Mavi Xəzərin qırmızı qərənfilləri
Dənizkənarı
Milli Parkda həlak olan neftçilərin xatirəsini anma mərasimi davam edir
Paytaxt sakinlərinin və qonaqlarının asudə vaxtlarını xoş keçirdikləri Dənizkənarı Milli Park 6 gündür ki, matəm libasına bürünüb. Bu məkana deyib-gülmək, şənlənmək üçün gələnlərin gözlərində kədər hiss edilir. Daşlar üzərinə düzülən, kiçik ləpələr üstündə qızaran tər qərənfillərə baxdıqca ürək dağlanır. Buraya gələn hər kəsin üzündə sanki sual dolu baxışlar var. Bir-birinə “görəsən sağ qalan olarmı?” sualını verməklə hələ də ümidlərini yeri-göyü, möcüzələri yaradan uca Tanrıya bağlayıb Xəzər sahilində dualar edirlər.
SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsinin anma mərasimi Dənizkənarı Milli Parkda davam edir. Səhər saatlarından başlayaraq paytaxt sakinləri Milli Parka axışaraq həlak olanların və itkin düşənlərin xatirəsini yad etmək üçün dənizə qərənfillər səpir, sahilə güllər düzürlər. “Dənizə bir qərənfil ataq...” adı altında keçirilən aksiyaya həm yaşlılar, həm də cavanlar qoşulublar. Onlar arasında müəllimlər, tələbələr, şagirdlər əksəriyyət təşkil edir. İnsanlar göz yaşları içərisində faciə qurbanlarını anır, itkin düşənlərin tezliklə tapılması üçün dualar edirlər. Aksiyanın təşkilində məqsəd həlak olanların və itkin düşənlərin ailələri ilə kədəri bölüşmək, onların dərdinə şərik olmaqdır.
Yaşı 70-ə yaxın olan bir qadının göz yaşları isə ürək dağlayırdı. Əlində iki ədəd qərənfillə sahilə yaxınlaşan xanım dizi üstə çökərək hönkür-hönkür ağlamağa başladı. Bir qədər ürəyini boşaltdıqdan sonra ayağa qalxıb dua oxudu. Adının çəkilməsini istəməyən qadın “Allahım, o gözəl bəndələrin yerini cənnətlik et” deyərək ağlaya-ağlaya əlavə etdi: “Bu qəza xalqımız üçün çox ağır xəbər oldu. Bu faciəni ailəsində, yaxınlarında yaşayanlar onun ağrısını hələ uzun illər hiss edəcək. Onların faciəsi bizim faciəmiz, ağrısı bizim ağrımızdır. Allah onlara səbir versin”.
İtkin düşən dənizçiləri yad etməyə gələnlər sırasında Bakı şəhəri 6 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri də vardı. Onlar baş vermiş dəhşətli faciədən çox sarsıldıqlarını bildirərək bu çətin günlərdə neftçilərin övladlarının yanında olmaq istədiklərini söylədilər.
Saatlar keçdikcə buraya gələn insanların və sahilə düzülən tər qərənfillərin sayı artırdı. Dəniz kənarında xeyli insan olsa da, eşidilən yalnız qağayıların səsi idi. Xəzər sanki Günəş şüaları altında uyuyurdu. Heç elə bil 6 gün öncəki təlatümlü dəniz deyildi...
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan. -
2015.- 9 dekabr.- S.5.