Ümummilli lider Heydər
Əliyev UNEC-də anılıb
Dekabrın 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin universitetdə ucaldılan büstü önünə gül dəstələri düzüblər. Anım mərasimi UNEC-in Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC-in rektoru, professor Ədalət Muradov ulu öndərin keçdiyi mənalı həyat yoluna qısa nəzər salaraq bildirib: “Ümummilli lider Heydər Əliyev elə bir zirvəyə ucalıb ki, ona çatmaq mümkün deyil. Azərbaycanın bugünkü inkişafının təməl daşını ulu öndər hələ respublikaya rəhbərliyinin ilk dövrlərində atıb. Müstəqillik illərində ölkəni böhrandan çıxararaq dinamik iqtisadi inkişaf edən ölkələr sırasında yer almasına görə ümummilli liderə borcluyuq”.
Rektor Azərbaycan təhsilinin inkişafında dahi şəxsiyyətin rolunun əvəzsiz olduğunu xüsusi vurğulayıb. Bacarıqlı kadrların hazırlanmasında UNEC-in lider olduğunu qeyd edən rektor gələcəkdə bu ali təhsil məktəbinin məzunlarının təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış şəxsiyyət kimi formalaşacağına ümid etdiyini əlavə edib. Bildirib ki, universitetdə islahatlar ümummilli lider Heydər Əliyevin tövsiyələri və onun layiqli davamçısı Prezident İlham Əliyevin onlara verdiyi tapşırıqlar əsasında gerçəkləşdirilir.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ümummilli liderin Azərbaycanda yürütdüyü siyasətdən, reallaşdırdığı böyük layihələrdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan, ilk növbədə, parçalanmaqdan xilas oldu. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu, ölkədə azərbaycançılıq ideyası formalaşdı.
Azərbaycan tarixində xüsusi yer tutan ulu öndərin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyən A.Rəhimzadə müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etdiyini, dünya birliyində mövqelərini daha da möhkəmləndirdiyini və regionun lider dövlətinə çevrildiyini vurğulayıb.
Tədbirdə çıxış edən digər iştirakçılar müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.
Sonda ulu öndərin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Azərbaycan. -
2015.- 11 dekabr.- S. 5.