İnsan əlinin ən böyük möcüzələrindən biri

 

Azərbaycan Milli Elmlər Akademiyası – 70

 

İntellektual təkamül yolunda insanın atdığı birinci böyük addım ünsiyyət vasitəsi kimi sözün kəşfi idisə, ikinci bu cür addım, şübhəsiz ki, yazının icad edilməsi olmuşdur. Bu həm də insan əlinin yaratdığı ən böyük möcüzədir. Elə buna görə də həmin möcüzəyə “əlyazması” deyirlər.

İlk əlyazmanın hansı material üzərində həkk olunduğunu bilmirik, ancaq bizə gəlib çatan ilk əlyazmaları daş üzərində oyulub. Çünki daş başqa materiallara nisbətən daha davamlı və uzunömürlü olması ilə seçilir.

Zaman keçdikcə insanın yazıya tələbatı artdığından daş üzərində uzun müddətə başa gələn yazı artıq onu qane edə bilməzdi və babalarımız daha sürətli yazı texnikası üçün başqa materiallardan - gil lövhəciklərindən, aşılanmış dəridən, papirusdan istifadə etdilər. Nəhayət, yazı texnikasının son uğuru olan kağızı seçdilər. Təsadüfi deyil ki, indi dünyanın bir çox kitabxanalarında və əlyazma fondlarında qorunan qiymətli nüsxələrin əksəriyyəti kağız üzərində əbədiləşib. Bu cür zəngin əlyazmaları saxlanclarından biri Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutudur.

1986-cı ilə qədər Respublika Əlyazmalar Fondu adlanan bu unikal institut müxtəlif elm və sənət sahələrinə aid olan orta əsrlər, Yaxın və Orta Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsi əsasında yaradılmışdır.

Əlyazmaların respublikamızda toplanması işinə XX əsrin əvvəllərindən başlanmışdır. 1924-cü il sentyabrın 21-24-də Bakıda I Ümumazərbaycan diyarşünaslar qurultayı keçirildi. Qurultayda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti nəzdində xüsusi əski çap kitabları və əlyazmalar şöbəsi olan elmi kitabxananın təşkili məsələsinə də baxıldı. 1929-cu ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna çevrildi.

Əlyazmalar İnstitutunun son onilliklərdə elmi-tədqiqat mərkəzi kimi təşəkkülü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1981-ci ildə Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi qərarla müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmiş və 1982-ci ildə Bakının indi İstiqlaliyyət adlanan küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir. Məlum olduğu kimi, bu bina məşhur mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına Qızlar Seminariyası kimi tikilərək 1901-ci ildə istifadəyə verilmişdir. Sonrakı illərdə burada Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti, məktəb, Azərbaycan SSR Ali Soveti fəaliyyət göstərmişdir. Ali Sovet yeni binaya köçərkən bir neçə təşkilat bu binanı almaq üçün təşəbbüslər etdilər. Yalnız əlyazmalarımızın, yazılı abidələrimizin milli mədəniyyətimizdəki rolunun müstəsnalığını yüksək qiymətləndirən ümummilli liderin iradəsi ilə bina Əlyazmalar Fonduna verildi. Ötən əsrin 80-ci illərində Respublika Əlyazmalar Fondu Elmi-Tədqiqat İnstitutu kimi fəaliyyət göstərirdi. Bunu nəzərə alan akademiyainstitut rəhbərliyi fondun instituta çevrilməsinə çalışır, “yenidənqurma” adı altında respublikalardakı ayrı-ayrı müəssisələri ləğv etməyi, birləşdirməyi üstün tutan Moskva isə razı olmurdu. Yalnız bir neçə illik mübarizədən sonra, 1986-cı ildə o vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyevin köməyi sayəsində Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edildi.

Əlyazmalar İnstitutunun kimin adını daşıması da mübahisəli məsələ olaraq qalırdı. Bir sıra şəxslərin adları təklif edilirdi. 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə instituta dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin adı verildi.

