Görkəmli alimin ömür yolu
İnsan ömrü açılmamış bir
kitabdır. Onun hər bir vərəqi yaşanan ömrün
ayrı-ayrı anlarını özündə əks etdirir.
Yüksək elmli, zəkalı insanlar isə
tarixən cəmiyyətin inkişafında, millətin
formalaşmasında və yeni nəslin tərbiyəsində
mühüm rol oynayırlar və ona görə də
hamı tərəfindən sevilir, yaddaşlara əbədi həkk
olunurlar. Belə şəxsiyyətlər
yüksək zirvəni qeyri-adi əməksevərlikləri,
intəhasız ürək genişliyi, fitri istedadları,
nadir bilik və qabiliyyətləri bahasına fəth edirlər.Onlara
insanlığın zirvəsi, bitib-tükənməyən
örnək məktəbi desək, yanılmarıq. Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri
doktoru, professor Aqil Əlirza oğlu Əliyev əsl elm fədaisi
idi. Bu gün görkəmli alimin elmdə
açdığı yolla gedənlərin, onun irsindən bəhrələnənlərin
sayı durmadan artır.
Aqil Əliyev bütün zamanlarda öz nüfuzunu,
böyüklüyünü qoruyub saxlayan şəxsiyyət
idi. Azərbaycan xalqının keçdiyi qəhrəmanlıq
və rəşadət yolu bu böyük alim
üçün iftixar mənbəyi, faciələri isə ələm
və kədərlə yoğrulmuş iztirablı
düşüncələr idi. Onun
bütün əməl və fəaliyyəti xeyirxah niyyəti
idi. Aqil Əliyevin xidmətləri yetirmələrinə
təkcə savad öyrətməkdən ibarət deyildi, alim
həm də onlara öz yaşayışlarını yeni tərzdə,
elmi biliklər əsasında qurmağı, müasirləşməyi
öyrədirdi.
Görkəmli alim sıravi müəllimlikdən
AMEA-nın müxbir üzvlüyünə qədər
yüksəlmiş, respublikanın fəxri adlarına layiq
görülmüş, elmi fəaliyyətinə ölkə rəhbərliyi
tərəfindən yüksək qiymət verilmişdir. Uzun müddət
Azərbaycan Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb
Universiteti) “Siyasi iqtisad” kafedrasına rəhbərlik etmiş
alim tədris işinin təkmilləşdirilməsində
böyük işlər görmüş və elmi-tədqiqatların
gücləndirilməsində misilsiz xidmətlər göstərmişdir.
O, ilk dəfə səhiyyənin iqtisadi problemlərini tədqiq
etmişdir.
Aqil Əliyev 1996-cı ildən Beynəlxalq Ekoenerji
Akademiyasının “Azərbaycan” bölməsinin akademiki idi. 2001-ci ildə
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir,
2003-cü ildə Beynəlxalq Menecment Akademiyasının həqiqi
üzvü seçilmişdir.
Görkəmli
alim fədakar əməyinə, elmi və pedaqoji fəaliyyətinə
görə 1976-cı ildə “Qırmızı Əmək
Bayrağı” ordeni, 1982-ci ildə “Əməkdar elm xadimi” fəxri
adına, 2000-ci ildə “Şöhrət”
ordeninə və digər ali mükafatlara layiq
görülmüşdür. 2006-cı ildə
Beynəlxalq İqtisadçılar İttifaqının
üzvü seçilmişdir.
Aqil Əliyev ömrünün ən məhsuldar illərini
Azərbaycan Tibb Universiteti ilə bağlamış, burada
respublikanın həkimlər ordusunun yetişdirilməsində
yaxından iştirak etmiş, tibbi kadrların
hazırlanmasında mühüm xidmətlər göstərmişdir. Nəcib və
xeyirxah insan kimi, o, bu təhsil ocağının
professor-müəllim və tələbə heyətinin
tükənməz rəğbətini qazanmışdır.
Görkəmli alimin 200-ə qədər elmi əsəri,
o cümlədən 30-dan artıq monoqrafiya və dərslikləri
işıq üzü görmüşdür. Onun irihəcmli
kitabları və monoqrafiyaları, elmi-tədqiqat işlərinin
nəticələri ölkə elminə bir sıra yeniliklər
gətirmişdir. Professor hələ
XX əsrin 70-ci illərində respublika əhalisinin sosial vəziyyətinin
yaxşılaşdırılmasını, xalq
istehlakının artırılmasının zəruriliyini, məhsul
və xidmətlərin
yaxşılaşdırılmasını öz tədqiqatlarında
ön plana çəkmiş və dəyərli təkliflər
irəli sürmüşdür.
Aqil Əliyevin respublika əhalisinin sosial vəziyyətinin
yaxşılaşdırılmasına həsr olunmuş və
müxtəlif dillərdə nəşr edilmiş
monoqrafiyaları elmi ictimaiyyətdə böyük maraq
doğurmuş, şəxsi istehlakın inkişafı problemləri
öyrənilmiş, istehsalla istehlak arasında
qarşılıqlı əlaqə dərindən tədqiq
edilmişdir.
