Dini ekstremizmə
qarşı mübarizə haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu
qanunun məqsədləri üçün
aşağıdakı anlayışlardan istifadə edilir:
1.0.1. dini ekstremizm (dini ekstremist fəaliyyət) - dini
düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində:
1.0.1.1. Azərbaycan
Respublikasının konstitusiya quruluşunun, o cümlədən
onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə
və ya ərazi bütövlüyünün
parçalanmasına, yaxud hakimiyyətin zorla ələ
keçirilməsinə yönələn hərəkətlərin
törədilməsi;
1.0.1.2. qanunsuz silahlı birləşmələrin və
ya qrupların yaradılması, həmin birləşmə və
ya qruplarda iştirak edilməsi;
1.0.1.3. terror fəaliyyətinin həyata keçirilməsi;
1.0.1.4. Azərbaycan
Respublikasının hüdudlarından kənarda silahlı
münaqişələrdə iştirak edilməsi;
1.0.1.5. milli, sosial və ya dini nifrətin
salınması, milli ləyaqətin alçaldılması,
milli, irqi, sosial və ya dini mənsubiyyətindən
asılı olaraq vətəndaşların
hüquqlarının məhdudlaşdırılmasına və
ya üstünlüklərinin müəyyən edilməsinə
yönələn hərəkətlərin törədilməsi;
1.0.1.6. şəxsin hər hansı dinə (dini cərəyana)
etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri
yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə
iştirak etməyə, habelə dini təhsil almağa məcbur
edilməsi;
1.0.1.7. bu qanunun 1.0.1.1 - 1.0.1.5-ci maddələrində
nəzərdə tutulmuş əməllərin törədilməsinə
açıq çağırışların edilməsi;
1.0.1.8. dini ekstremist materialların, yəni dini
ekstremist fəaliyyəti həyata keçirməyə
çağıran və ya belə fəaliyyəti əsaslandıran,
yaxud belə fəaliyyətin zəruriliyinə bəraət
qazandıran materialların hazırlanması, saxlanması və
ya yayılması;
1.0.1.9. dini ekstremizmin maliyyələşdirilməsi;
1.0.2. dini radikalizm - hər hansı dini etiqad çərçivəsində
ifrat dini baxışlara bağlılığı ifadə edən,
həmin dini baxışların müstəsnalığının
təsbit edilməsində barışmaz mövqe
nümayiş etdirən və yayılmasında aqressiv
üsul və vasitələrdən istifadə edilməsi ilə
səciyyələnən davranış;
1.0.3. dini fanatizm - dini ekstremizmin ideoloji əsaslarından
biri olmaqla, dini inamın hər hansı tənqidi
yanaşmanı istisna edən və dini normalara kor-koranə
riayət etmə ilə müşayiət edilən ifrat dərəcəsi;
1.0.4. dini ekstremist - hər hansı formada dini
ekstremist fəaliyyətin həyata keçirilməsində
iştirak edən şəxs;
1.0.5. dini ekstremist təşkilat - dini ekstremist fəaliyyətin
həyata keçirilməsi məqsədilə yaradılan və
ya məqsədlərinə nail olmaq üçün belə
fəaliyyəti həyata keçirən təşkilatdır.
Əgər struktur bölmələrindən biri təşkilatın
hər hansı bir rəhbər orqanının
razılığı ilə ekstremist fəaliyyət ilə məşğuldursa,
həmin təşkilat dini ekstremist təşkilat hesab edilir;
1.0.6. dini ekstremizmə qarşı mübarizə -
dini ekstremist fəaliyyətin aşkar edilməsi,
qarşısının alınması, habelə dini ekstremist
fəaliyyət nəticəsində dəyə biləcək
zərərin minimuma endirilməsi ilə bağlı fəaliyyət;
1.0.7. dini ekstremizm əleyhinə aparılan xüsusi
əməliyyatlar - dini ekstremist fəaliyyətin
qarşısının alınması, insanların təhlükəsizliyinin
təmin edilməsi, dini ekstremistlərin zərərsizləşdirilməsi,
habelə dini ekstremist fəaliyyət nəticəsində dəyə
biləcək zərərin minimuma endirilməsi məqsədilə
həyata keçirilən xüsusi tədbirlər;
1.0.8. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılma zonası - ərazinin və ya akvatoriyanın
ayrıca sahələrində, nəqliyyat vasitələrində,
binalarda, tikililərdə, qurğularda, yaşayış evlərində
və onlara bitişik ərazilərdə xüsusi əməliyyatların
aparıldığı hüdudlar.
Maddə 2. Dini ekstremizmə qarşı mübarizə haqqında
qanunvericilik
Dini ekstremizmə qarşı mübarizə haqqında
qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən,
bu Qanundan və Azərbaycan Respublikasının digər
normativ-hüquqi aktlarından ibarətdir.
