Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə təmin edilib

 

10  dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür

 

Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması demokratikləşdirmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi bu sahədə yüksək nəticələrin əldə olunmasına imkan yaradır. İnsan hüquqlarının təmini istiqamətində həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış etməklə nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir.

1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edilib. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir. Avropada əsas insan hüquq və azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da qoşulduğu 4 noyabr 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, Avropada bu konvensiyaya əsaslanan və eyni zamanda real işləmə mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin son 12 ildə yürütdüyü iqtisadi, siyasihüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Ötən müddətdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülmüşdür. Bu islahatların məntiqi davamı olaraq dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Strateji əhəmiyyətli bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universalregional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.

Milli Fəaliyyət Planının təsdiqi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hüquq islahatlarının məntiqi davamı olmuşdur. 1998-ci il fevralın 22-də ümummilli liderİnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, bu sənəddə insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. 1998-ci il iyunun 18-də isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyun tarixinin İnsan Hüquqları Günü elan olunması da məhz bu əlamətdar hadisədən qaynaqlanır.

Son illər BMT, ATƏT və Avropa Şurası ilə əmkdaşlıq çərçivəsində də respublikada insan hüquqlarının təmini məsələsinə xüsusi diqqət ayrılmışdır. 2006-cı il noyabrın 14-də qəbul olunmuşAvropa Qonşuluq Siyasəti” çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsinə, insan hüquqları və əsas azadlıqların təmininin, eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar. Digər tərəfdən, Avropa İttifaqının bu Fəaliyyət Planının icrasının dəstəklənməsinə yönələn 2007-2010-ci illər üçün “Azərbaycan üzrə Milli İndikativ Proqramda insan hüquqları sahəsində konkret əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir. “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na əsasən Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, məhkəmələri və Baş Prokurorluğu normativ-hüquqi aktların tətbiqi zamanı insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti gücləndirmişlər. Həmçinin Fəaliyyət Planının II hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə BMT-nin insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış müvafiq qurumlarla, həmçinin Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlarla əməkdaşlıq sahəsində tədbirlər görülmüş, çoxsaylı birgə proqramlar uğurla reallaşdırılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin ixtisaslaşmış komitələrinə verilən hesabatlarının hazırlanması işinə hüquq müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları cəlb olunmuşdur.

Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşmə spontan şəkildə həyata keçirilə və bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Milli Fəaliyyət Proqramının “İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri”ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır.

Müstəqil Azərbaycan həm də söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikada bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar ilk növbəbə demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır.

İnsan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu, Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında”, “Gender bərabərliyinin təminatları haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və digər qanunlar qəbul edilmişdir. Bu aktların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlar ilə sıx əməkdaşlıq etmişlər. Göstərilən məcəllə və qanunlar yalnız həmin təşkilatların müsbət rəyi alındıqdan sonra parlamentin müzakirəsinə çıxarılmışdır.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunur ki, “hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır, heç kəs insan ləyaqətini alçaldan alçaldıcı və qeyri-insani cəza və işgəncələrə məruz qala bilməz. Hər bir insan onun harada olmasından asılı olmayaraq hüquq sübyekti hesab olunurbütün insanlar qanun qarşısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə olunurlar”.

Təəssüf doğuran haldır ki, bu gün Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi etiraf edilmir. Beynəlxalq təşkilatlar təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, antihumanist, zorakı addımlara göz yumurlar. Beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan üzvü olduğu BMT-nin və digər dövlətlərin nizamnamələrini, müvafiq konvensiya və sazişlərini kobud surətdə pozur. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi zəbt olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurası 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi indiyədək buna məhəl qoymur.

Ermənistan təşkilatın digər üzvü olan Azərbaycana qarşı soyqırımı, terror və işğalçılıq siyasəti yeritməklə beynəlxalq ictimaiyyətə meydan oxuyur. Ermənistan yeganə dövlətdir ki, öz Konstitusiyasında yaxın qonşu dövlətə - Türkiyəyə qarşı əsassız ərazi iddiasını ortaya qoymuşdur. Ermənistan nəinki Azərbaycan və Türkiyəyə, eyni zamanda Gürcüstana qarşı da ərazi iddialarını gizlətmir. Bu gün ASALA, “Daşnaksütyun” və digər terrorçu təşkilatların Ermənistan tərəfindən maliyyələşdirilməsi ilə bağlı çoxsaylı inkaredilməz faktların mövcudluğu ermənilərin bütövlükdə bəşəriyyət üçün təhlükə mənbəyi olduğunu göstərir.

Ermənistan müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarını da kobud şəkildə pozmuşdur. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışdır. Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının pozulması və torpaqlarımızın işğal altında saxlanması faktına hələ də dünya ictimaiyyəti laqeyd münasibət sərgiləyir.

Azərbaycan Respublikası insan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. İnsan hüquqlarının və azadlıqlarının qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin ifadəsi kimiİnsan hüquqlarının və əsas azadlıqların qorunması haqqında” Avropa Konvensiyasından və “Mülkisiyasi hüquqlar haqqında” Beynəlxalq Paktdan irəli gələn öhdəliklərin genişmiqyaslı implementasiyası təmin edilmişdir.

Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları cəmiyyət həyatında getdikcə daha dolğun, real məzmun kəsb etməyə başlayır. Bu gün ölkə vətəndaşlarının mütləq əksəriyyəti inanır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkədə insan hüquq və azadlıqlarının təmini prosesi daha da təkmilləşəcək, Azərbaycan bu sahədə böyük uğurlara imza atacaq.

 

Elnur HACALIYEV,

 

 Azərbaycan.- 2015.- 10 dekabr.- S.10.