Zəngin statistikaya, konkret materiallara əsaslanan
müəllif, burada əhalinin həyat səviyyəsinin
yüksəldilməsi imkanlarını aşkarlamış,
maliyyə və təchizat tənzimlənməsi problemlərinə
xüsusi diqqət yetirmişdir.
Alim iqtisadi inkişaf ilə əhalinin gəlirləri
arasındakı əlaqələri təhlil edərək elmi
və praktiki əhəmiyyətə malik digər nəticələr
əldə etmişdir. Bütün bunlar isə elə indinin
özündə də sosial sahələrin
inkişafını, istehlakın
yaxşılaşdırılmasını, onun strukturunun təkmilləşdirilməsini
düzgün istiqamətləndirməyə kömək edir.
Aqil Əliyev tədqiqatlarının
orijinallığına görə də fərqlənən
alimlərdən olmuşdur. O, ilk dəfə olaraq respublikada səhiyyənin
iqtisadi problemlərini tədqiq etmiş, bu sahənin
inkişafının ictimai istehsalla
uzlaşdırılması və səmərəliliyinin
artırılması, onun qalıq prinsipi əsasında maliyyələşdirilməsindən
imtina edilməsi və dövlət büdcəsinin
sosialyönümlü olması fikrini irəli
sürmüşdür.
Aqil Əliyev Azərbaycanda bir sıra elmi proqramların
işlənib hazırlanmasında iştirak etmiş,
“Əhalinin sağlamlığının qorunması”
komissiyasının sədri olmuşdur. Görkəmli
alim respublikada məhsuldar qüvvələrin səmərəli
yerləşdirilməsi sxeminin müəlliflərindən
biri idi. Onun apardığı tədqiqatlar
xaricdə, xüsusilə, MDB məkanında tanınır və
yüksək qiymətləndirilir. Çexiya, Slovakiya,
Moskva, Sankt-Peterburq alimlərinin bəziləri öz məqalələrində
məhz Aqil Əliyevin əsərlərinə istinad edirlər.
O, respublikada və dünyanın bir çox ölkələrində
keçirilən möhtəşəm elmi simpoziumlarda və
konfranslarda maraqlı məruzələrlə
çıxış etmişdir.
Alimin “Azərbaycanda
bazar münasibətlərinə keçid şəraitində
əhalinin müdafiəsi problemləri” ,
“Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi
yollarında” əsərləri Almaniyada və İngiltərədə
nəşr edilmişdir.
Aqil Əliyev Azərbaycanda həyata keçirilən
demokratik dövlət quruculuğu prosesində ictimai xadim kimi
də fəal iştirak etmiş, əsl ziyalı və vətəndaş
məsuliyyəti ilə bu proseslərə öz münasibətini
bildirmiş və elmi araşdırmaları ilə ölkəyə
sanballı töhfələrini vermişdir. Onun elmi tədqiqatları
bir çox proqramların hazırlanmasında, sosial sahələrin
islahatında və uğurlu nəticələrin əldə
olunmasında mühüm rol oynamışdır.
Alimin orijinallığına və əhəmiyyətinə
görə böyük maraq doğuran “Azərbaycanın
sosial inkişafında islahatların rolu” əsəri Təhsil
Nazirliyi tərəfindən dəyərli dərs vəsaiti
kimi təsdiq edilmişdir. Eyni sözləri
professorun “Azərbaycanda bazar münasibətləri şəraitində
əhalinin sosial problemləri” əsəri barədə də
demək olar. Bundan başqa, alimin “Azərbaycanın
sosial-iqtisadi inkişafında islahatların rolu”, “İpək
yolunun bərpası - bəşəriyyətin tərəqqi
yoludur”, “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər
və problemlər” adlı monoqrafiyalarında keçid
dövründə reallaşdırılan islahatların verdiyi
bəhrələr ümumiləşdirilmiş və
elmi-praktik əhəmiyyətli nəticələr
çıxarılmışdır. Bütün
bunlar Aqil Əliyevin dərin iqtisadi təfəkküründən
və böyük novatorluğundan xəbər verirdi. Onun “Azərbaycanda əhalinin həyat səviyyəsinin
yüksəldilməsinin aktual problemləri” adlı monoqrafiyası
isə elmi sanbalı və zənginliyi baxımından
xüsusi vurğulanmalıdır. Təkcə bazar
iqtisadiyyatına keçid şəraitində Aqil müəllimin
80 elmi əsəri çap olunmuşdur ki, onlardan “Menecment”,
“İnvestisiya və innovasiya” adlı kitablarını
xüsusi vurğulamaq lazımdır. Bu kitablarda
bazar iqtisadiyyatı şəraitində ölkədə
aparılan iqtisadi islahatlar nəticəsində keyfiyyət dəyişikliklərinin
əldə olunması, investisiya və innovasiyaların
iqtisadiyyatın bütün sahələrində tətbiqinin
ölkədə iqtisadi artımın sürətlənməsinə
və əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasına təsiri məsələləri
araşdırılmışdır.
