Səhiyyə naziri “Günəşli” yatağında xəsarət
alan vətəndaşlara baş
çəkib
Səhiyyə
naziri Oqtay Şirəliyev “Günəşli” yatağında
baş vermiş qəza nəticəsində xəsarət
almış və hazırda Neftçilər xəstəxanasında
müalicə alan vətəndaşları ziyarət edib,
onların vəziyyətləri ilə yaxından tanış
olub və lazımi göstərişlər verib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan vətəndaşlardan həmin gün ümumilikdə Səhiyyə Nazirliyinin Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub. Vəziyyətləri yaxşı olan 22 nəfər, təkrar müayinələrə cəlb olunması şərti ilə, ambulator yardım göstərilərək evlərinə buraxılıb. Bu gün həmin 22 nəfər yenidən müayinələrə cəlb olunublar. Onlardan bir nəfərini (ürək bulanma diaqnozu) xəstəxanada saxlamaq məsləhət görülüb, lakin heç bir həyati təhlükəsi yoxdur. Müxtəlif bədən xəsarətləri alan 8 nəfərə xəstəxanada lazımi səviyyədə tibbi yardım göstərilir. Vəziyyətləri sabitdir və artıq palatalara köçürülüblər. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib ki, onun da vəziyyəti stabildir.
Xəsarət alanların vəziyyəti səhiyyə
nazirinin daim nəzarətindədir.
Eyni zamanda, səhiyyə
nazirinin xüsusi
tapşırığına əsasən xəsarət alan və hadisə nəticəsində itkin düşmüş
neftçilərin yaxınlarına psixoloji
yardımın göstərilməsi üçün
isə psixoloqlardan ibarət briqada yaradılıb. Bu gün psixoloqlar yenidən
Neftçilər xəstəxanasında olub,
onlara lazımi yardım göstəriblər.
Xəsarət alanların tezliklə sağalmaları üçün bütün
zəruri addımlar atılır.
AZƏRTAC
Azərbaycan. - 2015.- 8 dekabr.- S.7.