Müasir inkişafın reallıqları
və üfüqləri
Dövlət müstəqilliyimizin iyirmi beşinci ilinin böyük reallıqları Azərbaycan Respublikasının müasir inkişafının mühüm nəticələrini və geniş imkanlarını aydın surətdə təsəvvür etməyə, təhlil edib dəyərləndirməyə tam əsas verir. Müstəqil Azərbaycan dövləti qısa müddətdə inkişaf etmiş ölkələrin sırasında dayanmağa qadir olduğunu isbat etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təliminin məqsədyönlü şəkildə, ardıcıllıqla və yaradıcılıqla həyata keçirilməsi ölkəmizin çoxəsrlik inkişafında yeni tarixi epoxanın formalaşdırılması ilə nəticələnmişdir.
Heydər Əliyev epoxası - Azərbaycan tarixinin yarım əsrə yaxın davam etməkdə olan bir dövrünün yeni inkişafının böyük reallıqlarının ümumiləşmiş yekunu və gələcək uğurlarının hərəkətverici qüvvəsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqla hakimiyyətin vəhdətinə, ümumxalq etimadına əsaslanan düşünülmüş dövlət idarəçiliyi siyasəti ölkəmizin irəliyə doğru və hərtərəfli inkişafında xüsusi bir mərhələnin yaranmasını təmin etmişdir. Dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, cəmiyyət həyatının müasirləşdirilməsi, çoxcəhətli böyük inkişafın gerçəkliyə çevrilməsi, Azərbaycan regionlarının sürətli yüksəlişinə nail olunması bu mərhələnin mühüm reallıqlarını özündə əks etdirir. Prezident İlham Əliyevin Azərbaycanın ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına səfəri zamanı - 1 dekabr 2015-ci il tarixində geniş ictimaiyyət qarşısında ifadə etdiyi aşağıdakı fikirlər müstəqil dövlətimizin keçdiyi şərəfli yolun qanunauyğun nəticəsinin ümumiləşmiş ifadəsi kimi səslənir: “Azərbaycanda quruculuq və inkişaf sürətlə gedir... Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır. Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır. Bunu statistika göstərir və bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında qeyd edilir. Əminəm ki, nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq, o cümlədən Naxçıvanda quruculuq, inkişaf davam etdiriləcəkdir”.
Naxçıvan Muxtar Respublikasının müstəqillik illərindəki sürətli və hərtərəfli yüksəlişi Azərbaycan dövlətinin müasir inkişafının real təzahürlərindən, mühüm göstəricilərindən biridir. Müstəqilliyin başlanğıc illərində görkəmli dövlət xadimi Heydər Əliyevin işğaldan, böyük təhlükələrdən xilas edib, müasir inkişaf yoluna çıxardığı, gələcək inkişafının möhkəm əsaslarını yaratdığı Naxçıvan Muxtar Respublikası çətin blokada şəraitində olmasına baxmayaraq, böyük quruculuq proqramlarının əzmlə həyata keçirilməsi ilə cavab verməyin nümunəsini göstərir. Muxtar respublikada müstəqil dövlətçiliyimizin siyasi-ideoloji mövqeyinin, azərbaycançılıq ideyalarının daha da inkişaf etdirilərək möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də sistemli və ardıcıl xarakteri ilə səciyyələnir, yeni nəsillərin formalaşmasına əhəmiyyətli töhfə verir. Bütün bunlara görə Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”kı 2 dekabr 2015-ci il tarixli sərəncamında deyildiyi kimi, “...zəngin mədəniyyəti, qədim tarixi, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol oynayır”.