Görkəmli alimin əsas elmi nailiyyətləri
sosial-iqtisadi problemlər, bilavasitə əhalinin həyat səviyyəsinin
yüksəldilməsi, şəhər və kənd əhalisinin
bir-birinə yaxınlaşması, bazar iqtisadiyyatı şəraitində
iqtisadi nəzəriyyə, ərzaq, şəxsi istehlak, təchizat,
səhiyyənin iqtisadi problemlərinin tədqiqi və sairə
ilə bağlı idi.
Respublikada fəaliyyət göstərən elmi
müdafiə şuralarının üzvü olan Aqil
Əliyev yüksək ixtisaslı elmi kadrların
hazırlanmasında da fəal iştirak edirdi. Onun rəhbərliyi
altında 4 iqtisad elmləri doktoru və 6 elmlər namizədi
hazırlanmış, yüzlərlə müdafiə
işinin opponenti olmuşdur. İndi bu
kadrların çoxu iqtisadiyyatın müxtəlif sahələrində
rəhbər və pedaqoji işlərdə
çalışır. Aqil müəllim
öz yetirmələrinə hörmətlə, həm də
böyük tələbkarlıqla yanaşırdı. Ona görə də alimin rəhbərliyi altında
müdafiə olunmuş dissertasiyalar yüksək elmi-nəzəri
səviyyəsi və praktiki əhəmiyyəti ilə
seçilirdi. Səsindəki hərarət,
fikirlərinin düzülüşündəki məntiqi
ardıcıllıq, konkretliyə güclü meyil, mürəkkəb
mətləbləri sadə və anlaşıqlı bir tərzdə
şərh edə bilmək bacarığı onun yüksək
natiqlik məharətindən irəli gəlirdi. Aqil Əliyev görkəmli alim olmaqla yanaşı,
həm də təcrübəli pedaqoq idi. Elmi diskussiyalarda prinsipial və kəskin mövqeyi ilə
həmişə seçilirdi. Tələbələrini
elmli və savadlı görmək onun yeganə idealı idi.
Aqil Əliyevin yetirmələrinin sırasına daxil
olmaq bizə də nəsib olmuşdur. Görkəmli
və müdrik alimin rəhbərliyi altında doktorluq
işinin yazılmasında və müdafiəsində onun dəyərli
elmi məsləhətlərindən həmişə bəhrələnmişik.
Aqil Əliyev böyük iqtisadçı alim, mahir
pedaqoq olmaqla yanaşı, həm də gözəl və
qayğıkeş insan idi. Belə ki, o,
imkansızlara həmişə yardım etmiş, gənclərin
təhsil almasına, əməkdaşlıq etdiyi qələm
dostlarına, istedadlı uşaqlara, xüsusilə
idmançılara böyük mənəvi və maddi kömək
göstərmiş, onların himayədarı olmuşdur.
O, yaxşılıq etməyi özünə mənəvi
borc bilirdi. İnsanlara əl uzatmaq, çətin
məqamlarda onlara kömək etmək alimin əsas amalı
idi. Aqil müəllim aydın və
işıqlı bir şəxsiyyət idi. Onun adamlara bəxş etdiyi işıq bu insanın
mənəvi paklığından, intellektinin möhkəmliyindən,
əsl ziyalılığından irəli gəlirdi. Onun sağlam ziyalı mövqeyi hər yerdə bilinirdi.
Yığıncaqlarda
çıxışları xüsusi əhvali-ruhiyyə
yaradırdı. Bütün bunlar onun
yetirmələri üçün həmişə örnək
olaraq qalır.
Aqil
Əliyevin həyat və tale kitabını vərəqlədikcə
onun nəcib bir insan, görkəmli alim, mahir pedaqoq, həm də
xalqını, vətənini, elini, yurdunu dərin məhəbbətlə
sevən, özündə Vətən və xalq dərdi
yaşadan bir şəxsiyyət olduğunu görürük.
Hazırda
elmin müxtəlif zirvələrinə çatmış
alimin yetirmələri öz üzərində bu fədakar
insanın böyük əməyini hiss edir. Görkəmli
alimin bütün keyfiyyətləri hər zaman gənclərin
elmi işlərə cəlb olunması və onların əsl
tədqiqatçı, ən əsası isə şəxsiyyət
kimi yetişməsi üçün mühüm amil
olmuşdur.
Aqil Əliyev xatirələrdə əbədi yaşamaq
qüdrətinə malik şəxsiyyətdir.
Rəna SULTANOVA,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.- 2015.- 6 dekabr.- S.7.