“Günəşli”nin zülmət gecəsində parlayan ulduzlar

 

“Mənə dəniz verin”...

...Ləpələri ilə xəyalları qumlu sahildən uzaqlara aparan dənizi kim sevmir ki?.. Dəniz ruhumuza sərinlik, sevgimizə dəyanət, məhəbbətimizə məhrəmlik gətirir.

Şairlər ləpələrdən ilham alaraq şeirlərini yazıb, bəstəkarlar mahnılarını bəstələyib, müğənnilər könülləri coşduran nəğmələri səsləndiriblər. “Mənə dəniz verin”..., “Dalğalarla danış, dəniz” kimi həzin, lirik mahnılar da beləcə yaranıb və illərdir dillərdən düşmür, könül oxşayır: “Sahil tanış, buludlardan yağır yağış... sükut tanış, bəlkə də bir xəyalımış: mavi sular naxış-naxış... dalğalarla danış, küsmüsənsə barış, dəniz”...

Vəsfindən, hüsnünə yazılan şeirlərdən nazlanan dəniz nədən o günü birdən qəzəbləndi, şahə qalxıb fəlakət gətirən dalğaları, fırtınasıyla hər şeyi yıxıb-dağıtdı, İlahi?!

Sənə anam deyirdim,

Xəzər - dənizim mənim.

Sənə sonam deyirdim,

Ay gül bənizim, mənim!

Evim olmuşdun mənim, həm ilham məskənim, fırtınan oldu qənim, qərq oldu közüm mənim. Həyatım sən olmuşdun, varlığıma hopmuşdun, ürəyimə dolmuşdun, ay canım-gözüm mənim. Bu fəlakət idi: yoxdu insan ümidi? Bəxtin ağlar günüdü; “fəryaddısözüm mənim:

Atama sən cavab ver,

Anama sən cavab ver,

Obama sən cavab ver,

Tapılsın izim mənim!

 

...Ümidlərin öləziyən, işıqların sönən gecəsi

 

Sağlamlığımızın qeydinə qalan dənizin havası, suyu can dərmanı sayılıb. Saya gəlməyən insanlar bu loğman dəryanın sərvətindən azmı bəhrələnib? Yalnız növ-növ balıqları qara-qırmızı kürüsü ilə yox, onunqara qızıl”ı da həyat iksirimizə çevrilib. Həyat üçün zəruri sayılan qida yanacaq alırıq ana qədər əzizlədiyimiz Xəzərdən. Dünyaya yenicə göz açan körpələrə Xəzər adı da vermişik, Dəniz ...

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin və hələ də axtarılan neftçilərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq dövlət başçısının imzaladığı sərəncamla ölkə ərazisində matəm elan edildi. Bayraqlarımız endirildi. Cəmiyyətimiz bu matəm libaslı gündə itkinlərin tapılması diləyi ilə əllərini Haqqın dərgahına uzatdı. Ata-analar oğullarını, balalar atalarını, nənələr-babalar nəvələrini istədilər onları yaradan Ulu Tanrıdan.

 

“O, mütləq gələcək...”

 

Dekabrın 4-də baş verən qəzada itkin düşənlərdən biri Mingəçevir şəhər sakini İnqilab İsgəndərovdur. Milli Məclisin deputatı Aydın Mirzəzadə dedi ki, 29 noyabr 1957-ci ildə Mingəçevirdə anadan olan İnqilab ixtisasca nəqliyyatçı idi: “Ancaq axırıncı 10 ili dənizdə işləyib. İki övladı var, qızına bu ilin aprelində, oğluna isə sentyabr ayında toy edib. İnqilabın 10 gün əvvəl ad günü olub. O, doğum gününü dənizdə keçirib. Ona təbrik üçün zəng edənlərə “ad günümü sahilə qayıdanda qeyd edərik” deyirmiş. Anası Qəmərxanım Mingəçevirdə tanınmış və böyük hörməti olan ibtidai sinif müəlliməsidir. Ana hələ də oğlunun itkisinə inanmır. “O, mütləq gələcək” deyir”.