İnstitutun əlyazma fondunun əsasını əvvəllər orta əsr kitabxanalarına, eləcə də Azərbaycanın XIX-XX əsrlərdə yaşamış görkəmli mədəniyyət xadimlərindən Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Əbdülqəni Əfəndi Xalisəqarızadə, Hüseyn Əfəndi Qayıbov, Bəhmən Mirzə Qacar, Mir Möhsün Nəvvab və başqalarının şəxsi kolleksiyalarına daxil olan materiallar təşkil edirdi. Əlyazmalar İnstitutunun müstəqil ixtisaslaşdırılmış elmi müəssisə kimi təşkili dövründə bura müxtəlif mədəni-maarif təşkilatlarından, kitabxanalardan minlərlə əlyazma, əski çap kitabları, tarixi sənədlər və başqa arxeoqrafik sənədlər toplanmışdır. Artıq bu institut dünyanın ən zəngin əlyazma xəzinələrindən birinə çevrilmişdir. Buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geridə qalmır.

Əlyazmalar İnstitutu Orta əsr elmlərinin bütün sahələrini - tibbastronomiya, riyaziyyatmineralogiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarixcoğrafiya, bədii nəsr və poeziyaya aid Azərbaycan, türk, ərəb, farsbaşqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir. İndi Əlyazmalar İnstitutunda 40 mindən artıq material var. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalarıdır ki, IX-XX əsrlərdə yazılmış və ya üzü köçürülmüşdür. Bundan başqa, institutda XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir.

Əlyazmalar İnstitutunda saxlanan ən qədim əlyazma IX əsrə aid edilən, dəri üzərində yazılmış Quranın “Ən-Nisa” surəsinin bir hissəsidir.

Üzərində qeyd olan ən qədim əlyazmalardan biri X əsrin sonunda tanınmış leksikoqraf İsmail əl-Cövhəri tərəfindən tərtib edilmiş klassik ərəb dilinin izahlı ensiklopedik lüğəti hesab edilən “Əs-sihah” əsərinin əlyazmasıdır ki, 1117-ci ildə avtoqraf nüsxəsindən üzü köçürülmüşdür. Əbu Əli ibn Sinanın “Qanun fi-t-tibb” (“Tibb qanunu”) əsəri (II cild) ərəb dilində yazılmış, tibbə və farmakologiyaya aid məşhur risalədir. 1143-cü ildə, müəllifin ölümündən 104 il sonra Bağdadda nəsx xətti ilə köçürülüb. Dünyada qədimliyinə görə ən nadir nüsxələrdən biridir. Tibb elminin inkişafına ciddi təsir göstərmiş fundamental əsərlərdən biri hesab edilir. İbn Sinanın bu əsərinin keçən əsrin 80-ci illərində rus və özbək dillərində Daşkənddə nəşri zamanı Özbəkistan alimləri ikinci kitabın elmi-tənqidi mətnini tərtib etmək üçün Bakı əlyazmasından əsas nüsxə kimi istifadə ediblər.

X-XI əsrlərdə İspaniyada - Kordovada yaşamış ərəb alimi Əbül-Qasim əz-Zəhravinin “Əl-məqalə əs-səlasun” (“Otuzuncu traktat”) əsəri ərəb dilində tibbə aid fundamental risalənin bir cildidir. Əsərin əsas xüsusiyyəti kimi 200-ə qədər cərrahiyyə alətinin rəsminin çəkilməsi qeyd edilir. Əz-Zəhravi yeganə qədim müəllifdir ki, cərrahiyyə alətlərinin təsvirini vermiş, konkret əməliyyatlar zamanı onların tətbiq edilməsi üsullarını göstərmişdir. Əsərin Bakı əlyazması XIII əsrdə köçürülüb.

Rüstəm Cürcani adlı müəllifin fars dilində farmakologiyaya aid “Zəxireyi-Nizamşahi” adlı əsərinin XIII əsrdə köçürülmüş nüsxəsi Şeyx Mahmud Səbüstərinin “Gülşəni-raz” əsərinin XIV əsrdə köçürülmüş bir nüsxəsi Əlyazmalar İnstitutunda saxlanılır.

Əbu ibn Hüseyn Qəzvininin “Mənahic üt-talibin vəl məarif üs-sadiqin” (Taliblərin yolu və sadiqlərin biliyi) əsərinin Əlyazmalar İnstitutunda saxlanılan nüsxəsi isə 1377-ci ildə köçürülmüşdür.

