tibbi sığortanın tətbiqini həyata keçirmək olmaz. Bəlkə də bu müddətdə paytaxt Bakı sığortanın tətbiqinə hazır idi, amma bölgələrimizdə tibb ocaqlarının sayının az olması və maddi-texniki bazanın zəifliyi icbari tibbi sığortanın tətbiqinə imkan vermirdi. Yəni 10 il öncə biz icbari tibbi sığortanın tətbiqinə hazır deyildik. Bu gün artıq Azərbaycan sosial-iqtisadi inkişafın elə bir mərhələsindədir ki, vətəndaşların sağlamlığının təmin olunması, onların maneəsiz tam tibbi xidmətlər alması üçün icbari tibbi sığorta sisteminin tətbiqinə hazırdır.
-
Maraqlıdır, biz hazırda icbari tibbi sığortaya keçidin hansı mərhələsindəyik
və hansı sahələrdə qanunvericilik
bazasını təkmilləşdirməyə, yaxud dəyişməyə ehtiyac
var?
- Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, icbari tibbi sığortaya hazırlıq prosesi və ölkə üzrə tam tətbiqi 3-5 il arasında dəyişir. Qarşıdan gələn 2016-cı il agentliyin fəaliyyəti üçün mühümdür. İlk növbədə, agentliyin tam fəaliyyətə başlaması üçün təşkilati-quruculuq məsələləri öz həllini tapmalı, kadr heyəti toplanmalıdır. Biz hazırda bu işləri paralel görürük və aktiv şəkildə bu sahə üzrə güclü mütəxəssislərin cəlb olunması ilə məşğuluq.
Gələn ili tibbi sığortanın tətbiqinə hazırlıq mərhələsi də adlandırmaq olar. Hazırlıq mərhələsində maliyyələşmənin necə həyata keçiriləcəyi, vəsaitlərin toplanması, əsas xidmət paketinin tərkibi, vahid qiymət cədvəli müəyyən ediləcək. Bununla yanaşı, əhalinin qruplara bölünməsi, iqtisadi fəal olan əhalinin, uşaqların, əlillərin, pensiyaçıların, dövlət və özəl sektorda işləyənlərin sayı məlum olacaq.
2016-cı ilin ilk yarısında seçəcəyimiz modelin əsas məqamlarını, mərhələlərini müəyyən edəcəyik. Daha sonra qanunvericilikdə dəyişikliklər ediləcək, tibb müəssisələrinin icbari tibbi sığortaya hazırlanmasını başa çatdıracağıq. 2016-cı ilin sonlarına doğru və ya 2017-ci ilin əvvəlində icbari tibbi sığortanın tətbiqi məqsədilə pilot layihənin həyata keçirilməsinə başlanacaq.
Mətbuatda icbari tibbi sığorta üzrə pilot layihənin rayonlardan birində tətbiq ediləcəyi haqda xəbərlər dərc edilib. Bununla bağlı dəqiqləşmə aparmaq istərdim. Qeyd edim ki, biz xarici təcrübəni araşdıranda icbari tibbi sığorta üzrə pilot layihələrində müxtəlif hədəf qruplarının seçildiyini gördük. Onlardan biri də peşə sahibləri idi. Hazırda araşdırmalarımız davam edir. Yəni ola bilər ki, icbari tibbi sığorta üzrə pilot layihə rayonlardan birində və yaxud hər hansı peşə işçiləri arasında tətbiq olunsun. Biz hər iki pilot layihənin müsbət və mənfi cəhətlərini qiymətləndirib qərar verəcəyik. Əlbəttə ki, qanunvericilikdə dəyişiklik seçilən modeldən asılı olacaq.
Pilot layihədən sonra zəif, güclü tərəflər qiymətləndirilir və prosesin bütün ölkədə həyata keçirilməsinə qərar verilir.
Hazırlıq mərhələsində xarici ölkələrdən ekspertlərin cəlb edilməsi də nəzərdə tutulur. Yeri gəlmişkən, Türkiyədə sosial tibbi sığorta sisteminin qurucusu və ilk baş direktoru Sami Türkoğlu bu günlərdə Bakıda səfərdə olub. Onunla bu mövzuda geniş müzakirələr aparılıb.
- İcbari
Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin fəaliyyət istiqaməti, əslində,
elə adından məlumdur. Lakin bu qurumun spesifik
fəaliyyət yönümündən əlavə, hansı
səlahiyyətləri və xidmətləri olacaq?
- Əlbəttə ki, agentliyin əsas fəaliyyət istiqaməti ölkədə icbari tibbi sığorta sistemini qurmaq olacaq. Amma bununla yanaşı, əsas məqsədimiz odur ki, əhalimiz sağlam olsun. Ona görə də agentlik mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birlikdə “Sağlam həyat tərzi” devizi altında təbliğat, maarifləndirmə işləri aparacaq. Bununla yanaşı, əhalinin icbari tibbi sığortadan istifadəsini asanlaşdırmaq məqsədilə maarifləndirmə işləri aparılacaq.