İtkin düşən 29 nəfərdən biriEdik Rzaxanovdur. Üç azyaşlı qızı atalarının yolunu gözləyir. Dekabrın 7-si toyunun yeddi illik yubileyi idi. O, növbəni təhvil verib evə qayıtmalı, bu əlamətdar günü ailəsi ilə birlikdə qeyd etməli idi. Qardaşı deyir ki, hadisədən öncə onunla telefonla danışıblar: “Danışdıq, hal-əhval tutduq. Dedi ki, yaxşılıqdır, narahat olma. 4-cü gün səhər özü zəng vurub evlə danışıb. Bildirib ki, salamatçılıqdır”.

 

Üzülməyən ümid, sabaha inam...

 

ARDNŞ-nin birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə deyir ki, buna bənzər bir fəlakət 1957-ci ildə də baş vermişdi. O zaman dənizdə küləyin sürəti saniyədə 43 metrə çatmışdı. Son yüz ildə belə dəhşətli külək görünməmişdi: “Açıq dənizdə estakadaların çoxunu söküb dağıtdı. Bir platformanı isə yerli-dibli apardı. 22 nəfər neftçimizionda itirdik: dənizə düşüb boğuldular. Biz bundan sonra düşündük ki, estakadaların hündürlüyü belə küləklərin yaratdığı dalğaların gücünə düz hesablanmalıdır. O zamandan sonra estakadalar tikiləndə bu məsələ diqqətdə saxlanılır. Yəni dalğanın hündürlüyünün 13 metrə qalxması nəzərə alınır. 27 saat davam edən şiddətli külək fəlakət yaradır. Budəfəki küləyin sürəti saniyədə 40 metrə çatmamışdı, 39 metr idi, amma uzun müddət davam etdi”.

Qocaman neftçini kövrəldən isə amansız ölümlə üz-üzə qalan neftçilərimizin “bizi xilas edin” fəryadlarıdır. Bu da təbiətin bizi çəkdiyi növbəti sınaq idi - külək, dalğa, fırtına və gecənin zülmətiylə...

 

Uzanan əllər... və haraya yetən xilaskarlıq qəhrəmanlığı

 

“Günəşli” yatağındakı axtarış-xilasetmə işlərinin iştirakçılarından biri Denis Borodinin alovlar içindəki platformada həyata keçirilən əməliyyatın gedişi barədə verdiyi məlumat o gecənin dəhşətli mənzərəsini göz önünə gətirdi:Onu deyim ki, biz köməyə gedən ilk adamlar olmuşuq. Hündürlüyü 11 metrə çatan dalğaların olduğu şəraitdə neftçilər birinci qayıqdan soyuq dənizə tökülmüşdülər. Onlardan 4-nü sudan çıxara bildik. Əlbəttə, əsl kişilərin sayəsində. Bu kişilər öz həyatlarını riskə ataraq xilasetmə qayığını dənizə salladılar. Hərçənd bununla özlərini də təhlükəyə atırdılar. Onlar da bu dəhşətli uçuruma yuvarlana bilərdilər.

Gəminin illüminatoru sınmışdı, körpücüyünü su basmışdı. Projektorlar sönmüşdü, əsas mühərriklər işləmirdi. Buna baxmayaraq, onlar, heç olmasa, kimisə xilas etmək üçün qayıqları suya salladılar.

Təəssüf ki, xilas olunanlardan biri sudan çıxarılandan sonra həlak oldu. 26-sını isə dalğalar yuyub apardı. Hətta hidrokostyum geysən, bu cür soyuq suda 4 saatdan artıq qala bilməzsən. Bir qayıq platformanın dirəkləri arasına sıxışıb qalmışdı. Onların bəxti gətirdi: hamısı xilas edildi. Gəmilər bu çətin havada bir-birinin ardınca platformaya yaxınlaşmağa çalışırdı. Bu səhnə yaddaşımda həmişəlik qalacaq.

