“Zirvə”çilər dünya çempionatında medal və rekordlarla fərqləndilər

 

2016-cı il Yay Olimpiya Oyunlarına 4 idmançımız lisenziya qazandı

 

Noyabrın 20-28-də ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı “Zirvə” Beynəlxalq İdman Klubu üçün əlamətdar oldu. Corc Braun Konfrans Mərkəzinin yarış zalında baş tutan turnirdə 115 ölkədən 737 atlet (314 qadın, 423 kişi) medallar uğrunda mübarizəyə qoşuldu. Onların içərisində “Zirvə” Beynəlxalq İdman Klubunun 7 ölkədən olan 17 üzvü də vardı.

Azərbaycan milli komandasının heyətində yer alan 11 idmançıdan 6-nın məhz “Zirvə”nin üzvü olması xüsusilə qeyd olunmalıdır. İlk olaraq 62 kq çəki dərəcəsində “Xırdalan-Zirvə” təmsilçisi, London Olimpiadasının bürünc mükafatçısı Valentin Xristov yarışıb. O, birdən qaldırma hərəkətində üç yanaşmasından ikisini uğurla yerinə yetirib. Əvvəlcə 137, sonra isə 141 kq-lıq ştanqın öhdəsindən gəlib. Sonuncu olaraq sifariş verdiyi 143 kq-ı ram edə bilməsə də, Xristov bu hərəkətdə bürünc medala sahib çıxıb. Təkanla qaldırma hərəkətində də Xristov yaxşı çıxış edib. O, əvvəlcə 171, sonra isə 176 kq-ı ram edə bilib. Son yanaşmasında Avropa rekordu olan 181 kq-ı qaldırmağa cəhd etsə də, uğursuz olub. Ancaq buna baxmayaraq, Valentin bu hərəkətdə də 3-cü ola bilib. Toplamda 317 kq (141+176) nəticə göstərən Valentin Xristov yekun sıralamada 3-cü yeri tutaraq dünya çempionatının bürünc medalına sahib çıxıb.

69 kq çəki dərəcəsində isə “Goranboy-Zirvə” təmsilçisi gənclər arasında Avropa çempionu və rekordçusu Firudin Quliyev çıxış edib. Atletimiz birdən qaldırma hərəkətində uğursuz çıxış edib. Firudin ilk iki yanaşmada 142 kq-ı ram edə bilməyib. Ancaq sonuncu yanaşmada toparlanaraq 143 kq-ı başı üzərinə qaldırmağı bacarıb. Təkanla qaldırma hərəkətində Quliyev daha yaxşı çıxış edib. O, üç yanaşmasında ən çox 188 kq-ın öhdəsindən gəlib. Bununla o, təkanla qaldırmada dünya çempionatının gümüş medalına sahib çıxa bilib. Toplam 331 kq (143+188) nəticə göstərən atletimiz yekun sıralamada 6-cı yeri tutub.

77 kq çəki dərəcəsində “Lənkəran-Zirvə” atleti, yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Elxan Əliquluzadə körpücük üzərinə çıxıb. Elxan birdən qaldırma hərəkətində 154 kq çəkini ram edərək 13-cü olub. Cəmi 20 yaşı olan atlet təkanla qaldırma hərəkətində möhtəşəm çıxış edərək böyük uğura imza atıb. Əliquluzadə 203 kq nəticə ilə bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb. O, toplamda 357 kq (154+203) nəticə ilə dünya çempionatında 6-cı yeri tutub. Bununla yanaşı, təkanla qaldırma hərəkətində 203 kq-la Elxan gənclər arasında dünya rekordunu yeniləyib. Tanınmış türk atlet Taner Sağırın 2004-cü il Afina Olimpiadasında müəyyənləşdirdiyi 202 kq-lıq rekord 11 il idi ki, yenilənmirdi. “Zirvəçi” Elxan Əliquluzadə bunu edə bildi (bu, həm də gənclər arasında Avropa rekordu idi).

94 kq çəki dərəcəsində B qrupunda “Lənkəran-Zirvə” atleti Rövşən Fətullayev körpücük üzərinə çıxıb. O, toplam 373 kq (166+207) nəticə göstərib və bu qrupda 3-cü, yekun sıralamada isə 12-ci yeri tutub.