Dövlət başçısı İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına növbəti səfəri qədim diyarın müstəqil ölkəmiz qarşısındakı böyük hesabatının parlaq ifadəsi olmuşdur. Mühüm əhəmiyyətə malik olan bu tarixi səfər Naxçıvan Muxtar Respublikasının inkişafında davamlı ənənələrin, dayanıqlı inkişafın, irəliləyişin və müasirləşmənin yeni bir səviyyəsini nümayiş etdirir. Pezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 12 il ərzində ardıcıl olaraq muxtar respublikaya etdiyi səfərlərin məntiqli davamı sayılan 1 dekabr 2015-ci il tarixli səfəri geniş mənada ölkəmizin müasir inkişafının real məzmununu, yüksək templərini özündə əks etdirir. Rəsmi açılışı həyata keçirilmiş Naxçıvan Muxtar Respublikası xəstəxanası, Nehrəm kənd 2 saylı tam orta məktəbi, Naxçıvan şəhər 2 saylı musiqi məktəbi Azərbaycanın bu bölgəsində illərdən bəri formalaşmış sosial-maarifçi layihələrin gerçəkləşdirilməsinə üstünlük verilməsi prinsipinin uğurla davam etdirilməsinin yeni bir göstəricisidir. Qısa müddətdə Naxçıvan Muxtar Respublikasında istifadəyə verilmiş müasir tipli səhiyyə və təhsil müəssisələri keyfiyyətli inşasına və müasir texnologiyalarla təchiz edilməsinə görə nümunə sayılmağa layiqdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avadanlıqlarına görə ən yüksək standartlara cavab verən, xarici görünüşü etibarilə “memarlıq əsəri” kimi qiymətləndirdiyi 8 mərtəbəli Naxçıvan Muxtar Respublika xəstəxanasının xidmət üçün istifadəyə verilməsini regionun sosial həyatında mühüm hadisələrdən biri kimi səciyyələndirmişdir. Bu parlaq hadisənin fonunda Naxçıvan səhiyyəsinin bir əsr ərzində necə inkişaf etdiyini real şəkildə təsəvvür etmək üçün 1923-cü ildə Naxçıvan Muxtar Respublika xəstəxanasında həkim-cərrah vəzifəsində çalışmış, sonralar Azərbaycan təbabətinin rəmzi kimi qəbul edilən akademik Mustafa Topçubaşovun xatirələrindən seçdiyim aşağıdakı parçanı oxucuların diqqətinə çatdırmağı faydalı hesab edirəm: “Ordinatura müddətinin bitdiyinə görə 1922-ci ilin sonlarında Azərbaycan Xalq Səhiyyə Komissarlığı tərəfindən işləmək üçün Naxçıvana göndərildim... Naxçıvanda məni ilk səhiyyə komissarı Əlimirzə Abbasov qəbul etdi və o zaman yeganə olan xəstəxanada cərrahlığa başladım. Xəstəxana Naxçıvan xanının evində ikimərtəbəli bir binada yerləşirdi... Bu xəstəxananın tərkibində olan 25 çarpayıdan 10-u cərrahi xəstələr üçün nəzərdə tutulmuşdu. Bunlar da mənə tapşırılmışdı. Hər bir cərrahi şöbə üçün səciyyəvi olan operasiya və sarğı otağı bir otaqda yerləşdirilmişdi. Xəstəxananın birinci mərtəbəsində ambulator xəstələr qəbul olunurdu. Burada Məmmədov familiyalı yeganə həkim var idi ki, o da terapevt vəzifəsində işləyirdi. Səhiyyə komissarı Əlimirzə Abbasov eyni zamanda xəstəxananın baş həkimi və cərrahı idi. Əlimirzə Abbasov Kiyev universitetinin tibb fakültəsini bitirdikdən sonra vətəni Naxçıvana qayıtmış və burada… arasıkəsilmədən, gecə-gündüz fədakarcasına çalışıb, xalq arasında bilikli həkim və bacarıqlı təşkilatçı kimi tanınmışdı... Xəstəxana üçün lazımi dərmanları... Naxçıvan duzuna satırdılar... Bir neçə nəfərdən ibarət köməkçi heyət (tibb bacısı, sanitar və s.) hazırlanmışdısa da, rentgen kabinəsi işləmirdi, laboratoriya demək olar ki, yox idi... Təcili yardım təşkil olunmadığından bu işi xəstəxana görürdü.”
