Təbii fəlakət qurbanlarının ailələri dövlət himayəsinə götürüldü

 

Azərbaycan Prezidentinin şəxsi nəzarəti altında həyata keçirilən tədbirlər nəticəsində qəzanın fəsadları araşdırılır və aradan qaldırılır

 

Dünyanın ən müxtəlif guşələrində son illər təbii fəlakətlərin artması iqlim dəyişməsi ilə əlaqələndirilir. Ümumdünya Meteorologiya Təşkilatının açıqlamasına görə, ötən əsrin 80-90-cı illəri ilə müqayisədə son on il ərzində güclü külək, tornado, qasırğa, zəlzələ, vulkan püskürməsi və quraqlıq kimi təbii fəlakətlərin 5 dəfəyədək artması ciddi kataklizmlərə yol açıb. Təbii fəlakətlərdən heç bir dövlət sığortalanmayıb və onların qarşısını da əvvəlcədən almaq qeyri-mümkündür. Belə təbii fəlakətlərdən biri də bu günlərdə Xəzər dənizində baş verdi və çox təəssüf ki, insan itkisi ilə nəticələndi.

Xəzər dənizində dekabrın 4-də əsən güclü küləyin sürəti saniyədə 38-40 metrə, dalğaların hündürlüyü isə 8-10 metrə çatıb, qasırğa 27 saat davam edib. Qaz quyularından 10-cu platformaya gələn kəmərlərdən birində dalğaların təsiri ilə partlayış baş verib, platformada yanğına səbəb olub. Qəfil baş verən partlayış nəticəsində platformada olan işçilər vaxt itirmədən qayıqlara minərək xilas olmağa çalışıblar. Onlar təlimata uyğun olaraq tez bir zamanda iki qayığa miniblər. Hadisə baş verən zaman platformada 63 nəfər olub. Onların arasında neftçilərlə yanaşı, tikintidə və digər işlərdə çalışan işçilər də olub. Həm dalğadan, həm də yanğından qorunmaq üçün qayıqlar sudan müəyyən hündürlükdə platformadan asılı vəziyyətdə saxlanılıb. Ancaq həm yanğın, həm də dalğa buraya gələn gəmilərin platformaya yaxınlaşıb qayıqdakı işçiləri xilas etməsinə imkan verməyib.

Güclü küləyin və dalğanın təsiri ilə qayıqlardan birinin asıldığı qarmaqların qırılması nəticəsində həmin qayıq dənizə düşüb. İşçilərdə xilasedici jiletlər olsa da, dalğalar arasında itkin düşüblər.

Hadisə baş verdikdən dərhal sonra bütün zəruri tədbirlər operativ surətdə görülüb, lakin hava şəraitinin görünməmiş dərəcədə ağır olması partlayış və alovun dərhal bütün platformanı bürüməsinə səbəb olub. Buna baxmayaraq, özülün rəhbərliyi və işçi heyəti fədakarlıq göstərib, təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun təxliyə planına müvafiq hərəkət ediblər.

Ötən müddət ərzində hadisə zamanı özüldə olan 33 şəxs təxliyə edilib, tibbi müayinədən keçirilib, ambulator və stasionar müalicəyə cəlb edilib. 7 nəfərin isə cəsədi dənizdən çıxarılaraq sahilə gətirilib və ailələrinə təhvil verilib. Hazırda itkin düşən 23 şəxsin axtarışı və yanan quyuların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. FHN-nin, DSX-nın, Xəzər Dəniz Gəmiçiliyinin, AZAL-ın gəmi və helikopterləri, SOCAR-ın mütəxəssisləri və lazımi sayda şəxsi heyət bu işlərə cəlb olunub.

Platformada 24 neft və 4 qaz quyusu istismar edilir. Həmin quyulardan gündə 920 ton neft, bir milyon kubmetrə yaxın qaz hasil olunur. Yanğın baş verən zaman platformalardan gələn qaz kəmərləri dərhal bağlanılıb. Yanan borulardakı qalıq qaz olub. Qeyd edək ki, 1984-cü ildə tikilən platformanın istismar müddəti 50 ildir.

“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən şəxslərin tapılması ilə bağlı Qazaxıstan, Rusiya və İranın sərhəd qoşunlarına, bütün balıqçı gəmilərinə məlumat verilib. Xəzər Dəniz Donanmasının, Fövqəladə Hallar Nazirliyinin və Sərhəd Qoşunlarının gəmiləri axtarış-xilasetmə prosesini davam etdirir. Bu işlərə DSX-dən 7, FHN-dən isə 4 helikopter cəlb olunub. Bütün aidiyyəti qurumların rəhbərliyi axtarış işlərinə nəzarət edir. Baş verən hadisə ilə bağlı ictimaiyyəti məlumatlandırmaq üçün SOCAR tərəfindən iki qərargah yaradılıb. Qərargahlar 24 saat ərzində fasiləsiz işləyir. Eyni zamanda “Azneft” İstehsalat Birliyində yaradılan qərargahda hər üç saatdan bir mətbuat üçün açıqlamalar təşkil edilir.

 

Qəza qurbanlarının ailələri yüksək sosial müavinətlər alacaqlar

 

“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamına əsasən yaradılmış Dövlət Komissiyası işini davam etdirir. Dövlət Komissiyası itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini, qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək istiqamətində konkret işlər həyata keçirir. Komissiya qəza nəticəsində xəsarət alanların müalicəsinin təmin edilməsi, dərin dəniz özülünün yararlılıq vəziyyəti və ona dəymiş zərərin müəyyənləşdirilməsi və görülmüş digər işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verir.

