Xəzər dənizində baş vermiş faciə ilə əlaqədar Vaşinqtonda anım gecəsi keçirilib

 

Dekabrın 4-də Xəzər dənizindəki “Günəşli” neft yatağının 10 nömrəli platformasında baş vermiş faciə ilə əlaqədar, dekabrın 9-da Vaşinqtonda, Amerika-Azərbaycan Ticarət Palatası yanında Azərbaycan Mədəniyyət Mərkəzində anım gecəsi keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov Vaşinqtonun Azərbaycanlılar İcmasının üzvləri qarşısında çıxış edərək bildirib ki, İcmanın bu yığıncağının əsas məqsədi - faciə qurbanlarını birlikdə yad etmək və həlak olmuş neftçilərin ailələrinə xaricdə yaşayan azərbaycanlılar adından başsağlığı verməkdir.

Sonra ABŞ Azərbaycanlılar Şəbəkəsinin həmtəsisçisi Bədir Məmmədli çıxış edib. O deyib ki, bu faciəli günlərdə Azərbaycan diasporu həlak olanların ailələri ilə bərabər kədər içindədir. B. Məmmədli vurğulayıb ki, azərbaycanlılar, harada yaşamalarından asılı olmayaraq vətənimizin uğurlarına həmişə sevinir, Azərbaycanla bağlı faciəli hadisələri birlikdə yad edirlər. B. Məmmədli həlak olmuş neftçilərin ailələrinə ABŞ Azərbaycanlılar Şəbəkəsi və bütün Azərbaycan icması adından başsağlığı verib.

Sonra tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqə sükutla yad ediblər.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan. - 2015.- 11 dekabr.- S.4.