Vətənə, xalqa həsr olunan ömür

 

Dahi şəxsiyyətlər yetirən millət həqiqətən uludur. Belələri qabiliyyəti, qətiyyəti misilsiz fəaliyyəti ilə millətinin firavan və xoş sabahı üçün möhkəm zəmin yaradırlar. Türk dünyasında xüsusi yeri olan, nadir zəka sahibi ulu öndər Heydər Əliyev belə şəxsiyyətlərdən idi.

Ümummilli liderin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycan tarixinin 34 il müddətində elə bir mərhələsi yoxdur ki, orada bu tarixi şəxsiyyətimizin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşayıb, hər zaman milli ideallara bağlı olub. Bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünüb, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilib. Hər bir fərdin maraq və mənafeyini özündə yüksək səviyyədə əks etdirən ulu öndərin siyasi kursunun davam etdirilməsi də, bu mənada, Azərbaycanda cəmiyyətin sosial sifarişinə çevrilib.

1969-cu ildən Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev qısa bir müddətdə millətinin təhsilini, elmini, mədəniyyətini, respublikanın sənayesini, kənd təsərrüfatını inkişaf etdirib. Onun gələcəyə ünvanlanan çıxışları, çıxardığı qərarlar Azərbaycanı daim şöhrətləndirib, ölkəni irəli aparıb. Ulu öndər Heydər Əliyev şəxsiyyətinə ehtiram və ümumxalq sevgisi əbədidir.

Xalqımız bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, bütün dünyada qüdrətli bir ölkə kimi təşəkkül tapması üçün Heydər Əliyevə borcludur. Onun polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Ulu öndər ölkənin gələcək inkişaf istiqamətlərindən danışarkən demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət qanunçuluğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir.” Biz bu gün fəxrlə qeyd edirik ki, müstəqil Azərbaycanın dünyada demokratik, hüquqi, dünyəvi bir dövlət kimi tanınması ümummilli liderin uğurlu siyasi kursunun davam etdirilməsinin nəticəsidir.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırılıb. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olunub. 1995-ci ildən əfv və amnistiya təsisatlarının bərpa edilməsi, həmin dövrdən etibarən imzalanan sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşın azadlığa qovuşması da insan hüquqlarının qorunmasının dövlətin siyasətində əsas yer tutduğunu nümayiş etdirir. Ümummilli lider bildirirdi ki, əgər hər hansı ölkənin xalqı öz hüquqlarını anlayar və onları qoruya bilərsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Azərbaycan dövlətinin siyasətində insan amilinə verilən yüksək qiymət beynəlxalq təşkilatların hesabatlarında da dəyərləndirilir. Ulu öndərin Azərbaycanın bütün dünya azərbaycanlılarının tarixi Vətəni olduğunu bəyan etməsi, hər hansı bir ölkəyə rəsmi səfəri zamanı orada yaşayan soydaşlarımızla görüşərək onların problemləri ilə yaxından tanış olması da qeyd edilən istiqamətdə görülən işlərin tərkib hissələrindən idi. Bütün azərbaycanlıları bir amal - azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağıran ulu öndər Heydər Əliyevin sərəncamı əsasında 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayının Bakıda keçirilməsi diaspor quruculuğu prosesində yeni mərhələnin əsasını qoymaqla yanaşı, onların vahid mərkəzdən idarə olunmalarını təmin etdi.

Ulu öndərin 1993-2003-cü illərdə gördüyü möhtəşəm işlər onun Azərbaycana rəhbərliyinin birinci dövründəki xidmətlərinin davamı kimi qiymətləndirilir. Heydər Əliyevin ikinci hakimiyyət dövrü əslində Azərbaycan dövlətçiliyini məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Qısa müddətdə hakimiyyət böhranına son qoyuldu. Ermənistanla müharibədə atəşkəs elan edildi. Ölkədə hökm sürən xaosun, anarxiyanın, özbaşınalığın, dövlət çevrilişi cəhdlərinin qarşısı birdəfəlik alındı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi və nəticədə möhkəm ictimai-siyasi sabitlik yaradıldı.

