Dövlət daim öz vətəndaşının yanında olduğunu növbəti dəfə sübut etdi

 

“Günəşli” yatağında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması prosesi bütünlüklə Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir

 

Azərbaycan hakimiyyətinin xalqa sıx bağlı olduğunu göstərən cəhətlərdən biri fövqəladə halların, ekstremal şəraitin yarandığı zaman vətəndaşların yanında olması, onların dərdlərinə şərik çıxması, vəziyyətin normallaşması üçün bütün mümkün rıçaqları işə salmasıdır. Məhz bu amil böyük mənəvi dəstək olmaqla yanaşı, bütün maddi köməklərdən yüksəkdə dayanır. Ötən dövrlərdə baş vermiş ayrı-ayrı qəzalar və təbii fəlakətlər zamanı ağır hadisələrin insanların həyatında dərin iz buraxmaması üçün dövlət tərəfindən bütün lazımi tədbirlərin həyata keçirilməsi ilə yanaşı, ilk növbədə Prezident İlham Əliyevin həssas diqqətcilliyi, hadisə yerlərinə baş çəkməsi bütün ölkə vətəndaşları tərəfindən təqdir olunur.

 

Kəskin hava şəraitinin törətdiyi qəza

 

Ekstremal şəraitlərin yaranmasına yol verilməməsi insanın öz əlində olsa da, təbii fəlakətlərdən doğan fövqəladə hallar istisna oluna bilər. Bu mənada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza da, hava şəraitindən irəli gələn texnogen qəzadır.  Bir neçə gün öncə hava şəraitinin kəskin dəyişməsi dənizdə neft-qaz əməliyyatlarının həyata keçirilməsində ciddi çətinliklər yaradıb və dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metrə çatıb, dalğanın hündürlüyü isə açıq dənizdə 8 metr olub. Həmin gün axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü daha da yüksələrək 9-10 metrə çatıb. Təxminən 27 saat davam edən güclü qasırğa və yaranan nəhəng dalğalar axşama doğru ARDNŞ-nin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb. Nəticədə baş verən partlayış platformada şiddətli yanğına səbəb olub. Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazının hesabına yanğın daha da böyüyüb. Qasırğa nəticəsində gəmilər yanğını söndürə bilmədiyindən alov quyulardan birinə keçib. Buna baxmayaraq, platformaya gələn qazın kəsilməsinə nail olunub. Qazın kəsilməsindən sonra qazlift quyularının istismarı dayandırılıb.

Təlimata və təxliyyə planına uyğun  yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc, “Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıblar. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.

 

Xilasedici qayıqlardan biri içindəki adamlarla birlikdə dənizə düşüb

 

Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edib. Həm dalğadan, həm də yanğından qorunmaq üçün qayıqlar sudan müəyyən hündürlükdə platformadan asılı vəziyyətdə saxlanılıb. Ancaq həm yanğın, həm də dalğa buraya gələn gəmilərə platformaya yaxınlaşıb qayıqdakı işçiləri xilas etməyə imkan verməyib.

 Yanğın və külək alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini də çətinləşdirib. Təqribən saat 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq içindəki adamlarla birlikdə dənizə düşüb. Həmin qayıqdan iki nəfər dənizə atılıb, iki nəfər isə platformaya çıxıb. Xilasedicilər platformadan üç nəfəri xilas ediblər, onlardan biri əvvəlcədən qayığa minməyib. Dənizə düşən şəxslərdən ikisi də çıxarılıb. Təəssüf ki, onlardan biri gəmidə keçinib. Digəri isə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Qayıqlardan biri küləyin təsiri ilə özülün dayaqlarına ilişib və həmin qayıqdakı işçilərin hamısı sağ qalıb.

 

Platformada 63 nəfər olub

 

Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınıb. Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Belə ki, səhər tezdən FHN-nə məxsus, göyərtəsində 15 xilasedici olan 2 helikopter hadisə yerinə cəlb olunub. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməyib, 3 və 5 saylı qonşu özüllərə enib. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu “Azal” QSC-yə məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxıb, həmçinin qayıqların birindəki 26 nəfəri təxliyyə edərək həmin gəmiyə götürüblər.

“Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə yanğın vaxtı platformada 63 nəfər olub. Onların arasında neftçilərlə yanaşı, tikintidə və digər işlərdə çalışan işçilər də var imiş. Hadisə baş verən zaman platformada hər biri 42 nəfərlik 4 qayıq olub. Lakin həmin qayıqlardan ikisindən istifadə edilməyib. Ümumilikdə dekabrın 5-də helikopterlə altı dəfə cəhd edilsə də yanan platformaya enmək mümkün olmayıb. Bu, son cəhddə mümkün olub və platformanın döşəməsi kəsildikdən sonra işçilərin bir qismi təxliyə ediliblər.

