Yeni İnzibati Xətalar Məcəlləsi müzakirə edilib

 

Dekabrın 8-də V çağırış Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda komitə sədri Əli Hüseynli çıxış edərək gündəlikdə duran məsələlər barədə məlumat verib.

İlk olaraq Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib. Müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

İclasda “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinə baxılıb. Bildirilib ki, yeni İnzibati Xətalar Məcəlləsi 40 fəsil, 608 maddədən ibarətdir. Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib. Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra İnzibati Xətalar, İnzibati Prosessual, Mülki və Əmək məcəllələrində, “Notariat haqqında”, “Xidməti və mülki silah haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmişGömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklərə baxılıb və plenar iclasa tövsiyə edilib.

İclasda “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişikliyə, “Publik hüquqi şəxslər haqqında” və gündəlikdə duran digər məsələlərə dair qanun layihələrinə də baxılıb və plenar iclasa tövsiyə edilib.

 

Azərbaycan. - 2015.- 9 dekabr.- S. 6.