Canpoladın sonuncu xəbəri

 

Qarabağ savaşı başlayanda Canpolad Rzayev hərbi xidməti təzəcə başa vurmuşdu. Yaşıdları kimi, onun da arzuları, istəkləri vardı. Ali təhsilini başa vurub yenidən öz doğma kəndinə - Çuxurməhləyə qayıtmaq istəyirdi. Valideynlərinə belə söz vermişdi. Amma bu dəfə sözünün üstündə axıra qədər dayana bilmədi, müharibə macal vermədi. Ağdamda doğmalarının gözü yolda qaldı...

Yaxınları deyirlər ki, Canpolad uşaqlıqdan inadkar idi, sözündən dönməzdi. Haqsız işlə barışmazdı. Allah düşmənə lənət etsin, uşaqların arzularını yarımçıq qoydu.

Canpolad hərbi xidmətdən sonra cəmi bir-iki günlük doğma kəndlərinə qayıtdı. Sonra da yenidən könüllü cəbhəyə yollandı. Gedəndə atasına söz verdi ki, mütləq qayıdacaq. Amma torpaqlarımız azad olandan sonra, nə qədər ki vətən təhlükədədir, geri çəkilməyə haqqı yoxdur. Gərək axıra qədər mübarizəmizi davam etdirək. Hansı yolla olursa-olsun düşmən sərt cavabını almalıdır.

Müharibə Canpoladı ən çətin günlərin sınağından keçirdi. O, yaxşı bilirdi ki, qarşı tərəfdə qüvvələr nisbəti bizdən xeyli üstündür. Amma bütün bunlar asanlıqla təslim olmağa şərt deyildi. Bizi böyük amallar, istəklər birləşdirirdi. Hər qarış torpaq uğrunda ciddi savaş gedirdi. Onda Canpolad Xramord, Xanabad, Əsgəran uğrunda gedən döyüşlərdə ön cəbhədə vuruşurdu. Ən ağır əməliyyatlar zamanı düşmənin xeyli canlı qüvvəsi məhv edilmişdi. Canpolad dinc əhalini daha təhlükəsiz yerlərə çatdırmaq üçün fədakarlıq göstərirdi. Mühasirəyə düşən adamlar onun köməyinə arxalanırdılar. Bilirdilər ki, Canpolad onların imdadına çatacaq, heç kimi köməksiz qoymayacaq. Bu el-oba öz övladını belə böyütmüşdü.

Doğmaları onunla son söhbətlərini yaxşı xatırlayırlar. Hər dəfə bizi arxayın edirdi ki, yaxın günlərdə qayıdacağam. Gərək məni böyüdən, ərsəyə gətirən adamların ümidi qırılmasın. Bironu deyirdi ki, bu yerləri heç kəs bizdən yaxşı tanımır. Hər cığırına, dağına-daşına bələdik. Biz axıra qədər sübut etməliyik ki, adamlar bizə güvənməkdə səhv etməyiblər. Bir övlad kimi o borcu şərəflə qaytarmalıyıq.

Canpolad Qarabağ savaşında ən ağır xəbəri 1992-ci ilin fevral ayının 26-da eşitdi. Düşmən Xocalıda elə vəhşilik törətmişdi ki, vahiməsi ölçüyə-biçiyə sığmırdı. Erməni vəhşiləri körpə uşaqlara, qocalara, qadınlara zərrə qədər də güzəşt etmirdilər. O gecə qarşılarına çıxanı amansızcasına güllələyirdilər. Qətlin ən qəddar üsullarını seçirdilər. Belə edam üsullarını heç nəylə müqayisə etmək olmurdu. Bütün bunları eşidən Canpolad dərhal dinc əhaliyə köməyə yollandı. Soyuq qış gününün şaxtalı gecəsində müdafiə olunmaq üçün köməksiz əhali dağlara, dərələrə səpələnmişdi. Bir tərəfdən düşmən hücum edirdi, o biri tərəfdən soyuqdan, sazaqdan donmaq təhlükəsi yaranmışdı. Onda adamların köməyə ciddi ehtiyacı vardı. O dəhşətli gecədə Canpolad yüzlərlə adama həyan oldu. İtkilərlə heç cür barışa bilmirdi. Böyük bir mahalın köməksiz, arxasız qalmasına görə çoxlarını qınayırdı. Dəfələrlə Bakıdan - paytaxtdan kömək istəsələr də, fəryadlarına çatan olmadı. Vəzifə hərisləri mərkəzdə hakimiyyət üstündə bir-birilə didişirdilər, o tərəfdə köməksiz əhali yiyəsiz, sahibsiz qalmışdı. Canpolad bunu da ağır dərd sayırdı. Deyirdi ki, millət çətin günündə bir-birinə həyan olmursa, onda itkilərimiz qaçılmazdır. O gecə dağlar-dərələr güllə səsinin vahiməsinə diksinirdi. Amma bu səsi bir-birinə sığınan adamlardan savayı heç kəs eşitmirdi...