105 kq çəki dərəcəsində B qrupunda isə “Qobustan-Zirvə” atleti Dadaş Dadaşbəyli çıxış edib. 19 yaşlı atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 185 kq-la birinci olub. Təkanla qaldırma hərəkətində isə 210 kq-la o, 5-ci yeri tutub. Toplamda 395 kq (185+210) nəticə göstərən Dadaş Dadaşbəyli B qrupunda bütün rəqiblərini qabaqlayaraq qalib olub. Atlet yekun sıralamada 9-cu yeri tutub. İdmançımızın yaşını nəzərə alsaq, bu, çox gözəl nəticədir. Gənc atlet birdən qaldırma hərəkətində bürünc medala çox yaxın idi. O, bu pillənin sahibindən cəmi 1 kq. geri qaldı. Yaşını nəzərə alsaq əminliklə deyə bilərik ki, Dadaş Dadaşbəyli Azərbaycan ağır atletikasının böyük gələcək vəd edən idmançılarındandı. O, “Zirvə” İdman Klubunda hər kəsin rəğbət bəslədiyi, qələbəsinə ümid etdiyi atletdir. Ölkəmizin bayrağını yüksəkdə tutmaq, layiqincə təmsil etmək Dadaşın bacardığı bir işdir. Hər kəs buna inanır!

Qadınlar arasında 69 kq çəki dərəcəsində B qrupunda Anastasiya İbrahimli mübarizə aparıb. “Xırdalan-Zirvə” atleti 230 kq (100+130) nəticə göstərib. Bununla o, B qrupunda 3-cü, yekun sıralamada isə 13-cü yeri tutub.

“Zirvə” Beynəlxalq İdman Klubunun digər ölkələrdən olan idmançılarından “Finiks-Zirvə” atleti, ABŞ-lı Aleks Yunqvan Lini fərqləndirmək olar. O, birdən qaldırma hərəkətində möhtəşəm yarışıb və 14 ildir qüvvədə olan, Skott Dilbertin müəyyənləşdirdiyi ABŞ rekordunu iki dəfə yeniləyib. Li 135 kq-lıq rekordu əvvəlcə 137 kq, sonra isə 140 kq-ı başı üzərinə qaldırmaqla təzələyib. Toplamda 316 kq (140+176) nəticə göstərən Li, B qrupununun sıralamasında 2-ci, yekunda 13-cü yeri tutub.

56 kq çəki dərəcəsində “Kişinyov-Zirvə” atleti Oleq Sırqi, 69 kq çəki dərəcəsinin B qrupunda “Kişinyov-Zirvə”nin digər ağırlıqqaldıranları Sergey Çekir və 77 kq cəki dərəcəsində Artyom Pipa, 85 kq çəki dərəcəsində rumın Georgi Çernı, 94 kq çəki dərəcəsinin B qrupunda “Jidaçiv-Zirvə” təmsilçisi Volodimir Hoza, 94 kq çəki dərəcəsinin C qrupundakı mübarizəsində “Beer-Şeva-Zirvə” təmsilçisi Anatoli Muşik, çəkisi +75 kq olan qadınların yarışında “Jidaçiv-Zirvə” atleti Anastasiya Qotfrid uğurla çıxış ediblər. Son olaraq “Tbilisi-Zirvə” klubunun atleti Georgi Çxeidze də mübarizə aparıb. O, 105 kq çəki dərəcəsində B qrupunda yarışıb.

Qadınların mübarizəsində isə 58 kq çəki dərəcəsində Azərbaycan komandasının üzvü olan Boyanka Kostova Azərbaycan qadın ağır atletikası tarixində ilk dünya çempionu adını qazanıb. O, bu uğurunu 6 rekord - 2 dünya və 4 Avropa rekordu ilə birlikdə əldə edib.

“Zirvəçi”lərin Hyuston şəhərində keçirilən yarışlar barədə klubun prezidenti Tofiq Heydərovun fikirlərini öyrəndik. O dedi: “Ümumilikdə qeydə alınan nəticələr göstərir ki, “Zirvə” Beynəlxalq İdman Klubunda görülən işlər Azərbaycan idmanının daha uğurlu gələcəyinə öz böyük töhfəsini verməkdədir. Ölkə ağır atletikasının inkişafı naminə atılan bu addımlar təqdir olunmalıdır. “Zirvə”nin daima zirvələri fəth etməsi, Azərbaycanın bayrağının yüksəklərə qaldırılması, himnimizin ifa olunması idmansevərləri və vətəndaş olaraq bizləri sevindirir. Klubumuzun qısa müddət ərzində yetişdirdiyi ağırlıqqaldıranlar etimadı doğruldurlar. Karyeralarının hələ başlanğıcında olan bu idmançıların qarşıdakı turnirlərdə ölkəmizi layiqincə təmsil edəcəyinə şübhə yoxdur”.