 

Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradıldı

 

Baş vermiş qəza ilə əlaqədar xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə dekabrın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın sədri Baş nazir Artur Rasi-zadədir. Sərəncamda dekabrın 4-də “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğının baş verdiyi qeyd olunur. Bildirilir ki, ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirib. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində 32 nəfər xilas edilərək təxliyə olunub. İlkin məlumata görə, bir nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas olunması tədbirləri davam etdirilir.

 Dövlət Komissiyasına itkin düşənlərin axtarışını və xilasetmə işlərinin sürətləndirilməsini təmin etmək, hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək tapşırılıb. Həmçinin qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsinin, xəsarət alanların müalicəsinin, dərin dəniz özülünün yararlılıq vəziyyətinin və ona dəymiş zərərin müəyyənləşdirilməsinin təmin edilməsinə dair tapşırıq verilib. Komissiya görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verməlidir.  Sərəncama əsasən Baş Prokurorluq Daxili İşlər, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirəcək.

 

İtkin düşmüş neftçilərin axtarışı davam edir

 

Ümumilikdə platformadakı 63 nəfərin 33-ü xilas edilib. Dənizə düşən 29 nəfər neftçinin axtarışı akvatoriyada olan SOCAR və bp şirkətlərinin, FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN-in helikopterləri vasitəsilə dayanmadan davam etdirilir. SOCAR-ın prezidenti və FHN-in rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər. Müşahidələr zamanı helikopterlər tərəfindən hadisə yerindən 40 kilometr məsafədə müəyyən əşyalar aşkar olunub. Həmin əraziyə FHN-in gəmiləri göndərilib. İranın və Türkmənistanın sahil mühafizə qüvvələrinə və dənizdəki bütün gəmilərə 29 nəfərin axtarışı barədə məlumat verilib.

Artıq faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin başvermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədilə iş üzrə müvafiq ekspertizalar təyin edilib, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir.

İItkin düşən 29 nəfərin yaxınlarının qayğılarını qarşılamaq üçün ARDNŞ-nin müxtəlif strukturlarında qruplar yaradılıb. Bu işləri şirkətin rəhbərliyi koordinasiya edir. Yaradılan qruplarda iştirak edən əməkdaşlar itkin düşənlərin yaxınları ilə mütəmadi əlaqə saxlayaraq, onların problemləri ilə maraqlanır, axtarış tədbirləri barədə lazımi informasiyanı çatdırır.

 

Ümummilli matəm

 

Dekabrın 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir, 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir. Sərəncama əsasən dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edildi.

Matəmlə əlaqədar olaraq bütün teatr və konsert müəssisələrində tamaşa və konsertlər ləğv edilib, kino klublarda filmlərin yayımı dayandırılıb. Həmçinin telekanallar öz proqramlarında dəyişikliklər ediblər.

Həmin gün Azərbaycan Respublikasının Baş naziri, qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri Artur Rasizadə ARDNŞ-də olub, “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar müşavirə keçirib. Müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin qəzanın aradan qaldırılması və itkin düşənlərin axtarışı ilə əlaqədar hesabatları dinlənilib, Baş nazirin sualları cavablandırılıb. Baş nazir Artur Rasizadə qəzanın aradan qaldırılması, yanğının söndürülməsi və xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

 

Xəsarət alan neftçilərə lazımi səviyyədə tibbi yardım göstərilir

 

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan vətəndaşlardan həmin gün Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub. Vəziyyəti yaxşı olan 22 nəfər, təkrar müayinələrə cəlb olunması şərti ilə, ambulator yardım göstərilərək evə buraxılıb. Dünən həmin 22 nəfər yenidən müayinələrə cəlb olunublar. Onlardan 1 nəfərini ürək bulanma diaqnozu ilə xəstəxanada saxlamaq məsləhət görülüb. Həmin şəxsin heç bir həyati təhlükəsi yoxdur. Müxtəlif bədən xəsarətləri alan 8 nəfərə xəstəxanada lazımi səviyyədə tibbi yardım göstərilir. Onların da vəziyyəti sabitdir və palatalara köçürülüblər. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib ki, onun da vəziyyəti stabildir.