Canpolad Rzayev sonuncu dəfə Qaraqaya uğrunda gedən döyüşlərdə vuruşub. Mühasirəyə düşsə də, axıra qədər dözüm göstərib, düşmənə zərbələr endirib. Əslində, ermənilər Canpoladın çevik, cəsur döyüşçü olduğunu, əməliyyatlardan sərrastlıqla baş çıxardığını yaxşı bilirdilər. Belə olmasaydı, onun ələ keçirilməsi üçün 50 min dollar pul ayırmazdılar. Hətta sonralar bu məbləği bir qədər artırmışdılar. Təki Canpoladı əsir tuta bilsinlər. Canpolad bütün bunlardan xəbərdar idi. Elə ona görə də, bir qayda olaraq, döyüşə yollananda sonuncu gülləni özünə saxlayırdı. Deyirdi ki, düşmən öz gücünə arxalansa, nə var ki... gözlərini açmağa qoymarıq. Düz sonuncu sığınacaqlarına qədər qovarıq. Bir qayda olaraq ermənilər öz havadarlarına güvənirlər.

O qədər mərd oğullarımız güdaza getdi ki... Elə Canpolad da Qaraqaya uğrunda gedən sonuncu döyüşlərdə - 26 fevral 1992-ci ildə düşmən gülləsinə tuş gəldi...

Valideynlərinin gözləri yol çəkirdi. Onlar Canpoladdan bir xəbər gözləyirdilər - özüxoş xəbər. Axı himayələrində Canpoladın iki övladı böyüyürdü. Onlar hər gün babalarını sorğu-suala tutur, ataları haqqında bir xəbər eşitmək istəyirdilər. Hər dəfə babası körpə nəvələrinin çoxsaylı sorğularından yayınmaq istəyirdi. Gizli-gizli xiffət etsə də, dərdini açıb-ağartmazdı. Deyirdi ki, vallah, mənə çətindi, hər gün uşaqları aldada bilmirəm. Ölüm xəbərini dilimə gətirmək ondan da çətindi. Hələ dözürəm. Canpoladın uşaqları eşidəndə ki, ataları Milli Qəhrəman adına layiq görülüb, onda heç nəyi gizlətmək mümkün olmadı. Axı belə xəbərləri nə vaxta qədər gizlətmək olar?..

Bütün el-oba Canpoladın qəhrəmanlığından danışırdı, qəzetlər ondan yazırdı, uşaqlardan gizlətməli bir şey qalmamışdı. Birki, valideynlərinin üzü idi - həm vətən qarşısında, həm də balaca nəvələrinin yanında. Axı Canpolad qısa, amma ləyaqətli, vicdanlı bir ömür yaşamışdı. Elə ömür ki, təkcə öz övladlarına yox, həm də neçə-neçə nəsillərə örnək ola bilərdi.

İllər ötsə də, qədirbilən xalqımız belə cəsur oğullara dəyər və qiymət verir, onların adını uca tutur. Milli Qəhrəman Canpolad Rzayevin ata yurdunda iki varisi böyüyür. Onların ən böyük arzusu əsirlikdə olan torpaqlarımızın azad olunduğu günü görməkdir. Dövlət apardığı siyasət də buna istiqamətlənib. Azərbaycan Prezidenti İlham Əliyev ən mötəbər beynəlxalq toplantılarda, siyasi müzakirələrdə xalqımızın haqq mövqeyini qətiyyətlə müdafiə edir, düşmənin layiqli cavab alacağına ümidi və inamı artırır.

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan. - 2015.- 5 dekabr.- S.5.