Bütövlükdə ölkəmizdə olduğu kimi, Naxçıvanda da səhiyyənin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə böyük dönüş yaranmışdı. Bununla belə, ötən dövrün və dəyişən zamanın sosial siyasətdə meydana çıxardığı müasir tələbat Naxçıvan Muxtar Respublikasında da səhiyyənin yenidən qurulması zərurətini irəli çıxarmışdır. Bu zəmində son on ildə muxtar respublikanın bütün rayonlarında ən yeni texnologiya ilə təchiz edilmiş müasir tipli xəstəxanalar tikilib istifadəyə verilmiş, regionda nümunəvi Müalicə-Diaqnostika Mərkəzi yaradılmışdır. Naxçıvan Dövlət Universitetində 2002-ci ildən fəaliyyətə başlayan tibb fakültəsi xəstəxanaların yüksək ixtisaslı həkim kadrları ilə təmin edilməsində mühüm rol oynamışdır. Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin TEMPUS proqramı çərçivəsində Avropa ali məktəbləri ilə yaratdığı əlaqələr, Türkiyə Cümhuriyyətinin xəstəxanalarında təşkil etdiyi stajirovkalar, bu ali məktəbin klinikasının təşkili və 2014-cü ildə həmin universitetin xəstəxanasının müasir texnologiyalarla təchiz edilmiş tibb ocağına çevrilməsi yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına şərait yaratmışdır. Bütün bunların nəticəsində Prezident İlham Əliyevin muxtar respublika xəstəxanasının yeni kompleksinin açılışı mərasimində bəyan etdiyi kimi, artıq Naxçıvanda müasir səhiyyə infrastrukturunun yaradılması başa çatmışdır.
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasında maarifçilik hərəkatının inkişaf etdirilməsi və müasir təhsil infrastrukturunun yaradılması istiqamətində də mühüm nailiyyətlər qazanılmışdır. Dövlət başçısının bu regiona səfərlərinin demək olar ki, hamısında elm və təhsillə əlaqədar yeni obyektlərin açılışları olmuşdur. Naxçıvan Dövlət Universitetinin elektron kitabxanasının, konservatoriyasının, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun, Şərur rayonundakı Yengicə, Şahbuz rayonundakı Arınc kənd orta məktəblərinin və başqa orta təhsil müəssisələrinin qırmızı lentini kəsən dövlət başçısının indiki səfəri zamanı 2 təhsil ocağının - Naxçıvan şəhər 2 saylı musiqi məktəbinin və Nehrəm kənd orta məktəbinin yeni binalarının açılışını həyata keçirməsi muxtar respublikada bu istiqamətdə uğurla davam etdirilən ardıcıl siyasətin daha bir nümunəsi olmuşdur. Bir az əvvəl Naxçıvan Musiqi Kollecinin yaradılmasının 40 illiyini təntənə ilə qeyd edən mədəniyyət cəbhəsi üçün klassik üslubda dördmərtəbəli müasir binanın təqdim edilməsi regionda mədəni mühitin inkişaf etdirilməsində daha bir əhəmiyyətli addımdır. Muxtar respublikanın ən iri yaşayış mərkəzlərindən biri olan Nehrəm kəndində 990 şagird yeri olan, kompüter sinifləri və laboratoriyalar, hərbi kabinet və elektron lövhələrlə təchiz edilmiş orta məktəbin istifadəyə verilməsi dövlətimizin təhsil siyasətinin ardıcıllığını nümayiş etdirən mühüm faktlardandır. Əsası 1885-ci ildə açılmış Nehrəm normal məktəbi ilə qoyulmuş, hələ XIX əsrin axırlarında 9 nəfər qızın təhsilə cəlb edilməsi ilə məktəb tarixinə qiymətli səhifələr əlavə etmiş bu kənddə iki orta məktəbdə iki min nəfərə yaxın şagirdin təhsil alması, burada ali məktəblərə qəbul olan məzunların ilbəil artması geniş mənada regiondakı maarifçi mühitin mühüm göstəricilərindəndir. Yeni tikilmiş məktəblərin, o cümlədən Nehrəm məktəbinin muxtar respublikada fəaliyyət göstərən 221 təhsil ocağını birləşdirən vahid elektron tədris şəbəkəsinə qoşulması təhsilin yeni simasını nümayiş etdirir. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası üzrə vahid elektron təhsil şəbəkəsinin təşkili və tənzimlənməsi ölkəmizin məktəb hərəkatında yeni və əhəmiyyətli hadisədir. Bundan başqa, orta məktəblərin muxtar respublikadakı muzeylərlə, Bayraq meydanı ilə davamlı olaraq canlı bağlantı qurmaq, telekörpü yaratmaq imkanına malik olması gənc nəslin elmi dünyagörüşü ilə yanaşı, vətənpərvərlik tərbiyəsinin də möhkəmləndirilməsinə uğurla xidmət edən düşünülmüş tədbirdir.