Beləliklə, Azərbaycanda demokratik dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun əsası qoyuldu. Qısa bir zaman kəsiyində iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev ölkəmizin davamlı, dinamik inkişafı istiqamətində də islahatlar həyata keçirdi. 1994-cü ilin sentyabr ayında dünyanın aparıcı, inkişaf edən ölkələrinin böyük şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olundu, bu da Azərbaycanın bugünkü və gələcək uğurlarının, iqtisadi-siyasi tərəqqisinin möhkəm təməlini qoydu. Heydər Əliyevin təşəbbüsü ilə bərpa olunan qədim İpək Yolu Qərblə Şərqi, Şimalla Cənubu həm dəmir yolu xətti, həm də avtomobil yolları ilə sıx birləşdirərək ölkələrin siyasi və iqtisadi inteqrasiyasının genişlənməsində aparıcı rola malik oldu.

Bu gün ölkəmizin vətəndaşları ilə yanaşı, bütün dünya azərbaycanlıları ulu öndərimizin nəsillərə ərməğan etdiyi sərvətdən, mənəvi irsdən bəhrələnir. İndi hər bir azərbaycanlının taleyində Heydər Əliyev həqiqəti yaşayır və həmişə yaşayacaqdır! O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyur. Heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu yenilməz şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə bizim xalqımız deyil, bütün dünya ölkələri bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutan, uzun və şərəfli yol keçən, ən yüksək vəzifələrin məsuliyyətini daşıyan insana dərin hörmət və ehtiram bəsləyir.

Heydər Əliyev Azərbaycanın qədim tarixini olduğu kimi dünyaya çatdırmaqla xalqının ululuğunu, dünyaya çox sayda görkəmli şair, yazıçı, alim və qəhrəmanlar verdiyini bəyan etməklə bütün dünya millətlərinin öz millətinə ehtiramla yanaşmalarını təmin edib.

Sənət və sənətkarın, ədəbiyyat və incəsənətin, poeziyanın qədir-qiymətini bilən ulu öndər Vətəninin görkəmli sənətkarlarını, gözəl sənət incilərini himayə edərdi. Azərbaycanın məşhur bəstəkarı Fikrət Əmirov: “Yaşlarımızın çox yaxın olmasına baxmayaraq, Heydər Əliyevi mən özümə ata bilirəm. Dünyaya gəldiyim gündən mən heç kəsdən Heydər Əliyevdən gördüyüm qədər qayğı görmədim. Yaradıcılıq səhnəsində son on-on iki ildə qazandığım bütün nailiyyətlər üçün özümü ona borclu hesab edirəm. Sən bu qızıl ulduza elə-belə baxma (F.Əmirov Sosialist Əməyi Qəhrəmanı idi), bizim işlərimizin çoxu Rusiyadan, Moskvadan keçir. Hər yerdə bu ulduza görə qapılar üzümüzə taybatay açılır. Başqa respublikaların sənətkarları bizə qibtə ilə baxırlar, bilirsən nəyə görə? Bu ulduza görə yox, rəhbərimizin Heydər Əliyev olduğuna görə” - demişdir.

Ümummilli lider məşhur şair Nizami Gəncəvinin məqbərəsinin yenidən qurulması və onun 840 illiyinin qeyd olunması məsələsini Azərbaycanın mərkəzi aparatında qərara aldı. Yubiley münasibəti ilə dahi şairin adını daşıyan küçə başdan-başa abadlaşdırıldı. Azərbaycanın hər yerində Nizaminin adı ilə bağlı memarlıq abidələri yeniləndi, şairin irsi təbliğ edildi. Gəncə, sözün əsl mənasında Nizami poeziyası ilə nəfəs aldı. O zamandan etibarən Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin poeziya günlərinin keçirilməsi bir ənənəyə çevrildi. Azərbaycanda, eləcə də şairin Vətəni qədim Gəncədə həmin günlər əsl şeir-sənət bayramı kimi qeyd olundu.