Həmin anlarda hava çox pis idi: sən bütün gücünü diqqətini toplayıb qaranlıq dənizə baxır, kiminsə xilasetmə jiletindəki fənərin işığını axtarırsan, kimisə xilas etməyə çalışırsan”...

 

Odla su arasında...

 

Yaralı Rəşid Hüseynovun xatırlamalarından: “Qayıqlara şimal tərəfdən mindik. Cənubdan minə bilmirdik. Çünki tüstü o tərəfdən gəlirdi. Külək qayığı silkələməyə başladı o, platformanın arasına düşdü. Digər qayıqlardan xəbərim olmadı”.

Kəllə-beyin travması ilə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan R.Hüseynov onu da bildirdi ki, iki qayığı suya buraxdılar. Ancaq külək suya buraxılan o qayığı bizimkinə çırpdı: “Qayıqdakılar dənizə töküldülər. Biz elə bildik ki, ölmüşük. Bunu danışa bilmirəm, təsəvvür etmək belə çətindi. Mənə elə gəlirdi ki, artıq həyatda deyilik”.

Platformada yanğın baş verəndə neftçilərin əlləri yerdən-göydən üzülüb: yuxarı od-atəş, aşağı isə ac əjdahaya dönmüş fırtınalı dəniz. Necə deyərlər, qalıblar odla su arasında. Bir-birinin qənimi olan bu ünsürlər o gecə insanların yaşam ümidlərini əllərindən alıb. Deyirlər ki, neftçilər xilas olmaq üçün suya düşə bilməyiblər ki, dalğa zəhmlidir. Yuxarıda da qala bilməzdilər, çünki yanğın güclü idi. Xilasedici qayıqlardan biri küləyin dalğanın zərbəsindən platformanın dayaqlarının arasına sıxışmasa, daha böyük itki ilə üzləşə bilərdik.

O gecənin dəhşətlərində ilk tapılan Zaur Həsənovun özü yox, nəşi oldu.

 

Ölümdən dönən kim idi?

 

Partlayış səsi eşidib bayıra çıxdım...” deyən yaralı qadın möcüzəyə bəlkə o gecəyə qədər inanmamışdı. “Günəşliyatağının 10-cu platformasında ölümdən dönən, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Məlahət Əliyeva bunları xatırladı: “Elə onda gördüm ki, partlayış səsi gəldi otaqdakı bütün əşyalar yerə töküldü. Tez bayıra çıxıb birinci mərtəbəyə düşdüm. Dedilər ki, partlayış olub, təcili qoruyucu jiletlərinizi geyin hər kəs qayıqların yanına yaxınlaşsın. Dediklərini etdik qapını açıb çıxmaq istəyəndə gördük ki, hər tərəfi alov bürüyüb, çıxa bilmirik. Güc-bəla ilə hər kəs çölə çıxdı birtəhər qayığa mindi. Bizim qayıqda 27 nəfər idi. Onlar da, bildiyim qədər, xilas olub”.

O, əlavə etdi ki, qayıqlara minəndən sonra da təhlükə sovuşmadı: “Külək o biri qayığı o tərəf-bu tərəfə yelləyirdi, sonra bizim qayığa çırpdı. Axırda qayıq parçalandı. İşçilər tarazlığını qoruya bilməyib bir-birinin üzərinə yıxıldı. Birinin qolu qırıldı, birinin ayağı... Başı yarılanlar da var idi... Qayıqda gözlədiyimiz müddətdə Allaha dua etmişəm”.

