“Bizi ümid xilas etdi...”
Dəhşətli hadisədən sağ
çıxanların səhhəti
normallaşır
Dekabrın 4-də “Günəşli” yatağında
baş vermiş qəza hər bir azərbaycanlını
sarsıtdı. Rəsmi məlumata görə, hadisə baş verən zaman 10-cu dərin dəniz özülündə 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib,
33 nəfər təxliyyə
olunub, 29 nəfərin
taleyi isə hələlik naməlumdur.
Onlar itkin düşmüş elan ediliblər. Hadisə nəticəsində
müxtəlif xəsarətlər
almış və hazırda Neftçilər
Xəstəxanasında müalicə
alan vətəndaşların
isə vəziyyətləri
normaldır.
Hadisə zamanı sağ qalanlarla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda
bildirilir ki, “Günəşli” yatağındakı
10-cu dərin dəniz
özülündə baş
verən güclü yanğın nəticəsində
xəsarət alan vətəndaşlardan
həmin gün ümumilikdə Azərbaycan
Respublikası Səhiyyə
Nazirliyinin Mərkəzi
Neftçilər Xəstəxanasına
31 müraciət daxil
olub. Vəziyyətləri yaxşı olan
22 nəfər, təkrar
müayinələrə cəlb
olunması şərti
ilə ambulator yardım göstərilərək
evlərinə buraxılmışdır.
Dünən həmin 22 nəfər
yenidən müayinələrə
cəlb olunmuşdurlar.
Onlardan bir nəfərini (ürək bulanma diaqnozu) xəstəxanada saxlamaq məsləhət görülüb, lakin heç bir həyati təhlükəsi
yoxdur. Müxtəlif
bədən xəsarətləri
alan 8 nəfərə
xəstəxanada lazımi
səviyyədə tibbi
yardım göstərilir.
Vəziyyətləri sabitdir və
artıq palatalara köçürülüblər. Müxtəlif dərəcəli yanıq xəsarətləri
almış 1 nəfər
isə Respublika Yanıq Mərkəzinə
yerləşdirilmişdir ki,
onun da vəziyyəti
sabitdir.
Dəhşətli gecənin qəhrəmanları
olan və müxtəlif dərəcəli
xəsarətlərlə Mərkəzi
Neftçilər Xəstəxanasına
yerləşdirilən həmin
hadisə şahidlərinə
baş çəkdik. Onların son durumları ilə bağlı vəziyyəti
həm həkimlərdən,
həm də özlərindən soruşduq.
Mərkəzi Neftçilər Xəstəxanasının
baş direktorunun müavini Nadir Mehdiyev qəza nəticəsində
xəstəxanaya yerləşdirilən
neftçilərin səhhətində
heç bir problemin olmadığını
bildirdi. Yalnız
1976-cı il təvəllüdlü Allahverdi
Məmmədovun vəziyyəti
orta-ağır olaraq qiymətləndirilir. Allahverdi Məmmədov
hadisə baş verən 10-cu platformanın
rəisidir. O, dekabrın
5-i axşam saatlarında
xəstəxanaya daxil
olub. Elə həmin gün
də əməliyyata
alınıb. N.Mehdiyev
dedi ki, ona sağ bazu
sümüyünün orta
1/3-nin qapalı yerdəyişmiş
sınığı, mil sinirinin
zədələnməsi, böyük
qabarın qopması diaqnozu qoyulub.
Nisbətən ağır xəsarətlər alan digər vətəndaş isə 1959-cu il təvəllüdlü Mərdan Rəcəbovdur. Diaqnoz isə belədir: qabırğaların çoxsaylı sınığı. Sağ mil-bilək və budun yumşaq toxumalarının əzilməsi.
Direktor müavininin sözlərinə görə, xəsarət alanların hamısına təklif olunub ki, bir gün xəstəxanada qalsınlar. Daha sonra özləri öz təkidləri ilə evlərinə getmək istədilər: “Lakin hansına ki, vacib stasionar müalicə lazım idi, onları xəstəxanada saxladıq. Eyni zamanda, ambulator müalicə olunanlar da vaxtlı-vaxtında zəng olunub müayinə üçün xəstəxanaya çağırılırlar. Çünki onlar soyuqda və suda qalıblar, isti-isti bəzi şeyləri hiss eləmirlər. Bəzilərinin sınığı, çıxığı var. Ona görə də bu işlərlə tam məşğuluq. Heç bir gecikmə və digər əngəllər yoxdur. İstər-istəməz onların hər birində müəyyən həyəcan və psixoloji gərginliklər olub. Lakin hazırda onların psixoloji vəziyyətləri də tam sabitdir. Deyərdim ki, bu insanlar əsl qəhrəmanlardır”.