XV əsrdə köçürülmüş bir çox dəyərli yazılı abidələr - Xacu KirmanininHumay-Humayun” əsəri (1415), Kamal Xocəndi divani (1436), Rövşəni divani (1484), Nəsimi divani (1494), Sədinin “Bustan” (1494), İbn Xəlliqanın “Vəfayat əl-əyan” (Əyanların ölüm tarixləri) əsəri (1484), Nəsirəddin TusininZici-Elxani” (Elxanilərin ulduz cədvəli) adlı astronomik-astroloji cədvəli, Məhəmməd ibn Əbubəkr Əş-Şafeinin “İrşad-ül-möhtac ilə şərhi-minhac” (Yolların şərhi ilə möhtacların doğru yola yönəldilməsi) və digərləri xüsusi iqlim şəraiti olan xəzinələrdə mühafizə olunur.

Respublikada yazılı abidələr üzərində indiyədək aparılan elmi axtarışlarda mühüm nailiyyətlər əldə edilmişdir. Keçən əsrin 50-80-ci illərində müəssisədə Azərbaycan humanitar elminin Məmmədağa Sultanov, Cahangir Qəhrəmanov, Həmid Araslı, Rüstəm Əliyev, Əzizağa Məmmədov, Əzizə Cəfərzadə kimi simaları çalışmışlar.

Kollektivin üzvləri tərəfindən “Kitabi-Dədə Qorqudun mətni, Xaqani Şirvani, Şeyx Mahmud Şəbüstəri, Seyid İmadəddin Nəsimi, Nemətullah Kişvəri, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Xurşidbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Lütfəli bəy Azər, Mirzə Həsən Qarabağibu kimi bir sıra klassiklərin irsi öyrənilmiş və əsərləri nəşr etdirilmişdir. Əlyazmalar İnstitutunun alim və tədqiqatçıları əlyazmaşünaslıqla bağlı bir sıra metodoloji problemlərin üzərində də işləmiş, filologiyanın bu sahəsinin inkişafı üçün ilk elmi-təcrübi töhfələrini vermişlər. Fazil Seyidovİkimininci ilə qədər hicri, miladi və şəmsi illəri cədvəli”ni, Pənahi Makulu irihəcmli “Ədəbi məlumat cədvəli”ni, Qulam DarabadiKalliqrafiya” monoqrafiyasını nəşr etdirmiş, M.Sultanov əlyazmaların elmi-paleoqrafik təsviri metodunu işləyib hazırlamışdır.

1950-1960-cı illərdə mühafizə edilən şəxsi arxivlərin elmi təsviri işi də başlanmış, 1955-ci ildə Ağəmi İbrahimov “Mirzə Fətəli Axundov arxivinin təsviri”ni nəşr etdirməklə biblioqrafik kataloq tərtibinin əsasını qoymuş, 1961-ci və 1965-ci illərdə Mərziyə Paşayeva “Cəlil Məmmədquluzadə arxivinin təsviri”ni və “Cəfər Cabbarlı arxivinin təsviri”ni, 1962-ci ildə Cənnət Nağıyeva “Süleyman Sani Axundov arxivinin təsviri”ni nəşr etdirmişlər.

İnstitut öz fəaliyyətinin ən məhsuldar dövrünə ölkəmiz müstəqilliyini bərpa edəndən sonra qədəm qoymuşdur. Sovet dövründə institutun əməkdaşları hər il 2-3 kitab nəşr etdirməyə nail olurdularsa, 1991-ci ildən başlayaraq institutun elmi nəşrlərinin sayı artmışdır. Yeni şəraitdə institutun işlədiyi problematika da genişləndirilmiş, Azərbaycan əlyazma kitabının tarixi, paleoqrafiya məsələləri, islamşünaslıq, tarixi mənbəşünaslıq, elm tarixi və tərcümə tarixi istiqamətlərində işlər həyata keçirilməyə başlamışdır. Həmin sahələr üzrə nəşr edilmiş Məmməd Adilovun “Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələləri”, “Türk mətninin transfoneliterasiya problemləri”, “Azərbaycan əliyazmalarında filiqranlar” (Ə.Əliyevlə), T.Nurəliyevanın “Azərbaycan ədəbiyyatının tədqiqində əlyazma kolleksiyalarının əhəmiyyəti”, K.Şərifovun “Mətnşünaslığın əsasları” və “Əbdülqəni Nuxəvi Xalisəqarızadə”, A.Xəlilovun “İlk Azərbaycan kitabı”, A.Musayevanın “Əlyazma kitabı və XV-XVI əsrlər Azərbaycan ədəbiyyatı” kimi bir sıra əsərlər milli yazı tariximizin ayrı-ayrı sahələrinin tədqiqi istiqamətində uğurlu addım kimi qiymətləndirilə bilər.

