Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə
baş vermiş qəza
ilə əlaqədar Dövlət Komissiyasının
yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş vermişdir. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirmişdir. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində 32 nəfər xilas edilərək təxliyə olunmuşdur. İlkin məlumata görə 1 nəfər həlak olmuşdur. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.
Xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri:
Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın
üzvləri:
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Natiq Əliyev
- Azərbaycan
Respublikasının energetika
naziri
Zakir Qaralov
- Azərbaycan
Respublikasının baş
prokuroru
Ramil Usubov
- Azərbaycan
Respublikasının daxili
işlər naziri
Mədət Quliyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin
birinci müavini
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi
Oqtay Şirəliyev
- Azərbaycan Respublikasının səhiyyə
naziri
Hüseynqulu Bağırov -
Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər
naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə
naziri
Səlim
Müslümov -
Azərbaycan Respublikasının
əmək və əhalinin sosial müdafiəsi naziri
Qüdrət Qurbanov -
Azərbaycan Respublikası
Dövlət Dəniz
Administrasiyasının rəisi
2. Dövlət Komissiyası:
- itkin düşənlərin
axtarışı və
xilasetmə işlərinin
sürətləndirilməsini təmin etsin;
- hadisənin baş
verməsi səbəblərini
və şəraitini
araşdıraraq onun nəticələrinin aradan
qaldırılması üçün
təxirəsalınmaz tədbirlər
müəyyənləşdirsin və həyata keçirsin;
- qəza nəticəsində
zərər çəkmiş
şəxslərə və
həlak olanların ailə üzvlərinə
maddi və digər zəruri yardım göstərilməsini
təmin etsin;
- qəza nəticəsində
xəsarət alanların
müalicəsini təmin
etsin;
- qəza nəticəsində
dərin dəniz özülünün yararlılıq
vəziyyətinin və ona dəymiş zərərin
müəyyənləşdirilməsini təmin etsin;
- görülmüş işlər haqqında Azərbaycan Respublikasının
Prezidentinə mütəmadi
məlumat versin.
3. Azərbaycan Respublikası
Baş Prokurorluğu,
Daxili İşlər,
Fövqəladə Hallar
və Milli Təhlükəsizlik nazirlikləri
ilə birlikdə baş vermiş hadisənin səbəblərinin
araşdırılması üçün
təxirəsalınmaz istintaq
tədbirlərini həyata
keçirsin.
4. Bu sərəncam imzalandığı
gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2015-ci il
Azərbaycan.- 2015.- 6 dekabr.- S.2.