Azərbaycan ili nikbin nəticələrlə başa vurur

 

Başa çatmaqda olan 2015-ci il Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zəngindir. Dünya maliyyə-iqtisadi böhranının yenidən aktuallaşdığı bir şəraitdə makroiqtisadi sabitliyi və iqtisadi inkişaf tempini qoruyub saxlayan, qlobal enerji-kommunikasiya layihələrinin icrasını inamla davam etdirən respublikamız qarşıya qoyduğu hədəflərin böyük bir qismini praktik şəkildə gerçəkləşdirmişdir.

Sistemli, məqsədyönlü və uzaq perspektivlərə hesablanmış strategiya iqtisadi sahədə qazanılan uğurların ardıcıllığını təmin edərək ölkə əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan vermişdir. 2015-ci ilin müvafiq dövründə ictimai həyatın bütün sahələri üzrə əldə olunmuş pozitiv nəticələr məhz konkret məqsədlərə yönəlmiş praqmatik iqtisadi siyasətin nəticəsidir.

Ölkə rəhbərliyi hər bir konkret mərhələdə respublika qarşısında hansı əsas problemlərin, vəzifələrin dayandığını yaxşı bilir və onların həlli üçün mükəmməl konsepsiyaların hazırlanaraq icra olunmasını təmin edir. Hərtərəfli müasirləşməyə zəmin yaradan bu strategiya son illər həm də milli inkişaf modelinin formalaşmasında başlıca amilə çevrilmiş, iqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipinin gözlənilməsi səmərəli nəticələrə yol açmışdır.

Ümumilikdə 2003-2015-ci illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Azərbaycan Prezidenti İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu deməyə əsas verir. Bu mərhələnin statistikası keçilən yolun möhtəşəmliyini, Azərbaycanın müasir dövlətə çevrilməsinə xidmət edən siyasətin səmərəliliyini bir daha təsdiqləyir.

2015-ci ildə dünya iqtisadiyyatının real mənzərəsi böhranların dövriliyinin artması və əhatəsinin genişlənməsi, geosiyasi risklərin çoxalması, habelə əmtəə və fond birjalarındakı qeyri-sabit vəziyyətlə müşayiət olunmuşdur. Dünya enerji bazarındakı qeyri-sabitlik, region ölkələrində müşahidə olunan problemlər, Yaxın Şərqdə gərginliyin artması, dünya iqtisadiyyatında böyük çəkiyə malik Çin iqtisadiyyatının artım tempinin enməsi, Avropadakı borc problemi bir sıra ölkələrin iqtisadiyyatına bu və digər dərəcədə mənfi təsir göstərmişdir.

Qlobal səviyyədə cərəyan edən mürəkkəb siyasi, iqtisadi proseslərin mənfi təsirlərinə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu il dayanıqlı inkişaf tempini davam etdirmişdir. Xüsusi vurğulamaq lazımdır ki, 2014-2015-ci illərdə əksər region ölkələrini iflic duruma salan qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsirlərinin qabarıq hiss olunmaması, eyni zamanda iqtisadi inkişaf prosesində pozitiv meyillərin qorunub saxlanılması “İnkişafın Azərbaycan modeli”nin dayanıqlılığını bir daha təsdiqləyir. Bu, ilk növbədə Prezident İlham Əliyevin düşünülmüş şəkildə müəyyənləşdirdiyi düzgün antiböhran siyasətinin nəticəsidir.

Dövlət başçısı hələ Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında bildirmişdir ki, Azərbaycan mənfi təsirlərdən qorunmaq üçün fəal anti-böhran tədbirləri həyata keçirməli, maliyyə intizamı gücləndirilməli, lüzumsuz xərclərə yol verilməməli, uzaq gələcəyə hesablanmış layihələrin icrası təxirə salınmalı, bazarın sabitləşməsi üçün bir sıra səmərəli tədbirlər həyata keçirməli, habelə sahibkarlığın inkişafına diqqət yüksəldilməlidir.

