Azərbaycanla
Türkiyənin strateji müttəfiqliyi
güclənir
Prezident İlham
ƏLİYEV: “Türkiyə-Azərbaycan birliyi
və siyasəti bölgədə sabitləşdirici rol oynayır”
Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun ölkəmizə rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bir daha göstərdi. Parlament seçkilərindən sonra yeni formalaşan hökumətin üzvləri ilə ilk dəfə Azərbaycana rəsmi səfərə gələn Türkiyənin Baş naziri bununla da dostluq və qardaşlıq münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu təsdiq etdi. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərir. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açır.
Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd Davudoğlu arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimizin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusi qeyd olundu. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bildirildi. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.
Türkiyənin Baş nazirinin Azərbaycana rəsmi səfəri bir daha təsdiq etdi ki, ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyil. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülh, sabitlik və iqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha da sıx birləşməyə sövq edir.
Türkiyənin iqtisadi, siyasi, sənaye potensialı böyük dərəcədə artmışdır. Türkiyə bu gün “G20”lər sırasındadır. Bu yaxınlarda “Böyük iyirmiliy”in Antalya sammitində Türkiyənin fəxri qonaq qismində Azərbaycanı seçməsi də ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bir daha təsdiqi olmaqla yanaşı, dövlətimizin iqtisadi potensialına verilən önəmin göstəricisidir. Cənub-Şərqi Asiya regionundan Avropaya qədər geniş bir ərazini əhatə edən iki böyük layihənin - Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin və TACIS proqramının təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın bu sammitdə iştirakı böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan iqtisadi potensiala malik ölkə və sabitlik adası kimi Qərbin, ümumiyyətlə, dünyanın diqqət mərkəzindədir və etibarlı tərəfdaş kimi regionla yanaşı, dünya iqtisadiyyatına da böyük töhfələr verir.
Prezident İlham Əliyev iki ölkə arasındakı əlaqələrin inkişafını belə xarakterizə edib: “Biz bütün dövrlərdə və bütün məsələlərdə daim bir-birimizin yanındayıq, biri-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir. Bu siyasət həm ədalətə, həm də bizim tarixi keçmişimizə söykənir. Biz çox istəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. Çünki bizim siyasi maraqlarımız üst-üstə düşür. Biz istəyirik ki, bölgədə sülh, əmin-amanlıq olsun, qarşıdurmalar olmasın, bütün ölkələr, bütün xalqlar rahat yaşasınlar, öz həyatını qursunlar, heç kim heç kimin daxili işinə qarışmasın.
Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır. Çünki bölgədə sabitlik, əfsuslar olsun ki, pozulub, yeni təhdidlər, risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Əlbəttə, Türkiyə nə qədər daha güclü olsa, Azərbaycanın gücü də o qədər artacaqdır”.
Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxarıb. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizin xaricə böyük həcmdə investisiya yatırmasına da əlverişli imkan yaradıb. TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir. Bu gün həmin layihə beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir. “Şahdəniz-2” layihəsinin uğurlu icrası nəticəsində bölgədə əməkdaşlıq üçün yeni şərait yaradılacaq. Bu layihələr həm iqtisadi, həm də siyasi maraqlarımızı təmin edəcək. Türkiyə və Azərbaycan bu layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq əməkdaşlığa da öz töhfəsini verəcək.
Azərbaycan Prezidenti İlham Əliyev son 12 illik fəaliyyəti ilə ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin möhkəmlənməsini təmin etmişdir. Ölkələrimiz arasında əlaqələr sadəcə enerji sahəsində əməkdaşlıqla məhdudlaşmayıb, digər sahələri də əhatə edir. Türk iş adamlarının Azərbaycanda bizneslə məşğul olmasına, qeyri-neft sektorunda mühüm layihələr həyata keçirməsinə zəruri imkanlar yaradılmışdır. Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda biri-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında ölkələrimiz vahid mövqedən çıxış edirlər. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür.
Rəsmi Bakı qondarma erməni soyqırımı məsələsində Türkiyənin haqlı mövqeyini daim müdafiə edir. Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Türkiyə və Azərbaycanın birgə fəaliyyəti, müdafiədən fəal hücum mövqeyinə keçməsi ermənilərin saxta iddialarla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını alır. Zaman keçdikcə bədnam qonşularımızın “soyqırımı” iddialarının məkrli və qərəzli kampaniya olduğunu daha çox dövlət başa düşür. Əminliklə demək olar ki, bu istiqamətdə həyata keçirilən siyasət müsbət səmərəsini verəcək, türkdilli ölkələrin, xüsusən də Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı regionda yeni güc mərkəzinin formalaşması ilə nəticələnəcək.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmsil etdiyi ölkəsinin mövqeyini bir daha bəyan etdi: “Bu gün həmçinin başda Dağlıq Qarabağ problemi olmaqla regional məsələləri də müzakirə etdik. Türkiyə olaraq bizim mövqeyimiz açıq və konkretdir: Azərbaycanın işğal altındakı torpaqlarının hamısı - bir kvadratsantimetri belə qalmamaqla qaytarılana qədər Türkiyə Azərbaycana verdiyi dəstəyi davam etdirəcək. Dünyada bir çox problemlərin həllində əsas prinsip ərazi bütövlüyünə qarşılıqlı hörmətdir. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu müddətdə Qafqazda sülhün və sabitliyin təmin olunmasında nə qədər çətinliklərin yaşandığı məlumdur.
Mən burada Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi, ədalətli və davamlı sülhün təmin olunması istiqamətində atılacaq hər addıma dəstək verəcəyimizi bir daha bəyan etmək istəyirəm. Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması üçün bütün Qafqazı əhatə edəcək sülh və rifah layihələrinə hər zaman töhfə verəcəyik”.
Türkiyə regionda güvənməli həqiqi müttəfiqinin məhz Azərbaycan olduğunu yaxşı bilir. Türkiyə Baş nazirinin ölkəmizə rəsmi səfərinin yekunları dövlətlərimiz arasında əlaqələrin qarşılıqlı etimad əsasında inkişaf etdiyini bir daha təsdiqlədi. Bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaq.
Elnur HACALIYEV,
Azərbaycan. - 2015.- 10 dekabr.- S.3.