Dənizin və taleyin seçdikləri

 

Kim nə deyir desin, dəniz neftçisinin bənzərsiz taleyi var. Ömrünün yarısı dənizdə keçir. Küləklərin cövlan etdiyi estakadalarda, fırtınalarla əlbəyaxa olan özüllərdə çox təhlükələrlə üz-üzə dayanır. Daxilindəki mərdlik, cəsarət, təmkin və dözümlə... Amma dalğaları şaxə qalxıb hər yanı lərzəyə gətirəndə Xəzərin heç üzünü görmə. Bu dəfə o dəli dalğalar vahimə və fəlakət gətirdi...

Bu il dekabrın 4-də Xəzərdə qopan güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış və nəticədə yanğın baş vermişdir. Belə ki, yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və bu, güclü yanğına səbəb olmuşdur. Dərhal özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanmışdı. Lakin dalğaların hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına mane olurdu. Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri, Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, eləcə də “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşa bilmişlər. Qəza baş verəndən indiyə kimi görülmüş genişmiqyaslı yanğınsöndürmə və xilasetmə işləri nəticəsində 32 nəfər təxliyyə olunmuş, bir nəfərin cəsədi tapılmış, onlar dənizdən çıxarılaraq sahilə göndərilmişlər. Bununla belə, heç də hamını təxliyyə etmək mümkün olmamışdı. 29 nəfərin axtarışı hələ də davam edir...

Ötən bazar günü - dekabrın 6-sı Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə matəm elan olundu. Azərbaycanın bütün ərazisində dövlət bayraqları endirildi, əyləncəli tədbirlər təxirə salındı, efirlərdən musiqi proqramları çıxarıldı. Qəlblərimizə hüzn və kədər çökdü. Artıq bir neçə gündür uşaq da, böyük də həlak olmuş neftçilərimizi anır, axtarışlara ümid bəsləyir. Kimlərinsə sağ-salamat tapılacağına inamımızı itirmək istəmirik. Yaralılara şəfa diləyirik.

Fədakar Xəzər neftçisinin əməyinə, məişətinə, həyat tərzinə bələd olmuş, hünərini görmüş, o ekstremal şəraitdə onlarla birlikdə sadə neftçi süfrəsində halal neftçi çörəyi kəsmiş bizlərə - dəfələrlə dəniz estakadalarına və özüllərinə səfər etmiş jurnalistlərə o faciə və itkilər daha ağırdır.

Ötən illərin birində 10 nömrəli özülün özündə də olmuşuq. “Günəşli” yatağının lap orta hissəsində yerləşir. Dayaqları suyun 110 metr dərinliyində qərar tutan bir özüldür.

Deyirlər, özüllər yataqların konturlarıdır. “Günəşli”nin ərazisinə “səpələnmiş  özüllər də sanki onun ərazisinin şəklini çəkir, “sərhəd”lərini göstərir.

Vertolyotun illüminatorundan baxanda Xəzərdəki bu özüllər səmanın üzündəki xırda ulduzlar kimi görünür. Ulduzlar kimi də bir-birinə bənzəyirlər. Amma hər özülün öz xarakteri var. Birindən daha çox neft hasil olunur, digərindən isə qaz. Sahələri, ağırlıqları, dayaqlarının qərar tutduğu dərinliklər, işçilərinin sayı və s. ilə də fərqlənirlər. Zavodda ayrı-ayrı vaxtlarda tikilib, dənizdə müxtəlif illərdə quraşdırılıblar. Bir sözlə, hər özülün öz tarixçəsi var. Demə, hər birinin öz taleyi də varmış...

Qismətinə düşən taleyin hökmü ilə neçə gündür alışıb-yanan 10-cu özül təxminən 30 yaşındadır. “Günəşli”nin seçilən özüllərindəndir.