Ölkəmizin müasir sənayeləşmə hərəkatına Naxçıvan Muxtar Respublikası da öz töhfələrini verir. Naxçıvan şəhərinin ətrafında salınmış sənaye müəssisələri daxili tələbatı ödəməklə yanaşı, ixrac yönümlü məhsulları da istehsal etməsi ilə səciyyələnir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda açılışında iştirak etdiyi Naxçıvan Avtomobil Zavodu, badamlı zavodu, sement zavodu kimi iri müəssisələr artıq ölkə bazarlarında özünəməxsus mövqeyə malikdir. Hazırkı səfərdə də yerli sənaye və energetika yönümlü obyektlərin istifadəyə verilməsi ölkəmizin sənayeləşmə hərəkatında Naxçıvanın fəal surətdə iştirakını nümayiş etdirir. Ərazisi 9 kilometrlik sahəni əhatə edən yeni Naxçıvan Sənaye Kompleksi ölkə əhəmiyyətli mühüm iqtisadi hadisədir. Özündə 4 zavodu birləşdirən Naxçıvan Sənaye Kompleksi blokada şəraitində fəaliyyət göstərən muxtar respublikada tikinti və quruculuq sahəsində olan böyük tələbatı tam şəkildə ödəməyə imkan verəcəkdir. Eyni zamanda, həmişə ümumi təsəvvürdə istifadəyə yararlı olmayan səhra tipli şoran torpaq zonası kimi qəbul edilən Böyük duz çölündə Naxçıvan Sənaye Kompleksinin salınması ilə məlum təsəvvürlər dəyişdirilmiş və regionda şəhərsalmanın da imkanları genişləndirilmişdir. Naxçıvan Sənaye Kompleksini əhatə edən zavodların yerli xammalla təmin olunması inşaat sektorunda qiymətlərin də, daşımaların da rəqabətə davamlı olmasına imkan yaradır. Hazırda Naxçıvan Sənaye Kompleksinin ərazisinin ətrafında geniş yaşıllıq zonasının yaradılması sağlam ekoloji mühitin qorunub saxlanılması baxımından zamanı qabaqlayan tədbirlərdəndir. Artıq yaxın əraziləri əhatə edən və biri digərini tamamlayan Naxçıvan Şəhər Gömrükxanası, qədim duz mədənləri, Duzdağ Fizioterapiya Mərkəzi, Duzdağ hoteli, Müasir Sənaye Kompleksi və yaşıllıq zonası Naxçıvanda yeni sənaye şəhərinin formalaşdığını göstərir. Əsas konturları görünən Naxçıvan sənaye şəhəri Naxçıvan Muxtar Respublikasının xəritəsində yeni bir ünvana çevrilməkdədir. Bu, bütövlükdə yeni Azərbaycanın sənayeləşmə hərəkatının da müasir inkişaf ritmlərini özündə əks etdirir. Naxçıvan Beynəlxalq Hava Limanının aeroport quruculuğunun yeni modeli səviyyəsində təqdim olunan “Şərq terminalı”nın timsalında açılan geniş imkanlar muxtar respublikadakı müasir inkişafı tamamlayır. Yüksək keyfiyyətlə yenidən qurulan Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu Naxçıvan Muxtar Respublikasında son onillikdə salınan yeni magistral yolların böyük şəbəkəsinə qovuşaraq qədim diyarı inkişafın yeni hədəflərinə doğru aparır.