İnstitutun əməkdaşlarından E.Seyidbəylinin “Qarabağ torpaq mülkiyyətinə aid arxeoqrafik materiallar”, “Gövhər ağa Cavanşirin sənədləri” və “Naxçıvan torpaq mülkiyyətinə aid XVII-XVIII əsrlər Kəngərli arxeoqrafik sənədləri” kitabları, T.Həsənzadənin “Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənənin əsərlərində Azərbaycan tarixi məsələləri” monoqrafiyası və Marağalı Məhəmmədhəsən xanın “Xeyrati-ehsan” əsərindən iqtibaslar, R.Məmmədovanın Səfəvilər dövrüNadir şahla bağlı sənədlər əsasında nəşr etdirdiyi tədqiqatlar, A.Ramazanov və K.Şərifovun nəşr etdirdikləri Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası”, N.Səmədovanın nəşr etdirdiyi M.S.Ordubadinin “Həyatım və mühitim” memuarı və məktubları, Ə.Bağırovun hazırladığı M.S.Ordubadinin “Qanlı illər” əsəri, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti-80” sənədlər və mənbələr toplusu, irihəcmli “Rəşid bəy Axundov. Məktublar, sənədlər, tərcümələr, məqalələr” kitabı Azərbaycanın yaxın-uzaq mədəni, ictimai-siyasisosial keçmişini öyrənmək üçün müasir tarixşünaslıq elminə qiymətli faktlar verir. Z.Əbilovanın nəşr etdirdiyi Əbdüssəlam Axundzadənin “Müqəddəs peyğəmbərlər tarixi”, S.Nemətzadənin “Əllamə Hillionun “İrşadül-əzhan ila əhkamil-iman” əsəri” monoqrafiyaları Azərbaycanda islamın yayılması tarixinin ilkin mənbələr əsasında öyrənilməsi üçün qiymətli mənbələrdir. M.Nağısoylunun “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti”, “Əhmədinin “Əsrarnamə” tərcüməsi”, “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə”, “Şirazinin “Gülşəni-raz” tərcüməsi” milli tərcümə mədəniyyəti tariximizin tədqiqinə xidmət edir. Orta əsrlər Azərbaycanında elmin müxtəlif sahələrinin inkişaf tarixini tədqiq etmək istəyən mütəxəssislər üçün son illərdə nəşr edilmiş Xacə Nəsirəddin Tusinin “Adabül-mütəəllimin”, “Övsafül-əşraf”, “Si-fəsl”, “Təzkirə” risalələrinin və fundamental “Şərhül-İşarat” əsərinin, Mehdi ibn Əli Nağı Şərifin “Zadül-müsafirin”, Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” kitabının, eləcə də “Şərqin 1001 sirri” və “Tibbnamə” monoqrafiyalarının böyük əhəmiyyəti var.

Müstəqillik dövründə institutda anadilli abidələrin latın qrafikalı yeni əlifbada elmi-tənqidi mətnlərinin hazırlanması və nəşri işində də nailiyyətlər əldə edilmiş, H.M.Əliyevin tərtibatında Məhəmməd Füzuli divanının, A.Babayevanın tərtibatında FüzulininLeyli və Məcnun” məsnəvisinin, A.Şəriflinin tərtibatında İsanın “Mehri və Vəfa” poemasının, P.Kərimovun tərtibatında Əlican Qövsi Təbrizi divanının, Xətai Təbrizinin T.Ələkbərov tərəfindən hazırlanmış “YusifZüleyxa” məsnəvisinin elmi-tənqidi mətnləri ilk dəfə çap edilərək yayılmışdır.

