Lahıc misgərlik
sənətinin UNESCO-nun qeyri-maddi
mədəni irs siyahısına daxil edilməsi İsmayıllıda böyük sevinclə qarşılanıb
Azərbaycanın mirvarisi, Gənclər paytaxtı, sənətkarlar yurdu İsmayıllı qədim və zəngin tarixi, maddi və mədəni irsi olan bir məkandır. Təsadüfi deyil ki, rayonun Lahıc, Basqal sənətkarlarının əl işləri nəinki respublikamızda, onun hüdudlarından kənarda da Azərbaycanın sənətkarlıq nümunəsi kimi çox yüksək səviyyədə təmsil olunur.
Bu günlər ismayıllılılar yeni şad xəbərin sevincini yaşayırlar. Belə ki, Prezident İlham Əliyevin hərtərəfli dəstəyi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsi olaraq “Lahıc misgərlik sənəti” UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə dekabrın 4-də İsmayıllıda rayon ictimaiyyəti nümayəndələrinin yığıncağı keçirilib. Lahıc sənətkarlarının, ziyalıların, rayon fəallarının, gənclərin və ağsaqqalların iştirak etdiyi tədbiri rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq, bu hadisənin bütün İsmayıllı sakinlərinin sevincinə səbəb olduğunu vurğulayıb.
Mirdaməd Sadıqov xalq sənətkarlığına verilən yüksək qiymətə görə dövlətimizin başçısı İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bütün ismayıllılılar adından minnətdarlığını bildirib.
Yığıncaqda çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov, Lahıc Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Nəzər Əliyev, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, rayon ağsaqqalı Abduləli Əliyev, veteran Valeh Salehov və başqaları əlamətdar hadisə münasibətilə Lahıc sənətkarlarını təbrik ediblər.
Tədbirdə Lahıcda misgərlik, Basqalda kəlağayı, Qalacıqda isə xalçaçılıq üzrə kursların açılması, Lahıc qəsəbəsində misgərlik muzeyinin yaradılması ilə bağlı təkliflər səsləndirilib. Verilən təkliflər iştirakçılar tərəfindən razılıqla qarşılanıb.
Yığıncaqda rayon
ictimaiyyətinin nümayəndələri adından Prezident İlham Əliyevə
müraciət qəbul olunub. Habelə
Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və ISESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevaya, eləcə də digər
əlaqədar təşkilatlara təşəkkür məktubları
ünvanlanıb.
AZƏRTAC
Azərbaycan. - 2015.- 5 dekabr.- S.4.