Xəstəxananın həkim-travmatoloqu Fərhad Hüseynov və həkim-cərrah Nemət Abbasov da eyni sözləri dedilər. Bildirildi ki, müraciət edənlərdən ikisinin vəziyyəti ağır idi. Onlardan biri dərhal əməliyyat olundu, biri də Yanıq mərkəzinə göndərildi. Qalanları isə müxtəlif yüngül travmalarla qeydə alınıblar.
Həkim-cərrah Nemət Abbasov: “Mən 10 il Neft Daşlarında cərrah işləmişəm. Ona görə də neftçilərin xarakterinə bələdəm. O adamlar döyüşdə olan əsgərlərdən nə əməklərinə, nə də xarakterlərinə görə fərqlənirlər. Əsgərlərdə belə bir xüsusiyyət var ki, yaralı olsa da yoldaşlarını tək qoymaq istəmir, axıra qədər döyüşürlər. Bax, bu xasiyyət neftçilərdə də var. Bu hadisə zamanı oradakı bəzi yaralı işçilər hətta qalmaq istəyirdilər ki, digərlərini xilas etsinlər. Möhkəm xarakterləri var. Çox mətindirlər. Bəlkə də neftçinin çörəyi qədər halal çörək yoxdur. Onlar bir tikə çörəklərini də haqq edirlər”.
Sonra xəstələrin
müalicə olunduğu palatalara
baş çəkdik. İlk
olaraq alın nahiyəsindən müxtəlif
çapıq yaraları alan Mais Abbasovla söhbətləşdik.
O, 21 ildir
ki, hadisə olan platformada operator işləyir: “18 saat qayıqda qalmışıq.
Orada panika olduğunu deməzdim. Hər birimiz demək
olar ki, taleyimizlə barışmışdıq.
Ya hamımız ölməliydik,
ya da xilas
olmalıydıq. Amma hər
birimiz ümid edirdik ki, xilas
olacağıq. Allaha çox
şükür ki, belə də oldu. Ümidimiz çox idi.
Bəlkə də elə
bu ümid saxladı bizi, xilas etdi. Ləpə vurduqca hiss edirdik ki, harasa
ilişmişik. Hər dəfə
ləpə vuranda qorxuya düşürdük
ki, indi su bizi atacaq.
Suya düşmə ehtimalımız
çox idi. Qayıq o qədər o tərəf-bu
tərəfə çırpılmışdı
ki, qırılıb dağıla bilərdi.
Oradan sağ çıxmağımıza görə
sevincliyik deməzdim. Çünki bizim uzun illərdir orada birgə çalışdığımız dostlarımız itkin düşüblər... Bu illər ərzində ən dəhşətli hadisəni yaşadım.
Düzdür, xırda hadisələr
çox olub. Amma qarşısını almışıq.
Bunun isə qarşısını
almaq heç cür mümkün deyildi”.
Energetik
Ənvər Əliyev
də o gecənin dəhşətli olduğunu
dedi: “23 ildir ki, dənizdə işləyirəm. 5 il də müharibədə döyüşmüşəm.
Ancaq döyüşdə belə
bir dəhşətlə
rastlaşmamışam. Bu çox təhlükəli
bir hadisə idi”.
Platformanın qaynaqçısı Rəşad Hüseynov isə xəstəxanada şəraitin yüksək
səviyyədə olduğunu
bildirdi: “Bizə göstərilən qayğıya
görə bütün
həkimlərə, eləcə
də xəstəxana
rəhbərliyinə təşəkkür
edirik. Onlardan çox razıyıq”.
Səhiyyə Nazirliyinin mətbuat
xidmətindən də bildirdilər
ki, sözügedən
hadisə zamanı xəsarət alanların vəziyyəti nazirliyin daim nəzarətindədir.
Eyni zamanda, səhiyyə nazirinin xüsusi tapşırığına
əsasən xəsarət
alan və
hadisə nəticəsində
itkin düşmüş
neftçilərin yaxınlarına
psixoloji yardımın
göstərilməsi üçün
psixoloqlardan ibarət briqada yaradılıb. Dünən psixoloqlar yenidən Neftçilər Xəstəxanasında
olub onlara lazımi yardım göstəriblər. Xəsarət alanların tezliklə sağalmaları üçün
bütün zəruri
addımlar atılır.
Elgün MƏNSİMOV,
Azərbaycan. - 2015.- 8 dekabr.- S.9.