BDU-da professor Yəhya Məmmədovun
85 illik yubileyi qeyd olunub
Dekabrın 10-da Bakı Dövlət
Universitetində (BDU) görkəmli
alim və ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) müxbir üzvü,
Əməkdar Elm Xadimi,
BDU-nun sabiq rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədovun 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
BDU-nun rektoru, akademik
Abel Məhərrəmov görkəmli
alimin zəngin elmi fəaliyyətindən
danışıb. Bildirilib
ki, 1971-1987-ci illərdə
BDU-nun elmi işlər
üzrə prorektoru,
1987-1989-cu illərdə isə
rektoru vəzifələrində
çalışmış Y.Məmmədovun fəaliyyət
dövrü mürəkkəb
illərə təsadüf
etsə də, o, universitetdə tənəzzülün
qarşısını almağa
çalışıb, milli
düşüncənin beşiyinə
çevrilən bu ali təhsil ocağının başında
vətənpərvər ziyalının
dayandığını ləyaqətlə
nümayiş etdirib. Alim dünyanın bir çox ölkələrində keçirilən
beynəlxalq konqres və konfranslarda Azərbaycan riyaziyyat məktəbini ləyaqətlə
təmsil edib, keçmiş SSRİ Ali Təhsil
Nazirliyinin nəzdindəki
Elmi Metodik Şuranın Riyaziyyat Bölməsi rəyasət
heyətinin üzvü
olub. Professor Y.Məmmədov
bir çox nüfuzlu beynəlxalq mükafatlara, o cümlədən,
“Akademik Vavilov” medalına, “Drujba narodov” ordeninə layiq görülüb, ABŞ-ın Minneapolis şəhərinin
“Fəxri vətəndaşı”
seçilib. Böyük xidmətlərinə görə 1980-ci ildə ona “Əməkdar elm xadimi” fəxri adı verilib, 1983-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Sonra mexanika-riyaziyyat
fakültəsinin dekanı,
professor Nizaməddin İsgəndərovun
“Görkəmli alim, ictimai xadim və
elm təşkilatçısı” mövzusunda məruzəsi
dinlənilib.
BDU-nun hesablama riyaziyyatı kafedrasının müdiri,
professor Qalina Mehdiyeva bildirib ki, 1954-cü ildə universiteti fərqlənmə
diplomu ilə bitirərək aspiranturada
elmi fəaliyyətini
davam etdirən Y.Məmmədov 1957-ci ildə
namizədlik dissertasiyası
müdafiə edib, universitetdə müəllim,
sonralar isə baş müəllim, dosent kimi çalışıb.
O, 1965-ci ildə doktorluq
dissertasiyasını müdafiə
edərək hesablama riyaziyyatı kafedrasının
müdiri seçilib və ömrünün sonunadək bu vəzifəni uğurla icra edib. Professor
Qalina Mehdiyeva hesablama riyaziyyatı kafedrasının fəaliyyətindən
də söz açıb. Bildirilib ki,
görkəmli alim Y.Məmmədovun rəhbərliyi
ilə kafedra çox böyük inkişaf yolu keçib. Bu illərdə hesablama riyaziyyatı bir elm sahəsi kimi inkişaf edib və respublikada onun məktəbi yaranıb. Hesablama riyaziyyatı kafedrası
dünyanın qabaqcıl
universitetləri ilə
sıx əlaqələr
qurub. Kafedranın əməkdaşları nüfuzlu universitetlərdə
təşkil olunmuş
beynəlxalq elmi konfranslarda məruzələrlə
çıxış edirlər.
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri Kamal Abdullayev bildirib ki, Y.Məmmədovun mənalı və şərəfli ömür
yoluna, elmi fəaliyyətinə nəzər
saldıqda, onun milli ideallara bağlı nəcib şəxsiyyət olduğu
bir daha qabarıq görünür.
Y.Məmmədov elmi axtarışları
ilə daim öyrənməyə, həqiqəti
üzə çıxarıb
isbatlamağa, əldə
etdiyi faydalı nəticələri praktik
surətdə gerçəkləşdirməyə
çalışıb. Qeyd edilib ki, görkəmli
alim, pedaqoq kimi 1987-ci ildə o, Azərbaycanın ən nüfuzlu təhsil ocağının - Azərbaycan
Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universiteti) rektoru seçilib. Beləliklə də, tədqiqatçı
alim respublikanın siyasi-ictimai həyatındakı
burulğanların, milli-azadlıq
hərəkatının, insanların
düşüncəsindəki yenilənmənin, milli intellektual-kulturoloji mühitdəki
dəyişikliklərin mərkəzinə
düşüb. Ermənilərin Azərbaycan torpaqlarını
işğal etmələrinə,
həmvətənlərimizin minillik doğma yurd-yuvalarından didərgin
salınmalarına etiraz
edən tələbələrin
önündə o zaman
rektor Yəhya Məmmədov gedirdi.
Konfrans işini
dekabrın 11-də dörd
bölmə üzrə
davam etdirəcək. İclaslarda
ümumilikdə 130 məruzə dinləniləcək,
müzakirələr aparılacaq.
AZƏRTAC
Azərbaycan. - 2015.- 11 dekabr.- S. 4.