İndi məsafəcə bizdən uzaq olsa da, yaşadığı kədərlə qəlbimizə çox yaxındır “Günəşli” yatağı. Bakıdan 130 kilometr şərqdə, Xəzərdə, suyun dərinliyinin 80-130 metr olduğu ərazidə yerləşir. Neftlə və qazla zəngin olan nəhəng dəniz yatağıdır. Dünyanın o nadir yataqlarındandır ki, iki hissədən ibarətdir. Bu hissələr “Dayazsulu Günəşli” və “Dərinsulu Günəşli” kimi tanınırlar. “Günəşli”nin dayaz hissəsi Azərbaycan neftçiləri tərəfindən keçən əsrin 70-ci illərində işlənən və 80-ci illərin əvvəlindən istismar olunan müstəqil bir yataqdır. “Dərinsulu Günəşli”də isə BP-nin operatorluğu ilə 9 şirkət, o cümlədən SOCAR tərəfdaşlıq edir. “Dərinsulu Günəşli”dən 2008-ci ildə hasilat əldə olunub.

“Günəşli”, yəni onun SOCAR-ın “28 May” NQÇİ tərəfindən istismar olunan, sözügedən dayaz hissəsi indiyədək Azərbaycan dövlətinə öz nefti və qazı ilə çox xeyir verib. “Günəşli” çox hadisələrin, o cümlədən neftçi taleyinin şahidi olub.

Heç də hər kəs dəniz neftçisi ola bilmir. Qorxmazlar, fədakarlar, fədailər bu peşəni seçirlər. Yaxşı deyiblər ki, təkcə insan peşəni deyil, peşə də insanı seçir.  Dəniz neftçiləri də seçilmişlərdir. Dənizin, peşənin, bəlkə taleyin özünün də seçdikləri... Elə 10-cu özülün özündə yaşlı bir neftçidən eşitdiklərimizi xatırlayırıq: “Dənizdə heç də hər kəs qərar tuta bilməz. Olub ki, özülə boylu-buxunlu, sağlam bir gənc gəlib. Biliyi, savadı, peşə hazırlığı da öz yerində. O gələndə dəniz sakit olub. Amma iki-üç gündən sonra Xəzər coşub dəli dalğalarını özülün dəmirlərinə çırpanda həmin gənc vahiməyə düşüb, rəngi avazıyıb və özülə eniş edən ilk vertolyotla, yaxud yan alan birinci gəmi ilə sahilə dönüb və bir də dənizə qayıtmayıb...”

Dəniz neftçiləri fədakarlıqları ilə yanaşı, həm də duyğulu, kövrək insanlardır. Dəniz həyatı onlarda eyni zamanda nikbinlik, dostluq etmək bacarığı, insanlarla səmimi ünsiyyət qurmaq vərdişləri yaradır. Maraqlı insanlardır, həmişə maraqlı söhbətlər edirlər. Bu söhbətlərdən 10-cu özüldə də çox eşitmişik. Qeyd dəftərçəmizdə digər bir neftçinin dilindən eşitdiklərimiz də qalıb. O, dəniz həyatını cəbhəyə bənzətmişdi: “Düşmənlə qarşı-qarşıya gələndə meydanı qoyub qaça bilməzsən. Mədəndə qəza baş verəndə, təhlükəli an yarananda da belə olmalıdır. Bir də ki, dənizdə işləyənin hamısı, hətta neftçi olmayan da özünü cəbhədəki kimi hiss edir. Bir dəfə qəza baş vermişdi. Rəhbər, fəhlə - hamı yığılmışdı quyunun başına. Dönəndə gördüm ki, aşpazımız da dayanıb bizimlə yanaşı”.

Bax, bu dəfə də belə olub. İntəhası, qəza bir quyuda deyil, bütöv bir platformada baş verib. Onun 60-dan çox işçisi də əl-ələ verə-verə, bir-birinə dayaq ola-ola fəlakətdən qurtulmağa çalışıblar. Amma əfsuslar ki, dalğaların əlindən qopmaq çoxunun qismətinə  düşməyib. Onlar haqqında düşündükcə gözüm önünə 10 yaşlı bir qız gəlir. Onun haqqında 10-cu özülün neftçilərindən biri danışmışdı: “Hər dəfə dənizdən geri dönüb həyətimizə daxil olanda görürdüm ki, qızım mənzilimizin eyvanında dayanıb yolumu gözləyir. Sonra anası mənə dedi ki, dənizdən qayıdacağım gün uşaq sübh tezdən eyvana çıxır və istər soyuq olsun, istərsə də isti, beləcə saatlarla gözünü yola dikir. Bunları eşidəndən sonra hansı gün qayıdacağımı əvvəldən xəbər vermədim”.