2014-2015-ci illərdə maliyyə-bank sektorunun dəstəklənməsi də daxil olmaqla ciddi maliyyə monitorinqinin həyata keçirilməsi, kreditlərə və faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin gücləndirilməsi, real iqtisadiyyata daimi sərmayə yatırımlarının təmin edilməsi, sosial öhdəliklərin vaxtında yerinə yetirilməsi, sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi qlobal böhrana qarşı səmərəli tədbirlər sisteminin yalnız müəyyən qismidir.

Ümumiyyətlə, böhran dövründə hökumətin əsas məqsədi mənfi xarici təsirlərin neytrallaşdırılması yolu ilə mövcud inkişaf xəttinin davam etdirilməsi əsasında böhrana girməmək olmuşdur. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdən əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır.

Respublikamızda iqtisadi inkişaf, biznes mühitinin liberallaşdırılması və əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müxtəlif beynəlxalq təşkilatlar və biznes qurumları tərəfindən də müsbət dəyərləndirilir. Təsadüfi deyil ki, Ümumdünya İqtisadi Forumunun ənənəvi Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir ki, lider mövqeyini qoruyaraq, “G-20”yə üzv olan 8 ölkəni qabaqlamışdır.

Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanaraq oktyabrın 27-də açıqlanan, biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business 2016” hesabatıdır. Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-dən 63-cü pilləyə yüksəlmişdir. Hesabatda 3 göstərici - “Biznesə başlama”, “Tikinti üçün icazələrin alınması” və “Kiçik investorların maraqlarının qorunması” üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar xüsusi qeyd edilmişdir. Bununla da Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olmuşdur.

Dünya iqtisadiyyatında qlobal böhran meyillərinə baxmayaraq, Azərbaycanda ümumi daxili məhsulun da dinamik artımı müşahidə olunur. Xatırladaq ki, ümumi daxili məhsul BMT, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı və Avropa Komissiyası tərəfindən makroiqtisadi göstəricilərin hesablanması və yayılmasının vahid standartı kimi qəbul olunmuş Milli Hesablar Sisteminin (MHS-2008) əsas göstəricilərindən biridir. Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə dünya iqtisadiyyatının təxminən 85, dünya ticarətinin 75 faizini təmin edən “Böyük İyirmilik” (G20) qrupuna aid ölkələr arasında ön yerlərdən birini tutur. Bu qrupa aid ölkələr arasında 2003-2014-cü illərdə adambaşına ÜDM-in 3 dəfədən çox artımı yalnız Çində və Azərbaycanda müşahidə edilmişdir.

Strateji valyuta ehtiyatları, xarici borclanmaya konservativ yanaşma da Azərbaycan iqtisadiyyatının dayanıqlılığına öz töhfəsini vermişdir. Maliyyə müstəqilliyini xarakterizə edən Dövlət Borcu Reytinqi göstərir ki, Azərbaycan dövlət borcunun ÜDM-dəki çəkisinə görə dünyada ən yaxşı göstəricilərdən birinə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında bununla bağlı demişdir: “Biz xarici borclanmaya meyilli deyilik. Onsuz da manatın devalvasiyasından sonra bizim xarici borcumuz artıb. Çünki xarici dövlət borcu dollarla hesablanır və əgər devalvasiyaya qədər xarici dövlət borcumuz təxminən 7-8 faiz təşkil edirdisə, bu gün xarici borc 11-12 faizə qalxıb. Ona görə yox ki, biz əlavə kreditlər götürmüşük. Ona görə ki, manat qiymətdən düşüb. On iki faiz də çox gözəl göstəricidir. İnkişaf etmiş ölkələrin bəzilərində bu, 100 faizdən çoxdur. Ancaq biz istəyirik ki, xarici borcumuz 10 faizi keçməsin. Buna nail olmaq üçün biz gələcəkdə də öz fəaliyyətimizi ancaq daxili imkanlar hesabına qurmalıyıq”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 45,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,3 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2,1 faiz artaraq 4825,3 manata bərabər olmuşdur. Əgər 2009-cu ildə ÜDM-də qeyri-neft sektorunun payı 47 faiz idisə, 2014-cü ildə bu rəqəm 61 faizə yüksəlmişdir.

