Böyük strateq
Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin tarixində və xalqın yaddaşında əbədi izlər qoymuşdur. Müasir Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, respublikamızda demokratik, hüquqi dövlət quruculuğunun başlıca problemlərinin həlli onun adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əsasını qoyduğu institutlardan biri də bələdiyyələrdir.
Azərbaycanda bələdiyyə institutunun formalaşdırılması məsələsi ilk dəfə Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Onun rəhbərliyi dövründə bu istiqamətdə 20-dən çox qanun qəbul olunmuş, 300-ə qədər qanunda dəyişikliklər edilmiş, onlarla fərman və sərəncam imzalanmışdır. O cümlədən Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzi ulu öndərin müvafiq sərəncamı ilə 2000-ci ildə yaradılmışdır.
Demokratik ölkələrdə yerli işlərin idarə olunması həm mərkəzi hakimiyyətin təyin etdiyi orqanlar və vəzifəli şəxslər, həm də bilavasitə inzibati-ərazi vahidlərinin əhalisinin seçdiyi nümayəndəli orqanlar tərəfindən həyata keçirilə bilər. Belə nümayəndəli orqanları adətən yerli özünüidarəetmə orqanları və ya bələdiyyələr adlandırırlar.
Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində bələdiyyələrin yeri və rolu, əhəmiyyəti və inkişaf perspektivləri haqqında çox maraqlı fikirlər söyləmişdir. Konstitusiyalı quruluşun əsaslarından biri kimi yerli özünüidarəetmə sisteminin formalaşdırılması demokratik, hüquqi dövlət quruculuğu prosesinin tərkib hissəsidir. Heydər Əliyev Azərbaycanda bələdiyyələrin yaradılmasını ilk növbədə dövlət quruculuğu prosesinin tərkib hissəsi, konstitusiyalı quruluşun əsaslarından biri hesab edirdi. Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının 2-ci maddəsində deyilir ki, yerli özünüidarəetmə prinsipi ölkənin qanunvericiliyində və mümkün olarsa, konstitusiyasında öz əksini tapmalıdır. Bu prinsip digər konstitusiya prinsipləri ilə yanaşı, ölkədə demokratik idarəetmə sistemini müəyyənləşdirir. Heydər Əliyev qeyd edirdi ki, “bələdiyyələrin yaranması barəsində 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəalar öz əksini tapıbdır. Buna görə də bələdiyyələrin təşkil olunması ən öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir”.
Ulu öndər Heydər Əliyev hesab edirdi ki, Azərbaycanda bələdiyyələrin formalaşması və inkişafı məsələlərinə dövlət quruculuğu prosesindən kənarda baxıla bilməz. Bələdiyyə institutu dövlətçiliklə üzvi şəkildə bağlıdır və buna görə də onun formalaşması dövlət quruculuğu prosesi ilə sıx əlaqələndirilməli və onun inkişafı məsələlərinə ümumi dövlət quruculuğu prosesinin bir hissəsi kimi baxılmalıdır. Eyni zamanda Heydər Əliyev bu institutun beynəlxalq standartlara, Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının prinsiplərinə uyğun qurulmasına çalışırdı. Ulu öndər Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılması sahəsində görülən işlərlə bağlı qeyd edirdi ki, “biz bunların hamısını şüurlu edirik. Çünki biz ...öz işimizi Avropa standartlarına yaxınlaşdırmaq istəyirik, hüquqi, demokratik, dünyəvi dövlət qururuq. Bu yol nə qədər çətin olsa da, bizim üçün o qədər də vacibdir, lazımdır... Bu bizim Azərbaycanda apardığımız demokratik proseslərin, demokratik, hüquqi dövlət quruculuğu prosesinin böyük bir mərhələsi olacaq və biz irəliyə doğru böyük bir addım atmış olacağıq. Gələcək üçün isə çox böyük zəmin yaradacağıq”.
Heydər Əliyev yerli özünüidarəetmə sisteminin yaradılmasını xalq hakimiyyətinin yeni bir forması hesab edirdi. Ümummilli lider qeyd edirdi ki, “bu, bizim ölkəmiz, vətəndaşlarımız üçün böyük hadisədir. Çünki vətəndaşlar ilk dəfə olaraq özləri öz yerli idarəetmə, hakimiyyət orqanlarını seçirlər”.