Sovet hakimiyyəti illərində “milli ideologiya” söhbəti ola bilməzdi. Lakin millət olan yerdə bu ideologiyasız yaşamaq da mümkün deyildir. “Formaca milli” və ya “milli iftixar hissi” ifadələri altında daha ayıq millətlər və millət rəhbərləri milli ideologiyanın yaşamasına, həm də təkcə yaşamasına deyil, dirçəlib inkişaf etməsinə də nail olurdular. Hər şey bunun həyata keçirilməsi üsul və formasından asılı idi, gərək bədxahların əlinə bəhanə verməyəydin ki, səni “millətçiliklə” ittiham etməyələr. Azərbaycanda milli ideologiyanın yaşaması üçün ən münasib vasitə ilk növbədə dahi Azərbaycan yazıçı, şair, bəstəkar və tarixi insanlarının tez-tez anılması idi. Dahi sənətkarların yubileyləri xalqa öz dərin mənalı tarixini yenidən yaşamaq imkanı verirdi. Azərbaycan tarixi ilə dərindən maraqlanan ulu öndər Heydər Əliyev son min ildə yetişən görkəmli yazıçı, şair, bəstəkar və tarixi insanların vasitəsi ilə xalqa zəngin keçmişə malik olduğunu dönə-dönə xatırladırdı. Azərbaycanı dünyaya tanıtmaqda, xalqın öz böyüklüyünü dərk etməsində misilsiz vasitə olan yubileylərin keçirilməsini ümummilli lider daim diqqət mərkəzində saxlayır, bu prosesdən mümkün qədər səmərəli istifadə olunması qayğısına qalır, bir çox çətin məsələlərin həllinə özü müdaxilə edirdi. Ulu öndərin bu istiqamətdəki xidmətlərini yubiley şənliklərinin birində dünyaca tanınan şair Oljas Süleymenov belə qiymətləndirirdi: “Azərbaycanda sənət və sənətkarın, ədəbiyyat və incəsənətin, poeziyanın qədir-qiymətini bilən Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev kimi partiya rəhbəri vardır. Mən Azərbaycanın iri addımlarını son illər hara gedirəmsə, harda oluramsa, daha tez-tez görür və eşidirəm. Təkrar edirəm, Azərbaycan son bir neçə ildə özünü təkcə vətənimizdə deyil, həm də xarici ölkələrdə yaxşı tanıdıb, yaxşı ad-san qazanıb.”

1970-ci illərin əvvəllərində Azərbaycanın böyük şairləri Füzuli, Nəsimi və Molla Pənah Vaqifin yubileylərinin təntənəli və dünya miqyaslı keçirilməsi üçün xarici ölkələrdən nümayəndələr dəvət olunub, tarixdə xüsusi yerləri olan bu şairlər barəsində iftixar hissi ilə geniş konfranslar keçirilib, məqbərələr qurulubdur. Hətta ulu öndər Nəsiminin yubileyinə, o zaman Qazaxıstanda keçirilən Asiya-Afrika Yazıçılar Konqresinin bütün iştirakçılarını dəvət edib, Bakıda yubiley gecəsində müxtəlif irqlərə mənsub tanınan Asiya-Afrika yazıçı və şairləri səhnəyə çıxıb, məşhur şairimizin yubileyini böyük bir hadisəyə çevirib. Xarici ölkə qonaqları tarixdə analoqu olmayan dünyaca tanınan bu şairlə və onu yetirən xalqla tanış olmalarından məmnunluq duyublar. Bu, ulu öndərin Azərbaycanı bütün dünyada daha yaxşı tanıtmaq arzusuna xidmət edirdi. Bu, azərbaycançılıq ideyasının gerçək təbliği idi. Azərbaycançılıq ulu öndərimizin şah əsəridir.