Ümumi daxili məhsulun artımı qeyri-neft sektoru üzrə vergi daxilolmalarının artımını da təmin etmişdir. 2015-ci ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 970 milyon 247 min manat vəsait daxil olmuş, proqnoz tapşırığına 100,1 faiz əməl edilmişdir.

Azərbaycanın böhrana qarşı səmərəli müqavimət göstərməsində son 11 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları da müstəsna əhəmiyyətə malikdir. Neft-qaz gəlirlərindən səmərəli istifadə yolu ilə regional tarazlığın təmin edilməsinə təkan verən regional inkişaf üzrə dövlət proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli, ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuşdur.

Prezidentin 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, regionların tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması, həyat səviyyəsinin yüksəldilməsi olmuşdur. Dövlət proqramının uğurlu icrası regionların inkişafında yeni mərhələnin yaranmasına səbəb olmuş, formalaşmış əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış tədbirlərin davam etdirilməsi zərurətini yaratmışdır.

2004-cü ildən başlanmış tədbirlərin davam etdirilməsi məqsədilə Prezidentin 2009-cu il 14 aprel tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. II Dövlət Proqramının uğurlu icrası sayəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır.

Regional inkişaf üzrə hər iki dövlət proqramının icrası dövründə bütün iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 240 sərəncam imzalanmışdır. Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına 34,7 milyard manat vəsait yönəldilmişdir.

I və II regional proqramlar çərçivəsində 2708 məktəb, regionlarda 38 mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə salınmış, həmin qəsəbələrdə 37 min ailə yerləşdirilmişdir. Eyni zamanda, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.

Ümumilikdə ötən 11 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, ÜDM 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış, ölkədə orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir.

Ölkə rəhbərinin 27 fevral 2014-cü il tarixli müvafiq fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi regionların inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır.

Sayca üçüncü olan bu dövlət proqramının əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası və regionların inkişafı istiqamətində tədbirlərin davam etdirilməsidir. Dövlət proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun səviyyəsinin azaldılması kimi mühüm vəzifələr nəzərdə tutulmuşdur.

Xatırlatmaq yerinə düşər ki, dövlət başçısı təkcə 2014-cü ildə bölgələrə 23 dəfə səfər etmiş, 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir. İctimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 72 əlavə sərəncam imzalanmış, 270 milyon manat vəsait ayrılmışdır. Proqramın reallaşdırılması ilə bağlı 2014-cü ildə regionların inkişafına ötən il 4,5 milyard manat vəsait yönəldilmişdir.

Proqram çərçivəsində 2015-ci ilin 9 ayında həyata keçirilmiş tədbirlər ölkədə qeyri-neft sektorunun inkişafına təkan vermişdir. Yalnız bu ilin 9 ayı ərzində 170-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 430-dan artıq müəssisənin tikintisi davam etdirilmişdir. Bu dövrdə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər-idman, 24 mədəniyyət və digər sosial obyektlər tikilmiş, yaxud əsaslı təmir edilmişdir.

Ölkə rəhbəri cənab İlham Əliyev sahibkarlığın inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Son illər bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, dövlət dəstəyinin genişləndirilməsi, o cümlədən vergi güzəştləri və subsidiyalarla bağlı əhəmiyyətli işlər görülmüş, Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu, “Aqrolizinq” ASC və digər vasitələrlə real sektora maliyyə dəstəyi göstərilmişdir.

Sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilmiş, “Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestri” yaradılmışdır. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə əlaqədar sahibkarların hüquqlarının müdafiəsinə, sui-istifadə hallarının aradan qaldırılmasına və bu sahədə şəffaflığın artırılmasına xidmət etmişdir.

Hökumətin iclasından sonra imzalanan sərəncamlar, qəbul edilən qərarlar, iş adamlarının hüquqlarının bərpası istiqamətində atılan addımlar ölkədə sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələnin başlandığını əminliklə söyləməyə əsaslar verir. Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Fərmana əsasən, sahibkarlıq fəaliyyətinin bəzi növləri üçün lisenziyaların sayının əhəmiyyətli dərəcədə azaldılması və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulur.