1959-cu il təvəllüdlü, qabırğalarının çoxsaylı sınığı diaqnozu ilə xəstəxanaya qəbul olunan Mərdan Rəcəbov isə hadisəni təxminən yaddaşına belə qaytardı: “Platformadakı tikintidə quraşdırıcı vəzifəsində çalışırdım. Bir an partlayışın səsini eşitdik. Ardınca yanğının gücləndiyinin şahidi olduq.Tüstüalovdan sonra qayıqlarla xilas olunacağımızı bildirdilər. Dərhal qayıqlara mindik və aşağı düşdük. Sadəcə, həmin gün çox güclü külək var idi. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən amansız ölümün pəncəsindən qurtardıq. Bizim qayıqda olanların hamısı xilas edilmişdi. Qayıq ora-bura çırpılanda yaralanan, əzilən oldu. Lakin bizim qayıqda olanlardan heç kim suya düşmədi. Sadəcə, platformanın altında olan borulara ilişib qalmışdıq. Həmin an həyatımızı düşünürdük”.

 

Neftmilyonlar səltənətində” “İnsan məskən salır”

 

Neft həyatımızın yaşam amilinə çevrilib. İlk Azərbaycan filmi də məhz “qara qızıl”ın gətirdiyi günlərə həsr edilib. 1916-cı ildə ekranlaşdırılmış “Neftmilyonlar səltənətində” “qara qızıl”ın günlərimiz üçün oynadığı roldan danışılır. Həyatını neft dünyasına həsr edənlərin tale yolları birdir. Lakin bu yolun uzunluğu alın yazısı qədərdir...

Üzülməyən sonuncu ümiddən yapışmaq üçünİnsan məskən salır” filmini xatırlamaq yerinə düşərdı. Dəhşətli qasırğa və tufan zamanı dəniz buruğunda həlak olmuş briqadirin yerinə təyin olunan gənc neftçi-mühəndisin (Ələsgər İbrahimov) ona etimad göstərən briqada üzvlərinin rəğbətini, inamını öz biliyi, bacarığı, cürəti ilə qazanmasından və dəniz mədənində həmişəlik məskən salmasından söhbət açılan bu film 1967-ci ildə ekranlaşdırılıb.

Sonda təbiəti qınayaqmı?! Axı o, bizi ömrümüz boyu sınağa çəkir. Deyirlər, dörd ünsür insan həyatında mühüm rol oynayır: torpaq, külək, od, su... O dəhşətli gecədə torpaqdan əlləri, ayaqları üzülən insanlar ümidlərini suya bağladılar, bir yandan da külək və od-alov...

Xalqımıza üz vermiş son fəlakət də tarixin səhifəsinə qərənfil rəngində yazıldı. Şərqdən Qərbə, Şimaldan Cənuba dalğalanan münaqişə və terrorun bizdən yan keçməsi, ölkəmizin əmin-amanlıq şəraitində, dinc quruculuqinkişaf yolunda olması sanki gözə-nəzərə gəldi. Belə qanlı-qadalı gecələri xalqımız az görməyib. Xəzər dənizi də belə müsibətli və fəlakətli gecələrin şahidinə az çevrilməyib. Amma o gecənin amansızlığı nə sözlə ifadə olunasıdır, nə də dillə danışılası, yazılası...

 

Dənizkənarı bulvar qərənfil libası geydi

 

Daim sevgililərin görüş yeri olan sahilo müsibətli gecədən çıxan bir şahidə bənzəyirdi. Gecənin zülmətində dənizi yara-yara gələn dalğalara sinə gərmişdi sahil - doğma Bakısını qorumaq üçün. Ona görə sahilin də sinəsi yaralıydı: qərənfil libaslı...

Bakı bulvarında “Dənizə bir qərənfil ataq” adlı aksiya keçirildi. Bu, elə-belə anım tədbiri deyildi. Buz kimi sulara göz yaşları damcılayanda qərənfillər də özlərini bu ümmanda qərq edirdi. Sulara qərq olanların taleyinə səslənən elegiya bu matəm və sevgi libaslı “qərənfil yağışı”nda islanmışdı, sabah doğacaq günəşin hərarətindən isə torpaq, hava, su cana gələcək, fırtınanın aldığı canlardan soraq verəcəkdi...

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2015.- 9 dekabr.- S.5.