Baş nazir Artur Rasizadənin sədrliyi ilə dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının növbəti iclası keçirilib. İclasda qarşıda duran təxirəsalınmaz məsələlər, habelə qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardımların göstərilməsi, xəsarət alanların müalicəsinin təmin edilməsi, hadisə rayonunda ekoloji vəziyyətin monitorinqinin təşkili məsələləri müzakirə edilib. Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında 2015-ci il 5 dekabr tarixli sərəncamdan irəli gələn vəzifələrin icrası və qəzanın fəsadlarının aradan qaldırılması ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

Platformada baş vermiş yanğın zamanı orada olan 63 nəfərdən dünyasını dəyişənlərin ailələrinə, sağ qalanların isə özlərinə kompensasiya verilməsi nəzərdə tutulub. 10-cu dərin dəniz özülündə, o cümlədən “Neft Daşları”nda baş vermiş bədbəxt hadisə zamanı dünyasını dəyişən, xəsarət alan neftçilərə ödəniləcək kompensasiyaların həcmi açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, 3 azyaşlı uşağı, yaşı 30-35 arası olanlara, əməkhaqqı 600-650 manat olan dünyasını dəyişən neftçilərin ailələrinə 80 min manat həcmində kompensasiya ödəniləcək. Nazir qeyd edib ki, bu rəqəm neftçinin əməkhaqqından, iş stajından, ailə üzvlərinin sayından asılı olaraq 140 min manata qədər çata bilər. Bütün bunlar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunla tənzimlənir. Nazir əlavə edib ki, xəsarət alan neftçilərə əlillik dərəcəsi təyin olunacaq.

Xatırladaq ki, Dövlət Neft Şirkətinin işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi Fuad Əlizadə də qəza nəticəsində dünyasını dəyişənlərin ailələrinə və sağ qalanlara veriləcək təzminatların məbləğini açıqlayıb: “Maddi yardım verilməsi qaydalarına uyğun olaraq işçi vəfat etdikdə, işçinin ailə üzvlərinin birinə əməkhaqqının 20 misli qədər təzminat ödənilir. Eyni zamanda, vəfat edən işçinin uşağına həddi-büluğa, yəni, 18 yaşına çatana qədər hər ay əməkhaqqının 2,5 misli qədər təzminat ödənilir. Eləcə də vəfat edən işçinin övladı hər hansı bir ali məktəbdə əyani təhsil alırsa, 23 yaşa çatanadək əməkhaqqının 2,5 misli qədər təzminat ödənilir. Bundan başqa, Dövlət Neft Şirkətinin işçiləri həyat sığortası ilə sığortalanıb”.

 

Hər bir azərbaycanlının Prezidenti

 

“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin.” deyən cənab İlham Əliyev ulu öndərin dövlətçilik irsinə sədaqətini bir daha nümayiş etdirir. Dövlət başçısı irəli sürdüyü bu prinsipləri gerçəkliyə çevirmək üçün ardıcıl, məqsədyönlü və uğurlu fəaliyyət göstərmiş, bütün məsələlərdə məhz xalqın mənafeyini əsas götürmüşdür. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Dekabrın 6-da Prezident İlham Əliyevin “Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında” sərəncamı da ölkə başçısının vətəndaşlarımızın yanında daim olduğunu bir daha nümayiş etdirdi. “Günəşli” yatağında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması prosesi bütünlüklə Prezidentin şəxsi nəzarətindədir. Prezident İlham Əliyevin idarəçilik keyfiyyətləri sırasında diqqət çəkən əsas məqamlardan biri də dövlət başçısının ölkədə baş vermiş ekstremal situasiyalarda çevik və düzgün qərarlar qəbul etməsi, bu zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir. Bu, bir daha təsdiq edir ki, cənab İlham Əliyev üçün insan amili bütün məqsədlərin önündə dayanır.

Prezident İlham Əliyev baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Dövlət Komissiyasının üzvlərinin qarşısında konkret vəzifələr müəyyənləşdirdi. Bu həm də gələcəkdə baş verə biləcək təbii fəlakətlərin qarşısının vaxtında alınması üçün aidiyyəti orqanlar üçün bir proqramdır. Bütün bunlar bir daha ondan xəbər verir ki, Azərbaycan Prezidenti hər zaman xalqın yanındadır və dövlətimiz baş verən istənilən ekstremal hadisədə onların üzərindən diqqət və qayğısını əsirgəmir.

Dövlət başçısının ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsi daim müsbət qiymətləndirilir. “Əsl siyasət konkret real iş görməkdir” devizinə daim sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır. Xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmaq, milyonlarla insanın rəğbətini qazanaraq liderlik səviyyəsinə yüksəlmək heç də hər bir rəhbərə nəsib olmur. Yalnız hakimiyyəti millətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən və bunu əməli fəaliyyəti ilə sübuta yetirən şəxsiyyətlər milyonlarla insanın rəğbətini qazana bilir. Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir fərdin mənafeyini özündə ehtiva edən siyasət hər zaman ictimai etimad qazanır, dəstəklənir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 9 dekabr.- S. 4.