Zirvəyə aparan yolda...

 

Ziyalı ömrü

 

Həyata nikbin baxan, yaşamağın mənasını elə-obaya, vətənə xeyir verməkdə axtaran Zülfüqar müəllim Bərdənin sayılıb-seçilən ziyalılarındandır. O, mənalı ömrünü vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərə qırılmaz tellərlə bağlı gənclərin yetişməsi yolunda şam kimi əridir.

1957-ci ildə Bərdə rayonunun Körpüqıran kəndində dünyaya göz açan Zülfüqar Əsədov qonşu Yeni Daşkənd kənd orta məktəbini əla qiymətlərlə bitirən ili Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub. Zülfüqar müəllim həmin illəri xatırlayaraq deyir ki, əlli ildən çox bir zaman keçsə də, adı bu gün də hörmət və ehtiramla xatırlanan müəllimim Tanrıverdi Hacıyev həmişə mənim idealım olub. O, riyaziyyatdan dərs deyirdi. Onun tövsiyələri həyat yolumu müəyyən edib. Ona görə də həmişə müəllimimə oxşamağa çalışmışam.

Qayğısız tələbəlik həyatı, quş qanadlı illər sanki bir göz qırpımında ötüb keçir. Gənc Zülfüqar ali təhsilini bitirib doğma Bərdə rayonuna təyinat alır.  Muğanlı kənd orta məktəbində riyaziyyat fənnindən dərs deməyə başlayır. Bütün bacarığını sərf edərək bu çətin, eyni zamanda gərəkli fənni şagirdlərə sevdirməyə çalışır. Onun yaradıcılıq əzmi bir kəndin, bir rayonun hüdudlarına sığmır. Sovetlər dövründə SSRİ-nin təhsil sistemində nüfuzlu nəşrlərdən sayılan “Kvant” və “Matematika v şkole” jurnalları Zülfüqar müəllimin yazdığı maraqlı məqalələri çap etdikcə o, daha geniş dairədə tanınır, müəllim kimi nüfuzu artır. İlk böyük uğurunu 1985-ci ildə qazanır. Onun rəhbərlik etdiyi riyaziyyat dərnəyi həmin il beynəlxalq olimpiadanın qalibi olur.

Uğur ardınca uğur gəlir, çəkdiyi zəhmət, keçirdiyi yuxusuz gecələr, səmərəli axtarışlar öz müsbət nəticələri ilə onun ömür yolunu nura boyayaraq gənc müəllimi yeni nailiyyətlərə ruhlandırır. Çox keçmir ki, o, baş müəllim, sonra isə metodist müəllim adlarına layiq görülür. 1987-ci ildə SSRİ Təhsil Nazirliyinin fəxri fərmanı və SSRİ Ali Soveti Rəyasət Heyətinin “Əmək rəşadəti” medalı ilə təltif edilir.

1997-ci ildə Zülfüqar Əsədov Muğanlı kənd tam orta məktəbinə direktor təyin olunur. Qayğıları artsa da, yaradıcılıq həvəsi zəifləmir. Elmi-metodik jurnal və qəzetlərdə Azərbaycan təhsilində aparılan islahatlarla bağlı maraq doğuran məqalələrlə çıxışlar edir. Respublikada keçirilən elmi-praktik konfranslarda, seminarlarda səsləndirdiyi təklif və fikirləri diqqətlə qarşılanır. “Riyaziyyat-7” dərsliyinə yazdığı rəy ölkənin pedaqoji ictimaiyyətində böyük maraq doğurur.

Muğanlı kənd tam orta məktəbi Bərdə rayonunun qabaqcıl təhsil ocaqları sırasındadır. Builki məzunlardan 10 nəfər ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdi. Onların 8-i yüksək balla tələbə adı qazanıb. Fərəhlidir ki, məzunların 2 nəfəri 600-dən, 4-ü isə 500-dən çox bal toplayaraq ölkənin ən nüfuzlu ali məktəblərinə qəbul olunublar.

Əyalətdə fəaliyyət göstərən Muğanlı kənd tam orta məktəbi dövlətin təhsilin inkişafına göstərdiyi qayğı və diqqəti özündə təcəssüm etdirən bir nümunədir. 2012-ci ildə “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan bu təhsil ocağının  pedaqoji kollektivi qazandığı şərəfli adı qoruyub saxlamaq üçün bütün bacarığını sərf edir. Zülfüqar Əsədov bu uğurları kollektiv əməyin nəticəsi hesab edir. Sinəsini “Tərəqqi” medalı bəzəyən riyaziyyatçı direktor bu günlərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Əməkdar müəllim” fəxri adına da layiq görülüb.

Arzusu, amalı vətəninə, xalqına şərəfli xidmət olan Zülfüqar müəllimi Bərdədə hamı tanıyır, ona hər kəs hörmət və ehtiramla yanaşır. Əldə etdiyi nüfuzu da, şöhrəti də halal zəhməti ilə qazanıb.

 

Lazım QULİYEV,

 

Azərbaycan. - 2015.- 5 dekabr.- S.5.