Baş nazirin müavini Əli Əhmədov “Günəşli” yatağında xəsarət alanlara baş çəkib

 

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirinin müavini Əli Əhmədov dekabrın 7-də Mərkəzi Neftçilər Xəstəxanasına gələrək “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın və qəza nəticəsində xəsarət alanlara baş çəkib.

AZƏRTAC xəbər verir ki, Ə.Əhmədov xəstələrin səhhəti və müalicəsi ilə maraqlanıb, onların sağlamlıq durumu barədə həkimlərdən məlumat alıb.

Sonra jurnalistlərə açıqlama verən Baş nazirin müavini bildirib ki, yaralılara və itkin düşənlərin yaxınlarına lazımi kömək göstəriləcək: “Belə bir hadisənin baş verməsi bizi üzür. Təəssüf edirik ki, belə hadisə baş verib. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə matəm elan olunması, düşünürəm ki, ən düzgün qərar idi”, - deyə Ə.Əhmədov bildirib.

Onun sözlərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan 13 nəfərdən heç birinin həyatı üçün təhlükə yoxdur. Baş nazirin müavini deyib: “Onların müalicəsi peşəkar həkimlər tərəfindən çox yüksək səviyyədə həyata keçirilir. Vəziyyətləri normaldır. Ancaq həkimlər yaralıların bir neçə gün də nəzarət altında qalmasını məsləhət görürlər. Ümid edirəm ki, itkin düşənlər də tezliklə tapılacaq, xəsarət alanlar isə yaxın günlərdə evlərinə buraxılacaq”.

Hazırda qəzada xəsarət alan 13 nəfər Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 8 dekabr.- S.7.