Heydər Əliyev Azərbaycanda bələdiyyələrin yaradılması prosesinə ölkədə demokratiyanın inkişaf etdirilməsi istiqamətində atılmış mühüm bir addım, bələdiyyələrə isə ən geniş demokratiya institutu kimi baxırdı. O, Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılmasının əhəmiyyətini və bunun yerli məsələlərin həllinin demokratik prinsipi olduğunu dəfələrlə vurğulayırdı. Məsələn, 12 dekabr 1999-cu il tarixdə bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində deyirdi: “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.
Yerli özünüidarəetməyə ən geniş demokratiya institutu kimi baxan Heydər Əliyev bələdiyyə seçkilərinin şəffaf, demokratik keçirilməsini arzulayır, icra hakimiyyəti orqanlarından bunun üçün hər cür şəraitin yaradılmasını tələb edirdi. O, ilk bələdiyyə seçkiləri ilə əlaqədar qeyd edirdi ki, “bələdiyyə seçkiləri digər seçkilərdən fərqlənir. Ona görə ki, bu, daha da kütləvi təşkilatların yaranması üçün keçirilən seçkilərdir”. “Azərbaycanda hər bir seçki prosesi insanları, vətəndaşları demokratiya prinsiplərinə daha da yaxınlaşdırmalıdır. Yəni demokratiya prinsipləri insanların daxili mənəviyyatı olmalıdır. Onların üzərində bir vəzifə kimi yox, onlara bir tapşırıq kimi yox, insanların özlərinin daxili mənəviyyatının tərkib hissəsi olmalıdır. Belə olan şəraitdə biz gələcəkdə də Azərbaycanda demokratiyanı sürətlə inkişaf etdirə bilərik”.
Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılmasının və inkişaf etdirilməsinin ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd edirdi: “Bələdiyyələr dövlət orqanları sisteminə daxil olmayan təşkilatlardır, bunlar heç kəsə tabe deyillər. Hərəsi öz işini müəyyən edir, onların heç bir tabeçiliyi yoxdur... Bu, təbiidir ki, bir tərəfdən bunlara çox böyük imkanlar, səlahiyyətlər verir. Amma ikinci tərəfdən də bunların məsuliyyətini artırır... Belə bir vəziyyətdə, təbiidir ki, bələdiyyələr ilk dövrdə, ola bilər, öz işlərində çox çətinliklərlə rastlaşsınlar”.
Heydər Əliyev bildirirdi ki, Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılması “bizim üçün, dövlət, hökumət üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki indi bütün yük icra orqanlarının üzərindədir, hökumətin, dövlətin üzərindədir”. Biz hüquqi dövlət qurmalıyıq və bu dövlət xalqa xidmət etməlidir. “Yaxşı hökumət o hökumətdir ki, o, insanları xoşbəxt etmək istəyir, bunu hansı yolla həyata keçirəcəyini bilir”. Bundan sonra bələdiyyələr “hökumətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcəklər, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər”.
Heydər Əliyev qeyd edirdi ki, “yerli özünüidarəetmə sisteminin yaradılması çox çətin prosesdir. İnkişaf etmiş ölkələr bu işlə illərlə, on illərlə məşğul olmuşdur, Azərbaycan üçün isə yenidir. Amma bu o demək deyil ki, biz bunu etməməliyik”.
Heydər Əliyev ilk bələdiyyələrin müəyyən çətinliklərlə qarşılaşa biləcəyini də əvvəlcədən görürdü: “Gərək insanların psixologiyası artıq dəyişilsin. İnsanların psixologiyası bir gündə dəyişilmir. Onlara anlatmaq, onları başa salmaq lazımdır. Bunu etmək üçün dövlət işində işləyən adamların özlərinin psixologiyası gərək dəyişsin”.