 Xəsarət alanların vəziyyətləri Səhiyyə Nazirliyinin daim nəzarətindədir. Nazir Oqtay Şirəliyev baş vermiş qəza nəticəsində xəsarət alan, hazırda Neftçilər Xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib, onların vəziyyətləri ilə yaxından tanış olub və lazımi göstərişlər verib. Eyni zamanda, səhiyyə nazirinin xüsusi tapşırığına əsasən xəsarət alan və hadisə nəticəsində itkin düşmüş neftçilərin yaxınlarına psixoloji yardımın göstərilməsi üçün psixoloqlardan ibarət briqada yaradılıb. Dünən psixoloqlar yenidən Neftçilər Xəstəxanasında olublar, onlara lazımi yardım göstəriblər. Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır.

ARDNŞ-nin vitse-prezidentləri də qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər. Onlar xəstələrin səhhəti ilə maraqlanıb, həkimlərdən məlumat alıblar. Həmçinin Ombudsman Elmira Süleymanova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, Milli Məclisin deputatı Səttar Mehbalıyev,  əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da xəstələrə baş çəkiblər.

 

Xarici ölkə rəhbərləri başsağlığı verirlər

 

Qəza nəticəsində neftçilərin həlak olması ilə əlaqədar xarici ölkə rəhbərləri başsağlıqları verirlər. İlk başsağlığı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəldi. Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edən Türkiyə Prezidenti “Günəşli” yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına, mərhumların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Dekabrın 6-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili də Azərbaycan Prezidentinə zəng edib. Gürcüstan Prezidenti insan tələfatı ilə bağlı dövlətimizin başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

“Biz bu ağır gündə qardaş Azərbaycan xalqının yanındayıq və kədərini bölüşürük”. Bunu isə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı bəyanatında bildirib. İrakli Qaribaşvili faciə ilə əlaqədar həlak olanların ailələrinə, bütövlükdə Azərbaycan xalqına başsağlığı verib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenko da həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına öz xalqları adından dərin hüznlə başsağlığı verərək xəsarət alanların hamısına tezliklə sağalmağı arzu ediblər.

Rumıniyanın aparıcı media orqanları “Günəşli” yatağında baş vermiş qəzadan bəhs edən məlumatlar yayıblar. “Agerpres” milli xəbər agentliyi, “Mediafax”, “Romania Libera” qəzeti və digər kütləvi informasiya vasitələri faciəyə dair məlumatları təfərrüatı ilə, video və şəkillərlə rumın ictimaiyyətinə çatdırıblar.

 

Həyatını itirənlərin xatirəsi yad olunur

 

Baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi Dənizkənarı Milli Parkda anılır. Dekabrın 7-dən paytaxt sakinləri Dənizkənarı Milli Parka axışaraq həlak olanların və itkin düşənlərin xatirəsini yad etmək üçün dənizə qərənfillər səpirlər. “Dənizə bir qərənfil ataq” adı ilə keçirilən aksiyaya müəllimlər, tələbələr, şagirdlər də qoşulub.

Bu günlərdə Azərbaycandakı bütün məscidlərdə “Günəşli” neft yatağında baş vermiş hadisə nəticəsində həyatını itirən neftçilərin xatirəsi yad olunacaq, onlar üçün Quran oxunacaq, dualar ediləcək. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə bununla bağlı göstəriş verib. Allahşükür Paşazadə ARDNŞ-nin Xəzər dənizində baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib, ölənlərə rəhmət, xəsarət alanlara şəfa diləyib.

Hazırda itkin düşənlərin axtarışı davam edir. Həlak olanların ailələrinə, xəsarət alanlara dövlət tərəfindən müvafiq maddi yardımlar ediləcək. Xəsarət alanların və itkin düşənlərin ailələrinə sığorta ödənişinin verilməsi üçün siyahı dəqiqləşdirilir. Hadisədən zərərçəkənlərin hamısına sığorta ödənişi veriləcək.

 Lakin ən əsası mənəvi yardımdır. Azərbaycan rəhbərliyi bu hadisəyə operativ və çevik reaksiya verməklə zərərçəkənlərin taleyinə biganə qalmadığını nümayiş etdirdi. Cənab Prezidentin sərəncamı ilə Dövlət Komissiyasının yaradılması, məsul şəxslərin birbaşa hadisə yerində olmaları bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti çətin vəziyyətlərdə öz vətəndaşını tək qoymur, maddi və mənəvi dəstəyini əsirgəmir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2015.- 8 dekabr.- S.8.