O sözləri deyən neftçi indi başqa bir özüldə çalışır. Amma bu gün digər bir neftçinin - dənizdə hələ də özümü, ya cəsədimi  axtarılan neftçinin mənzilinin eyvanında təlaşdan bağrı yarılan körpəsi, gözündə yaş donmuş boynubükük ömür yoldaşı dayanıb. Neftçilər bənzər tale yaşayırlar...

10-cu özüldə bir neftçi də bizə anası haqqında danışmışdı: “Bir dəfə anam yuxusunda görüb ki, dənizə, mənim yanıma gəlib. Kənddəki bağımızdan mənə alma-armud gətirib. Gətirdiyi meyvələri bıçaqla dilimləyib ki, mənə versin. Birdən bıçaq əlindən dənizə düşüb... Anam yuxuda fəryad qoparıb. Oyananda söyləyib ki, nə deyirsiniz deyin, bu gün dənizdə qasırğa var. O, yuxusunu pisliyə yozmuşdu. Deyirdi ki, bıçaq əlimdən dənizə düşdü. Dilim-ağzım qurusun, elə bildim sənə nə isə olub. Qolumun gücü, sözümün kəsəri sənsən axı, oğul...”

Qərubədir ki, həmin gün doğrudan da dənizdə qasırğa olmuşdu. Amma bugünkü qasırğa o qasırğadan deyildi. Görəsən, Xəzərə qərq olan o oğulların anaları bu gecə yuxularında nə görmüşdülər?!.

Elm, texnika, texnologiya, rabitə nə qədər inkişaf etsə də, bəzən təbiətin gücü qarşısında aciz qalırlar. 2010-ci ildə Meksika körfəzində nəhəng platformada baş verən yanğın barədə hələ də söz-söhbət gedir. Dənizlərdə və dəryalarda belə qəzalar çox olub. Tarixin yaddaşında 1963-cü ildə keçmiş SSRİ-nin karbohidrogen məkanlarından birində - Özbəkistandakı “Utra-Bulaq” və 1971-ci ildə Ukraynanın Xarkov vilayətindəki qaz yataqlarında, 1985-ci ildə Xəzərin Qazaxıstan sektorundakı “Tengiz” yatağının neft quyusunda baş verən yanğınlar da qalıb. Təbii ki, Xəzərin Azərbaycan sektoru da hava şəraitinin gətirdiyi belə fəlakətlərdən sığortalanmayıb. Azərbaycan neftçilərinin qələbələri, ölkəmizin neft sənayesinin misilsiz uğurları ilə yanaşı, yaddaşımızda 1968, 1974 və 1985-ci illərdə “Bahar” yatağında, iki il əvvəl “Bulla-dəniz” yatağında baş verən yanğınlar da qalıb. Yeri gəlmişkən, elə bu günlərdə, “Günəşli”də baş verən faciə ilə bahəm Neft Daşlarında da bədbəxt hadisə olub. Güclü külək dəniz şəhərinin üç işçisini yaşadıqları köşk qarışıq dalğaların qoynuna atıb. Və Neft Daşlarından söz düşmüşkən: haradasa “Günəşli”dəkinə bənzər qəza 1957-ci ilin bir qasırğalı payız gecəsində Neft Daşlarında baş vermiş, fədakar neftçiləri sulara qərq etmiş və Xəzər onların son mənzili olmuşdu.  Nə qədər heyrət doğuran fakt olsa da, illər sonra həmin yerə işləməyə onların artıq böyümüş oğulları gəlib.

Dənizin çox böyük cazibə qüvvəsi varmış! Neftçi peşəsinin bütün çətinliklərini bilə-bilə, Azərbaycan oğullarının yeni-yeni nəsilləri yenə də bu yolu seçirlər. Amalları, arzuları, iradələri dənizdən güclü olduğu üçün...

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2015.- 8 dekabr.- S.9.