Əlyazmaların kataloqlaşdırılması və arxiv materiallarının biblioqrafik göstəricilərinin nəşri sahəsində irəliləyiş də qeyd edilə bilər. 2000-ci illərdə institutda ərəbdilli əlyazmaları kataloqunun üç cildi, farsdilli əlyazmaları kataloqunun üç, türkdilli əlyazmaları kataloqunun iki cildi, Məhəmməd Füzulinin biblioqrafiyası, Xacə Nəsirəddin Tusinin biblioqrafiyası, “Kitabi-DəQorqudun biblioqrafiyası, Qarabağın biblioqrafiyası, “Füyuzat” jurnalının biblioqrafiyası, həmçinin C.Nağıyevanın “Yusif Vəzir Çəmənzəminli arxivinin təsviri” və M.Məmmədovanın “Müslüm Maqomayev arxivinin təsviri”, eləcə də M.AdilovunFirudin bəy Köçərlinin şəxsi arxivi” kitabları nəşr edilmişdir.

N.GöyüşovunFüzulinin sənət və mərifət dünyası”, P.Kərimovun “XVII əsr anadilli Azərbaycan lirikası”, “XVII əsr anadilli Azərbaycan poeziyası (İcmal və portret-oçerklər)”, “Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı” monoqrafiyaları Səfəvilər dövrü Azərbaycan ədəbiyyatının tədqiqi baxımından böyük maraq doğurur.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 şöbə, bir laboratoriya fəaliyyət göstərir. Son dövrlərdə institutun xarici ölkə kitabxanaları ilə əlaqələri genişlənmiş, əldə etdiyimiz yazılı abidələrimizin sayı artmışdır. Bu işdə bizə kömək edən xarici ölkələrdə yaşayan həmvətənlərimiz (bunlardan Almaniyada yaşayan Məhəmmədəli Hüseyninin adını xüsusi olaraq çəkmək istərdik), xarici səfirliklərimiz, Heydər Əliyev Fondunun yardımı böyük rol oynamışdır.

Sovet dövründən bəri respublikamızda saxlanan əlyazmaların da əhalidən toplanması prosesi getmişdir, institutda saxlanan əsas materiallar bu toplanmanın nəticəsidir. İndi də dəyərli əlyazmalar əldə edilir. Əlyazmalar İnstitutunun əməkdaşları Qəbələ və Quba bölgələrində elmi ekspedisiyada olmuş, əhalidə saxlanan əlyazmaların siyahısını tutmuşlar. 2013-cü ildə iki dəyərli əlyazma əldə edilmişdir. Bunlardan biri XIX əsrin sonları - XX əsrin əvvəllərində yaşamış şair Nəcəfqulu bəy Şeydanın “Gülşəni-maarif” adlı təzkirəsinin əlyazmasıdır. Onu indiyədək haqqında çox az məlumata malik olduğumuz şairin xaricdə yaşayan nəvələri təqdim etmişlər.

İkinci əlyazma Qarabağ ədəbi mühitinin yetirməsi, şairdin xadimi Məhəmməd ağa Müctəhidzadənin 1918-ci il hadiləsələrinə aid xatirələrindən, Azərbaycan və fars dillərində yazdığı şeirlərindən ibarətdir. 1910-cu ildə İstanbulda nəşr edilmiş məşhur “Riyazül-aşiqin” təzkirəsinin müəllifi Məhəmməd ağanın bu əsərlərinin tarixçi və ədəbiyyatşünaslarımız üçün böyük maraq doğuracağı şübhəsizdir.

2013-cü ildə Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə dair 200-dən artıq materialın surətləri, elektron variantları əldə edilmişdir. Bunların içərisində XV əsrdə Təbrizdə köçürülmüş “Kəlilə və Dimnə”, cığatay dilində yazılmış, oğuz türklərinin tarixindən bəhs edən “Oğuznamə”, XVI əsrdə yazılmış “Cərrahnamə”, Əlişir Nəvainin əsərləri vardır. Bunlardan başqa, XX əsrin əvvəllərində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə aid xəritələr, müğənnilərimizin ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri böyük maraq doğurur.