Dövlət başçısının təşəbbüsü ilə Milli Məclisdə qəbul olunmuş qanun da sahibkarlıq subyektlərində 2015-ci il noyabrın 1-dən iki il müddətində yoxlamaların dayandırılmasını nəzərdə tutur. Bu sənəd xüsusən də kiçik və orta sahibkarların mənafelərinin qorunması, onların fəaliyyətinə əsassız müdaxilələrin aradan qaldırılması baxımından vacib əhəmiyyətə malikdir.

Qeyri-neft sektorunun aparıcı qolu olan kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi cari ildə həyata keçirilən islahatların ana xəttini təşkil etmişdir. Bu məqsədlə ölkə rəhbəri 2015-ci il yanvarın 15-də cari ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncam kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirməyə, aqrar sektorda mövcud problemlərin həllinə sistemli yanaşmanı təmin etməyə, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etməyə və ölkəmizin aqrar potensialının geniş təbliğinə xidmət edir.

Prezidentin 2 mart 2015-ci il tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyaraq yüksək məhsuldarlığa malik və quraqlığa davamlı yeni növ toxumlara olan tələbatın ödənməsinə xidmət edir.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008 və 2009-2013-cü illərdə həyata keçirilən kompleks tədbirlər 1990-cı illərdə aqrar sahədə özünü kəskin büruzə verən tənəzzül meyillərini aradan qaldırmış, dinamik tərəqqinin əsası qoyulmuşdur. Hər bir vətəndaşın mənafeyi əsas tutulmaqla reallaşdırılan aqrar islahatlar ölkə iqtisadiyyatında bazar münasibətlərinin inkişafına, torpaq və əmlakın səmərəli istifadəsinə, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsinə, bu sahədə güclü sahibkarlar sinfinin formalaşmasına imkan yaratmışdır. Aqrar islahatların bu mərhələsində kənd təsərrüfatının inkişafı bütünlükdə bazar mexanizminin qanunauyğunluqlarına tabe etdirilmişdir.

Kənd təsərrüfatının qeyri-neft sektorunun üstün istiqamətlərindən biri kimi dəstəklənməsi 2014-2018-ci illəri əhatə edən növbəti regional dövlət proqramının da əsas hədəflərindən biridir. Bu baxımdan son illər respublikada aqrar sektorun inkişafının stimullaşdırılmasına xidmət edən tədbirlər də intensivləşmişdir. Ölkə rəhbərinin qanunvericilik təşəbbüsü əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin müddətinin 2014-cü il yanvarın 1-dən daha beş il müddətində uzadılması deyilənlərin əyani təsdiqidir.

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin həllinə həsr olunmuş iclasında bununla bağlı demişdir: “Bu il “Kənd təsərrüfatı ili” elan edilib. Şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatımız da 6,7 faiz artmışdır. Ölkədə aparılan islahatlar, eyni zamanda dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiyalar, texnika təminatı və bütövlükdə dövlət siyasəti, bax, bu vəziyyəti yaradır. İri fermer təsərrüfatlarının yaradılması da, xüsusilə, taxılçılıq sahəsində, böyük dönüşə səbəb olmuşdur”.

Ümumilikdə 2015-ci ilin müvafiq dövrünün sosial-iqtisadi yekunlarının təhlili, habelə bu mərhələni xarakterizə edən statistik rəqəmlər göstərir ki, hökumətin regional tərəqqiyə, sahibkarlığın, aqrar sektorun inkişafına qayğı ilə yanaşması qlobal böhran şəraitində iqtisadi dayanıqlılığı təmin etmək məqsədi güdür. Azərbaycan Prezidenti İlham Əliyevin son illər təsdiq etdiyi inkişaf proqramlarında, imzaladığı sərəncamlarda bu strateji hədəflərin reallaşdırılması üçün zəruri olan vəzifələr də dəqiqliklə müəyyənləşdirilmişdir.

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan. - 2015.- 10 dekabr.- S. 8.