Maddə 3. Dini ekstremizmə qarşı mübarizənin məqsədi
3.0. Azərbaycan
Respublikasında dini ekstremizmə qarşı mübarizə
aşağıdakı məqsədlərlə həyata
keçirilir:
3.0.1. Azərbaycan
Respublikasının konstitusiya quruluşunun əsaslarının,
habelə ərazi bütövlüyünün və təhlükəsizliyinin
təmin edilməsi;
3.0.2. insan və vətəndaş hüquq və
azadlıqlarının müdafiəsi;
3.0.3. dini ekstremist fəaliyyətin aşkar edilməsi,
qarşısının alınması və dini ekstremizm nəticəsində
gözlənilən zərərin minimuma endirilməsi;
3.0.4. dini ekstremizmin yaranması və dini ekstremist fəaliyyətin
həyata keçirilməsi səbəblərinin və şəraitinin,
habelə dini ekstremizmin maliyyələşdirilməsi
hallarının aşkar və ləğv edilməsi.
Maddə 4. Dini ekstremizmə qarşı mübarizənin əsas
prinsipləri
4.0. Azərbaycan
Respublikasında dini ekstremizmə qarşı mübarizə
aşağıdakı prinsiplərə əsaslanır:
4.0.1. qanunçuluğun təmin edilməsi;
4.0.2. dini ekstremizmə görə cəzanın
labüdlüyü;
4.0.3. dini ekstremizmə qarşı mübarizə
zamanı açıq və gizli metodların əlaqələndirilməsi;
4.0.4. hüquqi, siyasi, ideoloji, sosial-iqtisadi və təşkilati-profilaktik
tədbirlərdən kompleks istifadə;
4.0.5. dini ekstremizm nəticəsində təhlükəyə
məruz qalmış şəxslərin
hüquqlarının müdafiəsinin
üstünlüyü;
4.0.6. dini ekstremizm əleyhinə aparılan əməliyyatların
həyata keçirilməsində iştirak edən şəxsi
heyətin, o cümlədən bu məqsədlə istifadə
edilən texniki üsulların və taktikanın elan edilməsində
minimal aşkarlıq.
II fəsil
Dini ekstremizm əleyhinə
xüsusi əməliyyatların aparılması
Maddə 5. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar
aparan orqanlar
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
aparılır.
Maddə 6. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatların
qüvvə və vasitələrlə təmin edilməsi
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatların
aparılması üçün dini ekstremizmə
qarşı mübarizədə iştirak edən müvafiq
icra hakimiyyəti orqanlarının tabeliyində olan lazımi
qüvvələrdən və vasitələrdən istifadə
olunur.
Maddə 7. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat
zonasının hüquqi rejimi
7.1. Dini
ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılma zonasının hüdudları əməliyyatı
aparan orqan tərəfindən müəyyən edilir.
7.2. Dini
ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılma zonasında bu əməliyyatı aparan şəxslər
aşağıdakı hüquqlara malikdirlər:
7.2.1. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılma zonasında nəqliyyat vasitələrinin və
piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran
və ya qadağan edən tədbirləri tətbiq etmək, ərazinin
müəyyən sahələrinə və obyektlərə nəqliyyat
vasitələrini və piyadaları buraxmamaq;
7.2.2. fiziki şəxslərin şəxsiyyətini
təsdiq edən sənədlər olmadan, onların
günün müəyyən edilmiş vaxtında
küçələrdə və ya digər ictimai yerlərdə
olmalarını qadağan etmək;
7.2.3. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılma zonasına giriş və ya bu zonadan
çıxış zamanı fiziki şəxslərə,
onların əşyalarına, nəqliyyat vasitələrinə
və nəqliyyat vasitələrində olan əşyalara
texniki vasitələr tətbiq etməklə baxış
keçirmək;
7.2.4. fiziki şəxslərin şəxsiyyətini
təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər
olmadıqda isə şəxsiyyətinin müəyyən
edilməsi məqsədilə həmin şəxsləri Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsi
ilə müəyyən edilmiş qaydada və müddətə
tutmaq;
7.2.5. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılması məqsədi ilə fiziki şəxslərin
mənzilinə və digər yaşayış yerlərinə,
onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə,
habelə mülkiyyət formasından asılı olmayaraq
hüquqi şəxslərin ərazilərinə,
binalarına, nəqliyyat vasitələrinə maneəsiz daxil
olmaq;
7.2.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat
aparan şəxslərin qanuni tələblərinə mane
olmağa yönəlmiş hərəkətlər törədən
şəxsləri tutmaq;
7.2.7. müqavimət göstərən dini ekstremistləri
zərərsizləşdirmək;
7.2.8. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılması ilə əlaqədar zərurət
yarandıqda fiziki şəxsləri əməliyyatın
aparılma zonasından köçürtmək, binaların,
qurğuların və digər tikililərin sökülməsini
təmin etmək;
7.2.9. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılma zonasında fiziki və hüquqi şəxslərə
rabitə xidmətlərinin və kommunal xidmətlərin
göstərilməsini müvəqqəti dayandırmaq;
7.2.10.
dini ekstremist fəaliyyəti aşkar etmək, həmin fəaliyyətə
qarşı mübarizə aparmaq və onun
qarşısını almaq məqsədi ilə telefon
danışıqlarına qulaqasma, texniki rabitə
kanallarından və digər texniki vasitələrdən
informasiyanın çıxarılması və “Əməliyyat-axtarış
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş digər əməliyyat-axtarış
tədbirlərini tətbiq etmək;
7.2.11. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılma zonasında sanitar-epidemioloji, baytarlıq və digər
karantin tədbirlərini tətbiq etmək;
7.2.12. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılma zonasında tərkibində narkotik və ya psixotrop
maddələr olan dərman vasitələrinin dövriyyəsini
məhdudlaşdırmaq.