Bütövlükdə, həm qadınlar, həm kişilər arasında bütün çəki dərəcələrində gərgin mübarizə aparıldı. Çox sayda dünya və Avropa rekordları qırıldı, ağır atletika aləmi həm köhnə, həm də yeni çempionlarını tanıdı. Azərbaycan milli yığması isə xal hesabında yalnız Rusiya, Qazaxıstan, Şimali Koreya və Belarus yığmalarından geri qaldı. Lakin bu, Azərbaycanın kişilərdən ibarət ağır atletika yığmasının Rio Olimpiadasına 4 lisenziya qazanması deməkdir.

2006-cı ildən rəsmən fəalliyətinə başlayan “Zirvə” İK Azərbaycan idmanında liderlərdən birinə çevrilib. İlk dəstəyini ümummili lider Heydər Əliyevdən alan klub peşəkar idmançılar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malikdir. Klubun adı da təsadüfi seçilməmişdir. Ulu öndər Heydər Əliyevin idmançılarla görüşlərinin birində klubun prezidenti sabiq ağır atlet, idman ustası, 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı Tofiq Heydərov da olub. Ümummilli lider Heydər Əliyevin “mən sizləri həmişə zirvələrdə görmək istəyirəm” sözü bu mənada həlledici rol oynayıb. Tofiq Heydərov klubu yaradarkən ulu öndərin sözlərini əsas götürüb, ad olaraq “Zirvə” seçib.

Azərbaycan ağır atletikasının şəksiz lideri olan “Zirvə” İK qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olub. 2015-ci ildə “Zirvə”çilər bu baxımdan yetərincə uğurlu çıxış ediblər. Yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Avropa və dünya çempionatlarında yarışan atletlərimiz ümumilikdə 32 medal əldə etmişlər. Onlardan 20-si qızıl, 11-i gümüş və 11-i bürünc medaldır.  Bununla yanaşı qeyd olunan yarışlarda atletlərimiz tərəfindən 2 Avropa və 1 dünya rekordu müəyyən edilib.

“Zirvə”-nin Azərbaycanın bölgələrində böyük kompleksləri var. Lənkəran, Sumqayıt, Şamaxı, Neftçala, Samux, Abşeron, Goranboy, Qazax, Astara, Masallı, İsmayıllı və bir çox başqa bölgələrdəki zallarda idmançılara ən yüksək şərait yaradılıb. Klubun mərkəzi bazası Xırdalan şəhərində, ərazisi 12 ha olmaqla 50 min kv.m. qapalı sahəyə malik, AAAF PARK Yaşayış Kompleksindədir. Burada fəaliyyət göstərən “Zirvə Liseyi”ndə 20-dən çox gənc ağır atlet həm təhsil alır, həm də peşəkar idman bacarıqlarını yüksəltməklə məşğuldurlar. Kompleksdəki “Zirvə Uşaq İdman Akademiyası”nda ağır atletika ilə yanaşı, gimnastika, cüdo, üzgüçülük, şahmat inkişaf etdirilir. Klubun yüzə yaxın fərqlənən üzvləri burada mənzillə təmin olunublar. Ağır atletika, cüdo, gimnastika, futbol, tennis və başqa növlər üzrə bölmələri olan “Zirvə” İK beynəlxalq səviyyəyə çıxmaq üçün ilk addımlarını atmağa başlamışdır. Klubun planetar layihəsi olan - “Zirve İnternational Sport Clubs”-ın Polşa, Bolqarıstan, Rusiya, İran, ABŞ, İsrail, Belarus, Gürcüstan, Türkiyə, Moldova və Ukraynada filialları yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. Artıq klubun filialları arasında iki dünya kuboku və bir dünya çempionatı keçirilmişdir. 2015-ci il dekabrın 27-28-də isə 2-ci dünya çempionatı ən yüksək səviyyədə təşkil olunacaq.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2015.- 8 dekabr.- S.11.