Bələdiyyələrin
su təsərrüfatı və Bələdiyyə
qulluğu haqqında qanunlarda
dəyişikliklər edilib
Dekabrın
8-də V çağırış Milli Məclisin regional məsələlər
komitəsinin ilk iclasında “Bələdiyyələrin su təsərrüfatı
haqqında”, “Bələdiyyə qulluğu haqqında”
qanunlarda dəyişikliklər edilməsi barədə qanun
layihələrinə baxılıb.
AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Arif Rəhimzadə çıxış edərək bildirib ki, “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunda ediləcək dəyişikliyə görə, həmin Qanunun 11.3-cü maddəsində “balıq” sözü “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz olunur. Qanun layihəsi “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 6 mart tarixli 1220-IVQD nömrəli Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 1149 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Qeyd edilib ki, “Bələdiyyə qulluğu haqqında” Qanunda ediləcək dəyişikliklərə əsasən 7-ci maddənin ikinci abzasında “və qanunlarına” sözləri “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunlarına” sözləri ilə əvəz edilir. 8-ci maddənin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə, aşağıdakı məzmunda dördüncü abzas əlavə olunur: “vəzifələrin icrası zamanı “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqpozmaları törətmək və qulluqla bir araya sığmayan hərəkətlərə yol vermək.”.
Vurğulanıb ki, “Bələdiyyə qulluğu haqqında” Qanuna dəyişikliklər “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanuna uyğunlaşdırmaq məqsədilə təklif olunur.
İclasda çıxış edən deputatlar dəyişikliklərin əhəmiyyətindən danışıb, bir sıra təkliflər səsləndiriblər.
Müzakirələrdən sonra
hər iki qanun layihəsi
plenar iclasa tövsiyə
edilib.
AZƏRTAC
Azərbaycan. - 2015.- 9 dekabr.- S. 6.