Güclü dövlət ideyasını irəli sürən ümummilli lider bir çox vəzifələrin həlli üçün geniş tədbirlər həyata keçirib. Onlardan birincisi və ən başlıcası sağlam düşüncəli, işgüzar milli kadrların hazırlanması olub. Buna görə ilk növbədə təhsil sistemində daha ciddi işlərin görülməsi üçün iclaslar keçirib, təlimatlar verib. 1970-1987-ci illər ərzində ölkədə 800-dən artıq məktəb binası tikilib istifadəyə verilib. 15 mindən artıq azərbaycanlı gənc Sovet İttifaqınınn 170-dən artıq məşhur ali təhsil ocaqlarında təhsil alıb. Beləcə, Azərbaycanın gələcəyi üçün lazım olan mütəxəssislər hazırlanıb, yeni tipli milli kadr bazası yaradılıb. Bu gün Azərbaycanın əksər sahələrində vaxtilə Vətəndən uzaqda yüksək ixtisas qazanan adamlar çalışmaqdadırlar.

Böyük rəhbərin yeritdiyi uğurlu xarici siyasət nəticəsində ölkə daxilində sabitliyin qorunması, iqtisadi islahatların aparılması, vətəndaş həmrəyliyi və milli birlik, müstəqil Azərbaycanın beynəlxalq miqyasda tanınması təmin olunub, Azərbaycan haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Bütün dünyada tanınan böyük siyasətçi, dövlət xadimi, fenomen yaddaş və təfəkkürə malik qeyri-adi nadir şəxsiyyət respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə aqrar sahənin inkişafına və təkmilləşməsinə daim fikir verib. Əldə olunan bütün zirvələr bilavasitə onun adı ilə bağlıdır. Həmin illərdə sənaye sürətlə inkişaf edib, kənd təsərrüfatının bütün sahələrində rekord nəticələr qazanılıb.

1988-1993-cü illərdə Azərbaycanın başına gətirilən müsibətlər, torpaqlarımızın işğalı, ölkədə qarşıdurmanın son həddə gətirilməsi Heydər Əliyevin 1987-ci ildə siyasi arenadan uzaqlaşmasından sonra başlayıb. Sənaye və kənd təsərrüfatı sektorları dağıdılıb, istehsalın səviyyəsi düşüb, aclıq təhlükəsi yaranmışdı. Azərbaycan dünyanın siyasi səhnəsində təklənmişdi. Ona görə də xalq torpaqlarımızın toxunulmazlığını təmin etmək, milli suverenliyə nail olmaq, müstəqil dövlət qurmaq, xoşbəxt gələcəyimiz üçün möhkəm zəmin yaratmaq kimi ülvi məqsədlər ortaya qoyan və ağır keçid dövrünün enişli-yoxuşlu yolları ilə öz millətini itkisiz aparmağa qadir olan bir rəhbər axtarışında idi. Bəli, ölkəni ölüm məngənəsindən çıxarmaq üçün güclü, dünyanın qəbul edəcəyi bir liderə ehtiyac var idi. Bu lider dünyanın siyasi tarixini yaxşı bilməli, böyük təcrübəyə və yüksək şəxsi nüfuza malik olmalı idi. Bu parametrlər yalnız bir adamda vardı. O da ulu öndər Heydər Əliyev idi. Bəli, xalqın ümid yeri o idi və xalq onu yenidən hakimiyyətə dəvət etdi.

Dahi şəxsiyyət Azərbaycana rəhbər seçildikdən sonra ölkədə diktatura rejimi yaratmağa çalışan qanunsuz silahlı dəstələrin fəaliyyətinə qısa müddətdə son verdi, vətəndaşların dinc şəraitdə və əmniyyət altında yaşamasını təmin etdi. Yalnız belə bir şəraitdə Azərbaycan üçün yeganə məqbul inkişaf yoluna keçmək və xalqın rifahını yaxşılaşdırmaq məqsədilə geniş islahatlar aparmaq mümkün idi.

Ulu öndərin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənmişik. “Azərbaycan mənim ürəyim, nəfəsimdi,” - deyən böyük öndər millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”.