- Səhiyyənin
maliyyələşməsini təkmilləşdirmək, əhaliyə
tibbi yardım göstərilməsi mexanizmini müasir tələblərə
uyğunlaşdırmaq, səhiyyə xidmətinin keyfiyyətini
daha da
yaxşılaşdırmaq icbari tibbi sığortanın əsaslarını təşkil
edir.
Sizcə, səhiyyəmiz buna
hazırdımı?
- İcbari sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir. Sadəcə, icbari tibbi sığortanın tətbiqi bu islahatlara təkan verəcək və ya hansı sahədə islahatların aparılmasının zəruriliyi önə çıxacaq. Bəli, bu gün səhiyyə sistemi 32 min həkim, 56 mindən çox orta tibb işçisi ilə prosesə hazırdır. Azərbaycanda kifayət qədər mütəxəssis var. Müqayisə aparsaq, görərsiniz ki, bu sahədə Avropa ölkələrindən geridə qalmırıq. Bir məqamı vurğulamaq yerinə düşər ki, icbari tibbi sığortanın tətbiqi ilkin olaraq dövlət xəstəxanalarından başlayacaq.
- İcbari
tibbi sığortaya keçid
səhiyyə sahəsində nəyi dəyişəcək?
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səhiyyə üzrə xidmətləri alan, tibb müəssisələrinin isə xidməti təklif edən rolunda çıxış etdiyini nəzərə alsaq, onda bizim agentliyin əsas məqsədinin sığortalıların keyfiyyətli, yüksək səviyyədə və operativ xidmət alması olduğu üzə çıxar. Ona görə də icbari tibbi sığorta tətbiq ediləndə bizim tibb müəssisələrindən keyfiyyətli xidmət, həkimlərin peşəkarlığı, operativlik və sair kimi tələblərimiz olacaq. Tibb müəssisələrinin marağında olacaq ki, xidmətlərin səviyyəsi yüksəldilsin. Biz dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq istəyirik. Çünki rəqabət olan yerdə keyfiyyət artır. Amma bu rəqabət qiymət üzərində deyil, göstərilən xidmətlər, həkimlərin biliyi, vətəndaşların sağlamlıq durumlarını bərpa etmələri səviyyəsi əsasında qurulacaq. Bu məqamda qeyd edim ki, icbari tibbi sığorta üzrə vahid qiymət cədvəli olacaq.
Onu da bildirim ki, icbari tibbi sığortanın tətbiqi ən yaxşı xəstəxanalarla yanaşı, həkimləri də üzə çıxaracaq. Sığortanın tətbiqindən sonra ən yaxşı həkimləri, xəstəxanaları tanıtmaq daha asan olacaq. Artıq “Məsləhətli həkim tanıyırsan?” sualına daha müasir şəkildə cavab almaq mümkün olacaq. Təbii ki, həkimlər, xəstəxanalar yaxşıların siyahısına düşmək üçün keyfiyyətli xidmət göstərməyə çalışacaqlar. Həkimlər artıq yüksək məbləğdə gəliri açıq şəkildə qazanacaqlar. Xəstəsi çox olan həkimlərin qazancı da yüksək olacaq.
- İcbari
tibbi sığorta edilmə prosesində
hansısa əhali qrupuna güzəştlər
nəzərdə tutulurmu?
- Aztəminatlı ailələrə, əlil və pensiyaçılara müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlərin hansı formada olacağına isə modelin tətbiqinə başlayandan sonra aydınlıq gətiriləcək.
- Bu
sistemin tətbiqində beynəlxalq təcrübənin
öyrənilməsi mexanizmi varmı?
- Bu günə qədər bəzi ölkələrin təcrübəsi öyrənilib və indi də davam etdirilir. Məlum olduğu kimi, müxtəlif vaxtlarda digər ölkələrin təcrübəsinin öyrənilməsi məqsədilə millət vəkilləri, ekspertlər, Nazirlər Kabinetinin, Səhiyyə Nazirliyinin, Maliyyə Nazirliyinin əməkdaşları xarici ölkələrdə səfərlərdə olublar. Hazırda biz bu materiallari toplayıb yaxından tanış oluruq. Əslində, toplanmış materialların təhlili işimizi asanlaşdırır. Amma reallıq odur ki, hər bir ölkə icbari tibbi sığorta modelini təkmilləşdirir. Ümumiyyətlə, icbari tibbi sığorta davamlı dəyişən, inkişaf edən prosesdir. Məqsədimiz hansısa ölkənin modelini olduğu kimi Azərbaycanda tətbiq etmək deyil. Biz bütün modelləri araşdırırıq və ən yaxşı cəhətləri seçib icbari tibbi sığortanın Azərbaycan modelini yaradacağıq.
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2015.- 5 dekabr.- S.4.