İstanbulun Mərmərə Universiteti Fənn-ədəbiyyat fakültəsi kitabxanasından əldə edilən XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin “YusifZüleyxa” poeması XV əsrdə Ağqoyunlular sarayında anadilli ədəbiyyatın inkişafına verilən diqqətin sübutudur. XVI əsr şairi Qəribinin Tehranın Məclis Kitabxanasından əldə edilmiş türkcə əsərləri məcmuəsinin surəti ədəbiyyat və dil tariximizin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əsərlərdə rast gəlinən məlumatlar əsasında Qəribinin Anadolunun Məntəşə bölgəsində böyüyüb boya-başa çatdığını, sonradan şiəlik, səfəvilik, qızılbaşlıq ideyalarını qəbul edərək I Şah Təhmasib dövründə (1524-1576) Azərbaycana gəlib Təbrizdə saraya yaxınlaşdığını, burada şeirləri, dini risalələri ilə şiəlik, qızılbaşlıq ideyalarına xidmət etdiyini söyləyə bilərik. Cəsarətlə deyə bilərik ki, Səfəvilər dövlətinin ideoloji əsaslarını yaradan, bu məsələyə dair Azərbaycan türkcəsində əsərlər yazan ilk alimlərdən biri də Qəribi olmuşdur. Onun əsərlər toplusuna türkcə divanı, “Məcalisi-şüərayi-Rum” təzkirəsi, nəsrlə yazdığı bir sıra əsərlər daxildir.

XVII əsr şairimiz Mürtəzaqulu xan Zəfərin Kembric Universiteti kitabxanasından əldə edilmiş əlyazma divanının surəti də böyük maraq doğurur. Astane-Qüdse-Rəzəvi kitabxanasından əldə edilmiş XVII əsr şairi, Saib Təbrizi ədəbi məktəbinin davamçısı, şikəstə-nəstəliq xəttinin yaradıcısı Mürtəzaqulu Sultan Şamlunun divanı da dəyərli əsərlərdəndir. XVII əsr şairimiz, Təbriz şəhərinin şeyxülislamı Mirzə Saleh Təbrizinin Tehranın Məclis kitabxanasından əldə edilmiş farsca divanına onun türkcə şeirləri də daxildir.

XIX əsr şairimiz Sabit Ərdəbilinin Təbriz Mərkəzi kitabxanasından surəti əldə edilmiş divanı Azərbaycan ikiyə bölündükdən sonra Cənubda ədəbiyyatda gedən lokal prosesləri öyrənmək baxımından maraqlıdır.

Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli Heydər Əliyev Fondunun Vatikanla əməkdaşlıq layihəsi çərçivəsində Vatikanın Apostol kitabxanasındakı Azərbaycan əlyazmalarını araşdırmış, bəzilərinin surətlərini gətirmişdir.

Əldə edilən əlyazma surətləri əməkdaşlarımız tərəfindən tədqiq və nəşr edilir. Onların eləsi var ki, əhəmiyyəti nəzərə alınaraq nəşri tezləşdirilmişdir. Məsələn, 2012-ci ildə Tehranın Məclis kitabxanasından kulinariya tariximizə dair Nadir Mirzənin “Karnamə” əsərinin surəti əldə edilmişdi. Əsər 2013-cü ildə Əlyazmalar İnstitutunda tərcümə və nəşr edilmişdir. Qacar şahzadəsi Nadir Mirzə bu əsərində 260-dan artıq xörəyin dəsturunu - reseptini toplayıb, sadə bir dillə oxucuya təqdim etmişdir. Əsər milli sərvətlərimizə, o cümlədən kulinariyamıza sahib çıxmaq istəyənlərə tutarlı cavabdır.

Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil, çağdaş Azərbaycan Respublikası inkişaf etdikcə milli-mənəvi dəyərlərimizə, tarixi keçmişimizə, yazılı abidələrimizə, onların tədqiqi, nəşri və təbliğinə diqqətin get-gedə artması danılmaz faktdır. İnanırıq ki, vaxt gələcək, dünya kitabxanalarında tariximizə, mədəniyyət, elm və ədəbiyyat tariximizə dair bütün əlyazmaların surətləri, elektron variantları vahid bir mərkəzdə - AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda toplanacaq.

Zəngin bir tarixi inkişaf yolu keçmiş Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin qeyd edildiyi bir vaxtda onun bir üzvü olan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da özünün 65 yaşını qeyd etməyə hazırlaşır.

 

Teymur KƏRİMLİ,

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik

 

Azərbaycan. - 2015.- 6 dekabr.- S.7.