7.3. Dini
ekstremizm əleyhinə xüsusi əməliyyat aparan
orqanın göstərişlərinin icrası əməliyyat
zonasında bütün fiziki və hüquqi şəxslər
üçün məcburidir.
Maddə 8. Dəymiş ziyana görə məsuliyyətdən
azad olma
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan
xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına,
sağlamlığına və ya əmlakına ziyan
vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə
iştirak edən şəxs dini ekstremizm əleyhinə
aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin
həyatına, sağlamlığına və ya əmlakına
vurulmuş ziyana görə məsuliyyət
daşımır.
Maddə 9. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar
barədə ictimaiyyətə məlumatın verilməsi
9.1. Dini
ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılma zonasında kütləvi informasiya vasitələri
işçilərinin fəaliyyəti əməliyyat aparan
orqan tərəfindən müəyyən edilir.
9.2. Dini
ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə
ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın
müəyyən etdiyi formada və həcmdə verilir.
9.3.
Aşağıdakı məlumatların yayılmasına yol
verilmir:
9.3.1. dini ekstremizm əleyhinə xüsusi əməliyyatların
aparılması taktikası və texniki üsulları
haqqında məlumatlar;
9.3.2. dini ekstremizm əleyhinə aparılan xüsusi
əməliyyat zonasında və ya bu zonanın
hüdudlarından kənarda olan insanların həyatına və
sağlamlığına təhlükə yaradan və dini
ekstremizm əleyhinə xüsusi əməliyyatların
aparılmasına maneə törədən məlumatlar;
9.3.3. dini ekstremizmə bəraət qazandıran və
ya onun təbliğinə xidmət edən məlumatlar;
9.3.4. dini ekstremizm əleyhinə aparılan xüsusi
əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların
aparılmasına kömək edən şəxslər
haqqında məlumatlar.
9.4.
Kütləvi informasiya vasitələrinin işçiləri
bu qanunun 9.3-cü maddəsində nəzərdə
tutulmuş məlumatların yayılmasına görə məsuliyyət
daşıyırlar.
Maddə 10. Dini ekstremizmə qarşı mübarizə aparan
dövlət orqanlarına kömək göstərilməsi
10.1.
Dövlət və yerli özünüidarəetmə
orqanları, fiziki və mülkiyyət formasından
asılı olmayaraq hüquqi şəxslər dini ekstremizmə
qarşı mübarizə aparan dövlət orqanlarına
kömək etməyə borcludurlar.
10.2. Dini
ekstremizm, dini fanatizm və dini radikalizm hallarının
aşkar edilməsinə və qarşısının
alınmasına, habelə bu hallar nəticəsində dəyə
biləcək zərərin minimuma endirilməsinə kömək
edə biləcək məlumatları müvafiq dövlət
orqanlarına vermək hər kəsin borcudur.
Maddə 11. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatın
başa çatmasının elan edilməsi
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
başa çatması əməliyyat aparan orqan tərəfindən
elan edilir.
III fəsil
Yekun müddəalar
Maddə 12. Dini ekstremizmə qarşı mübarizənin həyata
keçirilməsində qanunların icrasına nəzarət
Dini ekstremizmə qarşı mübarizənin həyata
keçirilməsində qanunların icrasına nəzarəti
Azərbaycan Respublikasının baş prokuroru və onun tərəfindən
müvəkkil edilmiş prokurorlar həyata keçirirlər.
Maddə 13. Dini ekstremist fəaliyyətdə iştiraka görə
məsuliyyət
Dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər
Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar
və Mülki məcəllələrində nəzərdə
tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Maddə 14. Dini ekstremist təşkilatların qadağan edilməsi
Dini ekstremist fəaliyyətlə məşğul olan
hüquqi şəxslər ləğv edilir və onların fəaliyyəti
qadağan edilir.
Maddə 15. Qanunun pozulmasına görə məsuliyyət
Bu qanunun pozulmasına görə fiziki və hüquqi
şəxslər Azərbaycan Respublikasının Cinayət,
İnzibati Xətalar və Mülki məcəllələrində
nəzərdə tutulmuş hallarda məsuliyyət
daşıyırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 dekabr
2015-ci il
Azərbaycan.-
2015.- 6 dekabr.- S. 3.