Heydər Əliyev Azərbaycanda yaradılan bələdiyyələrin gələcəyinə inanır və qeyd deyirdi ki, “bu, ilk addımdır, çox lazımlı addımdır. Mən çox məmnunam ki, biz bu addımı atırıq. Ümidvaram ki, bu, bizim ölkəmizə, dövlətimizə və ən əsası, vətəndaşlarımıza fayda gətirəcəkdir. Mən əminəm ki, biz bu ilk addımlarımızı sonralar daha da gücləndirəcəyik və Azərbaycanda bələdiyyə sistemi yaranacaq, fəaliyyət göstərəcəkdir, bir demokratik ölkə kimi Azərbaycanın inkişafına öz xidmətlərini verəcəkdir”.
Çətinliklərdən birinin də bələdiyyələrin kadr təminatı ilə bağlı olduğunu qeyd edən Heydər Əliyev bələdiyyə üzvlərinin təhsil almasının əhəmiyyətini xüsusilə qeyd edirdi. O deyirdi: “Görünür, bunun üçün xüsusi bir proqram təşkil olunmalıdır. Biz onları həqiqətən təhsilləndirməliyik”.
Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin yaradılması və inkişafı ilə bağlı görülən işləri və həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, daim diqqət mərkəzində saxlayırdı. Bununla əlaqədar o, bələdiyyələrə təkrar seçkilərlə bağlı müşavirədə qeyd edirdi: “Biz bu işləri müşahidəçilərdən yaxşı qiymət almaq üçün etmirik. Bu, bizim özümüzün prinsiplərimizdir. Bu, Azərbaycan Prezidenti kimi mənim prinsiplərimdir”.
Heydər Əliyevin bəyan etdiyi bu prinsiplər əsasında formalaşdırılan yerli özünüidarəetmə sistemi bu gün respublikamızda işlək qurumlara çevrilməkdədir. Yerli özünüidarəetmə sahəsindəki Heydər Əliyev prinsipləri bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və yaradıcılıqla inkişaf etdirilir. Demokratik prinsiplərin, humanist dəyərlərin və insan hüquqlarının önə çəkildiyi müasir zamanda bələdiyyələrin fəaliyyətinin, onların dövlət orqanları ilə qarşılıqlı münasibətlərinin və əməkdaşlığının səmərəli təşkili ölkənin dövlət və ictimai həyatında mühüm rol oynayır.
Söylənilənlər bir daha sübut edir ki, ulu öndər demokratik cəmiyyət quruculuğu prosesinə böyük önəm vermiş və gələcəkdə müstəqil Azərbaycanı tam demokratik dövlət kimi görmək və onun yaratdığı demokratiyanın nümunəvi olmasını istəyirdi. Bu mənada o, demokratik cəmiyyəti formalaşdıran mexanizmlərə və institutlara, onların yaranmasına və inkişafına geniş yol açır, hüquqi əsaslarını yaradırdı. Həmçinin bu institutların fərqli keyfiyyətli üstünlüklərini öz müdrik kəlamları ilə qeyd edirdi. Onun söylədiyi müdrik kəlamlar bu gün cəmiyyətimizdə özünü bir daha doğruldur və təsdiq edir.
Bu gün respublikamızda yerli özünüidarəetmə sahəsində Heydər Əliyev ideyalarının tamamilə reallaşdırılmasına yönəlmiş dövlət siyasəti nəticədə əhalinin, bələdiyyələrin və dövlət hakimiyyətinin qarşılıqlı münasibətlərinin nizamlı sisteminin yaradılmasına hesablanmışdır. Bu sistemin səmərəli fəaliyyəti hər bir bələdiyyənin ərazisində əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına, bələdiyyə qurumlarının müstəqil inkişafına, dövlətin möhkəmlənməsinə və dayanıqlı inkişafını təmin etməyə imkan verir və verəcəkdir.
Mehdi SƏLİMZADƏ,
Azərbaycan
Respublikası Ədliyyə Nazirliyi
Bələdiyyələrlə İş Mərkəzinin
rəisi,
Türk Dünyası Bələdiyyələr
Birliyinin həmsədri
Azərbaycan. - 2015.- 10 dekabr.- S. 6.