Doğma dilə sevgisi və qayğısı baxımından Heydər Əliyev nadir şəxsiyyətdir. Mübaliğəsiz demək olar ki, Azərbaycan dilinin yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda dövlət dilinə, ümumi işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, get-gedə zənginləşərək, nüfuz qazanması və dünyanın ən mötəbər kürsülərindən eşidilməsi ulu öndər Heydər Əliyevin ana dilimizin inkişafına, cəmiyyətimizdə layiqli yer tutmasına yorulmadan göstərdiyi qayğı və diqqət, son dərəcə dəqiq, uzaqgörən dil siyasətinin nəticəsidir. Fəqət Heydər Əliyev təkcə ana dilinin inkişafına qayğı göstərməklə kifayətlənməyib. O, həmişə bu məsələyə peşəkarlıqla yanaşıb, öz fikir və ideyaları, böyük təşəbbüsləri ilə Azərbaycan dilinin inkişafına təkan verib. Bir sözlə, o, təkcə böyük dövlət xadimi və dahi siyasətçi kimi yox, həm də əsl dil bilicisi kimi tanınıb. Heydər Əliyevin Azərbaycan dilinin ifadə imkanlarından istifadə etməsi, natiqlik istedadı onun şifahi nitqinin mükəmməlliyi və üslub xüsusiyyətləri hətta mütəxəssisləri də heyrətləndirirdi.

Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında ulu öndər Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev durur. Hər bir azərbaycanlının Prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən Prezident İlham Əliyevlə xalqımız yeni-yeni uğurlara nail olur, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstəricilər əldə edir. Müstəqil Azərbaycanın misilsiz inkişaf dinamikası bütün dünya birliyi tərəfindən etiraf edilir. Bu da bir həqiqətdir ki, qısa tarixi dövrdə gənc müstəqil dövlətimiz elə bir yol keçib ki, bir sıra ölkələrin bu yolu keçməsi üçün uzun illər lazım gələrdi. Azərbaycanın gələcəyinin konturlarına diqqətlə nəzər salsaq, güclü, firavan, sabit inkişaf edən bir dövlət görərik. Ölkədə reallaşdırılan bütün proqramların təhlili dövlətimizin qarşısına qoyduğu məqsədlər və layihələr real əsasa, konkret icra mexanizminə və maliyyə təminatına malikdir. Bu da inkişafın Azərbaycan modelinin xüsusiyyətidir. Bu modelin bir xüsusiyyəti də həmin məqsədlərin, nəzərdə tutulan planların ardıcıl, tarazlaşdırılmış olması, onların həyata keçirilməsi yollarının düzgün təsəvvür edilməsidir.

Ümummilli liderin arzusu, amalı Azərbaycanı iqtisadi cəhətdən inkişaf edən, müstəqil, dünya birliyində tanınan, nüfuzlu dövlət kimi görmək idi. Bu gün Azərbaycanın beynəlxalq aləmdə dinamik inkişafa malik olan ölkə kimi tanınması, dövlətimizin iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihələrin həyata keçirilməsinin mümkünsüzlüyü dahi rəhbərin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlu davamının nəticəsidir.

Ümummilli lider fenomenal bir dahi idi. Onun hər hansı taleyüklü siyasi addımlar ərəfəsində tərəddüd etdiyini qəti olaraq görmək mümkün deyildi. Elə buna görə də XX yüzilliyin sonlarında Azərbaycanın xilaskarlıq missiyası məhz ona qismət oldu. Onun bütün ictimai-siyasi, mədəni-iqtisadi fəaliyyəti tarixlə müasirliyin ən incə nüanslarının uzlaşmasından yaranan elmi konsepsiya idi. Bu nəticə böyük liderin dərin elmi təfəkküründən doğurdu. Elə buna görə də o, Azərbaycanda elmin milli-mədəni kontekstdə inkişafına xüsusi diqqət yetirirdi.

Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib-tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. O, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir...

Ümummilli lider əsl ümumxalq məhəbbəti qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir.

 

Fazil QARAOĞLU,

professor

 

Azərbaycan. - 2015.- 11 dekabr.- S. 5.