Blokada şəraitində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının həyatında müstəqillik dövrünün ən mühüm hadisəsi regionun enerji təchizatı ilə tam təmin edilməsidir. Bu istiqamətdə görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən əsası qoyulmuş, möhkəm təməlləri atılmış böyük layihələr muxtar respublikada uğurla həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə məşəlini yandırdığı Naxçıvan qazı, açılışında iştirak etdiyi Heydər Əliyev Su Anbarı, Biləv və Arpaçay su-elektrik stansiyaları, Naxçıvan Modul Elektrik Stansiyası muxtar respublikada yeni inkişafın təmin edilməsinin əsas hərəkətverici qüvvəsidir. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının enerji təchizatı ilə bağlı obyektlərin hamısının istifadəyə verilməsində şəxsən iştirak etməsi, tapşırıq və tövsiyələrini verməsi ölkə miqyasında prioritet inkişaf istiqamətlərindən biri kimi müəyyən edilmiş strateji əhəmiyyətə malik bu mühüm sektorun əsaslı şəkildə yenidən qurulmasına göstərilən dövlət qayğısı və dəstəyinin bariz nümunəsidir.
İl ərzində günəşli günlərinin sayına görə bəlkə də dünyada ən üstün imkanlara malik olan Naxçıvan diyarında Günəş Elektrik Stansiyasının yaradılması yeni tarixi epoxada sənayeləşmənin yüksək texnologiyalar əsasında inkişaf etdirilməsinə müasir yanaşmaların real təzahürüdür. Naxçıvan Günəş Elektrik Stansiyası - günəşli diyarın həm də enerji mənbəyi olduğunu nümayiş etdirir. Məsuliyyətli coğrafi məkanda yerləşən Naxçıvan Muxtar Respublikasının günəş enerjisi ilə təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qüdrətini göstərən əhəmiyyətli hadisələrdəndir. Gün ərzində fasilələrlə işıq üzü görən, həmin çətin günləri böyük ümidlə yaşayan insanlar üçün bugünkü mənzərə əfsanəyə bərabərdir. Qeyd olunan həmin gərgin vaxtlarla müqasiyədə hazırda Naxçıvanın elektrik enerjisi ixrac edən bir regiona çevrilməsi ölkəmizin müasir inkişafının mühüm göstəricilərindən biri sayılmağa layiqdir. Prezident İlham Əliyevin Naxçıvan Günəş Elektrik Stansiyasını işə salması ölkəmizdə yerli ehtiyatlar hesabına alternativ enerji sektorunun inkişafına verilmiş startın da daha bir əks-sədasıdır.
Prezident İlham Əliyevin 1 dekabr 2015-ci ildə Naxçıvan Muxtar Respublikasına səfəri regionda həyata keçirilmiş böyük layihələrin, yeniləşmələrin əhəmiyyətli nəticələrinin diqqət mərkəzinə çəkilməsinə imkan yaratmışdır. Və yeni tarixi səfər zamanı regionda baş vermiş əsaslı yeniliklər, böyük dəyişikliklər özünün dövlət səviyyəsində layiqli qiymətini almışdır. Ölkə Prezidentinin gerçəkləşdirilmiş böyük yeniləşmələrə verdiyi yüksək qiymətdə də aparılan çoxşaxəli, genişmiqyaslı və məqsədə uyğun işlərin əhəmiyyəti xüsusi olaraq nəzərə çarpdırılır: “Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvanın rəhbərliyi çox uğurla səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”.
Bütün bunlar, qazanılan böyük nailiyyətlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin real bəhrələridir. Əldə olunan mühüm nəticələr, nümayiş etdirilən müasir səviyyə yeni Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının gerçək simasıdır. Bu, müstəqil Azərbaycan dövlətinin seçdiyi sınaqlardan çıxmış Heydər Əliyev yolunun təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizə və xalqımıza daha böyük gələcəyin real təminatıdır. Müasir inkişafın aydın göstəriciləri olan böyük dəyişikliklər həm də ölkəmizin gələcək inkişafının geniş üfüqlərinə də gur işıq salır. Azərbaycan sabahının üfüqlərində xalqımızın daha xoşbəxt gələcəyi və möhkəm, qüdrətli, əbədi olan müstəqil dövlətimizin əzəmətli obrazı canlanır.
Müstəqil Azərbaycan Respublikası daha işıqlı sabahlara doğru inamla yol getməkdə davam edir.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin Elm və
təhsil komitəsinin
sədri, akademik
Azərbaycan. - 2015.- 11 dekabr.- S.8.